DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏ İRAQIN ŞİMALINDA ANTİTERROR ƏMƏLİYYATINA BAŞLAYIB

Türkiyə İraqın şimalında terrorçulara qarşı “Pençe Kilit” əməliyyatına başlayıb. “Trend” agentliyinin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu ölkənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Türkiyə Silahlı Qüvvələri Komandanlığı ilə Hərbi Hava Qüvvələri Komandanlığının Əməliyyat Mərkəzində nazir Hulusi Akar, Baş qərargah rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı ordu generalı Musa Avsever və Hərbi Dəniz Qüvvələri komandanı general Adnan Özbal əməliyyatların gedişini izləyib.

Məlumata əsasən, müdafiə naziri Hulusi Akar Hərbi Hava Qüvvələri Əməliyyat Mərkəzi ilə videokonfrans vasitəsi ilə əlaqə qurub. Nazir Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Metina, Zap və Avaşin-Basyan bölgələrində terrorçu hədəflərə qarşı qurudan və havadan “Pençe Kilit” əməliyyatına başladığını açıqlayıb.

 

UKRAYNA “BÖYÜK YEDDILIK” ÖLKƏLƏRİNDƏN 50 MİLYARD DOLLAR İSTƏYİR

Ukrayna “Böyük yeddilik” ölkələrindən 50 milyard dollar məbləğində maliyyə dəstəyi istəyib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko bəyan edib.

Müşavirin sözlərinə görə, dövlət sıfır faizlə kuponlu istiqrazların buraxılması imkanlarını da nəzərdən keçirir. Bu, növbəti 6 ay ərzində müharibə səbəbindən yaranmış büdcə kəsirinin ödənilməsinə kömək edəcək. O.Ustenko qeyd edib ki, hazırda bu variantlar fəal şəkildə müzakirə olunur.

Ukrayna mətbuatının daha öncə xəbər verdiyi kimi, baş nazir Denis Şmıqal qeyd edib ki, hazırda büdcə hərbi istiqrazların buraxılması, tərəfdaşların və beynəlxalq maliyyə təşkilatlarının dəstəyi sayəsində doldurulur.

 

KORONAVİRUSLA BAĞLI QLOBAL SAMMİT KEÇİRİLƏCƏK

Bu ilin may ayında “COVID-19”la bağlı qlobal sammit keçiriləcək. “APA”nın verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, ilk sammitə sədrlik edən ABŞ, Karib Ölkələri Birliyinə sədrlik edən Beliz, “G7”yə sədrlik edən Almaniya, “G20”yə sədrlik edən İndoneziya və Afrika Birliyinə sədrlik edən Seneqal “COVID-19”la bağlı qlobal sammitin keçirilməsi barədə razılıq əldə ediblər.

Məlumata əsasən qlobal sammit mayın 12-də virtual formatda keçiriləcək.

Ağ Evin bəyanatında deyilir: “Sammit “COVID-19” pandemiyasının ağır mərhələsinə son qoymaq və gələcək sağlamlıq təhdidlərinə hazırlaşmaq üçün kollektiv səylərimizi ikiqat artıracaq. Bu sammit ABŞ tərəfindən 22 sentyabr 2021-ci ildə çağırılan ilk Qlobal “COVID-19” Sammitindən sonra keçirilir. 12 may sammitindən əvvəl biz dünya liderlərini, vətəndaş cəmiyyəti üzvlərini, qeyri-hökumət təşkilatlarını, xeyriyyəçiləri və özəl sektoru yeni öhdəliklər götürməyə və dünyada vaksinasiyanı sürətləndirməyə, hər kəs üçün hər yerdə daha yaxşı sağlamlıq təhlükəsizliyi yaratmaq üçün həllər təqdim etməyə çağırırıq”.

 

ŞİMALİ KOREYA NÜVƏ SINAQLARINI BƏRPA EDİB

Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə sınaqlarını bərpa etdiyini açıqlayıb. “Report”un verdiyi xəbərə görə, bu barədə rəsmi “KCNA” xəbər agentliyi məlumat yayıb.

“Yeni tip taktiki idarəolunan silah qabaqcıl uzaqmənzilli artilleriya bölmələrinin atəş gücünü kəskin şəkildə yaxşılaşdırmaq və taktiki nüvə silahlarının effektivliyini artırmaq üçün böyük əhəmiyyət kəsb edir”, - deyə agentliyin açıqlamasında bildirilib.

Eyni zamanda, Cənubi Koreya ordusu KXDR-in dənizə qısa mənzilli iki raket buraxdığını təsdiqləyib.

Bununla yanaşı, “BBC” agentliyi qeyd edib ki, yeni sınaqlar KXDR-in yaxın gələcəkdə taktiki nüvə silahlarını sınaqdan keçirməyi planlaşdırdığına sübut ola bilər.

Məlumat üçün qeyd edək ki, aprelin 18-də ABŞ-Cənubi Koreya birgə hərbi təlimləri də start götürüb.

 

VLADIMIR PUTİN RUBLLA HESABLAŞMALARA KEÇİDİ SÜRƏTLƏNDİRMƏYƏ ÇAĞIRIB

“Moskva etirbarlı tərəfdaş olan ölkələrlə rubl və digər milli valyutalarda hesablaşmalara keçidi sürətləndirməlidir”. “Trend” agentliyinin məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin iqtisadi məsələlərə həsr olunmuş iclas zamanı bəyan edib.

Vladimir Putin qeyd edib ki, “dost olmayan ölkələrin” Rusiyaya qarşı tətbiq etdiyi məhdudiyyətlər yerli biznesin imkanlarına təsir edib, ixrac və idxal tədarükü logistikasını çətinləşdirib, hesablaşmaların aparılması üçün maneələr yaradıb.

“Sahibkarlarımıza bu problemlərin həllində maksimum kömək göstərmək, o cümlədən, rubl və etibarlı tərəfdaş ölkələrin milli valyutalarında ticarət hesablaşmalarına keçidi sürətləndirmək lazımdır”, - deyə Vladimir Putin vurğulayıb.

 

Aİ-NIN ALTINCI SANKSİYALAR PAKETİNDƏ NEFTLƏ BAĞLI QADAĞALAR DA OLACAQ

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı altıncı sanksiyalar paketində rəsmi Moskvadan neft almağı məhdudlaşdıran müddəalar da əks olunub. “Report” agentliyinin məlumatına görə, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.

“Avropa İttifaqı neftin növbəti sanksiyalar paketinə daxil edilməsi mexanizmlərini nəzərdən keçirir, həmçinin bank sektoru, xüsusilə “Sberbank” və Rusiyanın enerji sektoru ilə bağlı məhdudiyyətləri planlaşdırır”, -  deyə Andrey Yermak vurğulayıb.

Qeyd edilir ki, Avropa İttifaqı Rusiyadan neft alışını tədricən məhdudlaşdırmaq niyyətindədir.

 

ÇİN: ABŞ UKRAYNADA UZUNMÜDDƏTLİ MÜNAQİŞƏ AXTARIR

“ABŞ öz xeyrinə Ukraynada uzunmüddətli münaqişə axtarır”. “APA”nın verdiyi xəbərə görə, bu barədə Çinin “Global Times” qəzetindəki məqalədə dərc olunub.

Məlumata əsasən, Rusiyanın xüsusi əməliyyatı başladıqdan sonra Vaşinqtonun demək olar ki, bütün hərəkətləri hərbi əməliyyatların uzadılmasına yönəlib. Nəşr bildirib ki, bunun üçün ABŞ bütün səylərini səfərbər edib.

Bununla yanaşı, məqalədə qeyd olunur ki, Vaşinqton müharibədə silah istehsalçılarına dəstək nümayiş etdirir. Qəzet hazırda silah şirkətlərinin səhmlərinin yüksək göstəricilərə malik olduğunu diqqətə çatdırıb.

Eyni zamanda, qəzetin məlumatına görə, ABŞ Avropa və NATO-nun manipulyasiyasından geosiyasi dividendlər almaq istəyir.

 

BELARUSDAN QƏRB ÖLKƏLƏRİNƏ XƏBƏRDARLIQ

Belarus ordusu qonşu Qərb ölkələrinin mümkün təxribatına cavab verməyə hazırlaşır. “Report”un məlumatına görə, bunu Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç bəyan edib.

Dövlət katibi Minskə qarşı təcavüz olacağı təqdirdə dağıntı və partlayışların həmin ölkələrin ərazisində də olacağını diqqətə çatdırıb.

Təhlükəsizlik Şurasının dövlət katibi qonşu ölkələrdə hərbi və hərbi texnikanın və silahların sayının artdığını, hərbi infrastrukturun modernləşdirildiyini, Belarus sərhədləri yaxınlığında hərbi aviasiya uçuşlarının tez-tez həyata keçirildiyini, həmçinin böyük vəsaitlərin ayrıldığını qeyd edib.

Bununla yanaşı, Aleksandr Volfoviçin sözlərinə görə, Belarus planlı döyüş hazırlığı tədbirləri həyata keçirir.


 

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.