Çin prezidenti G20 sammitində iştirak etməyəcək
Dünya xəbərləri

Çin prezidenti G20 sammitində iştirak etməyəcək

Çin prezidenti Si Cinpin sentyabrın 9-10-da Hindistanın paytaxtı Yeni Delhidə keçiriləcək G20 liderlərinin sammitində iştirak etməyəcək.

“Respublika” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning məlumat verib. Diplomat Pekindəki gündəlik mətbuat konfransında ölkəsinin sammitdə Baş nazir Li Jiang tərəfindən təmsil olunacağını açıqlayıb.

G20-yə qlobal iqtisadi və maliyyə əməkdaşlığı üçün vacib bir forum kimi baxdıqlarını söyləyən Mao, Çin nümayəndə heyətinə bu dəfə baş nazir Li Jiangın rəhbərlik edəcəyini qeyd edərək, G20-nin Beynəlxalq iqtisadi əməkdaşlıq və qlobal inkişaf baxımından rolunu vurğulayıb.

Si Cinpin , G20 liderlərinin hər il mütəmadi olaraq keçirildiyi zirvə toplantısına 2008-ci ildən bəri iştirak etməyən ilk Çin prezidenti olacaq.

Xatırladaq ki, Cinpinin sammitdə iştirak etməyəcəyi barədə xəbərlər bundan öncə Qərb və Hindistan mətbuatında yer alıb. Sammitin təşkilində iştirak edən diplomatik mənbələrə əsaslanan hesabatlarda Çin nümayəndə heyətinin Ukraynadakı müharibədən tutmuş inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında iqtisadi yükün bölünməsinə, iqlim dəyişikliyindən sağlamlığa qədər bir sıra məsələlərdə fikir ayrılığında olduqları bildirilib.

Musa Bağırlı,

“Respublika”.