MƏRDLİK VƏ ŞÜCAƏT NÜMUNƏSİ
Region

MƏRDLİK VƏ ŞÜCAƏT NÜMUNƏSİ

Yevlax rayonunun Qaramanlı kəndində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinə inşa edilən abidənin açılışına həsr edilmiş tədbir keçirilib.

Açılış mərasimində Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax Rayon Təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsinin, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax sektorunun, Gənclər və İdman İdarəsinin, GİKM-in Yevlax nümayəndəliyinin, Yevlax Uşaq Gənclər İdman Şahmat məktəbinin məsul işçiləri, şəhid ailələri, qazilər, hərbçilər və müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri, şəhidlərin yaxınları iştirak ediblər. Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilən tədbirdə vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, abidənin önünə əklillər və gül dəstələri düzülüb.

Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı aparatının şöbə müdiri Xaliq Əliyev, 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib. Yevlaxda şəhidlərin adlarının əbədiləşdirilməsi ilə bağlı görülmüş işlər barəsində ətraflı məlumat verib. Sonra çıxış edən YAP Yevlax Rayon Təşkilatının sədri Rafiq Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsinin rəisi Samir Qurbanov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax sektorunun əməkdaşı Mirtaleh İsmayılzadə Azərbaycan ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər. Həmçinin qeyd edilib ki, Şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.

Şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Tədbirdə məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

Zabit XƏLİLOV,

“Respublika”.