İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Qadın güləşçilərimiz iki rekorda imza atıblar

İtaliyanın paytaxtı Romada keçirilən U-20 Avropa çempionatında qadın güləşi üzrə yarış başa çatıb.

Qitə birinciliyinə cəmi 6 güləşçi ilə yollanan millimizin 4 təmsilçisi fəxri kürsüyə qalxıb. Elnurə Məmmədova (55 kq) və Birgül Soltanova (62 kq) Avropa çempionu olmaqla bu növdə gənclər arasında qitə birinciliyində yeddi illik qızıl medal həsrətinə son qoyublar. Əsmər Canqurtaran (50 kq) və Mərziyə Sadıqova (72 kq) isə çempionatın bürünc medalına layiq görülüblər. 2 qızıl, 2 bürünc medal Azərbaycan qadın güləşində əyarına görə yeni rekorddur. Beləliklə güləşçilərimiz komanda hesabında da 92 xal toplayaraq rekord nəticə əldə ediblər.

Azərbaycan bu növdə komanda hesabında 5-ci yeri tutub.

Üzgüçülük üzrə seçmə yarışlar

Şağan Olimpiya İdman Kompleksində xüsusi olimpiyaçı oğlan və qızlar arasında üzgüçülük üzrə seçmə yarışlar keçirilib.

Yarış xüsusi Olimpiya proqramına uyğun olaraq 25 və 50 metr məsafələrə sərbəst və arxasıüstə üzməklə müxtəlif divizionlarda təşkil edilib. Turnirin yekununda 4 qızıl, 3 gümüş medal qazanan Qaradağ rayonu E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 saylı xüsusi internat məktəbi birinci yeri tutub. İkinci yerdə 2 qızıl medalla Mərkəzi bölmə, üçüncü yerdə isə 1 qızıl, 1 gümüş medalla Bakı şəhəri 11 saylı xüsusi təhsil məktəbi qərarlaşıblar.

Qeyd edək ki, yığma komanda ən çox medal qazanmış komandanın bazasında komplektləşdiriləcək və 2023-cü ilin iyununda Almaniyada keçiriləcək Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirak edəcək.

 

Azərbaycanlı şahmatçı liderdir

Polşada VII şahmat festivalında təmsilçimiz Günay Məmmədzadə uğurlu çıxışını davam etdirir.

Festivalın qadınlardan ibarət turnirində ölkəmizi təmsil edən beynəlxalq qrossmeyster 6 turun nəticəsinə görə 4,4 xalla turnir cədvəlinə liderlik edir.

Dairəvi sistem üzrə təşkil olunan yarışda şahmatçımızla yanaşı, Mariya Muzıçuk (Ukrayna), Antoaneta Stefanova (Bolqarıstan), Dinara Sadaukassova (Qazaxıstan), İrina Bulmaga (Rumıniya), Alina Kaşlinskaya, Karina Cyfka, Monika Soçko, Oliva Kiolbasa və Joanna Majdan (Polşa) birincilik uğrunda mübarizə aparırlar.

 

İddiaçılar turniri: Teymur Rəcəbov qələbə uğrunda mübarizəni davam etdirir

İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində 12-ci turun oyunları keçirilir.

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov növbəti turda çinli Liren Dinqi məğlub edib.

Qeyd edək ki, şahmatçımız ötən turların nəticəsinə görə 6 xal toplayıb.

Mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq.

Nərgiz İSMAYILOVA,

"Respublika".