İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Qadın şahmatçılarımızın tarixi uğuru

Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında sonuncu IX turda Azərbaycan yığması Serbiyanı məğlub edib. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Xanım Balacayeva görüşlərini qələbə ilə başa vurublar. Yekunda 3-1 hesablı qələbə qazanan Azərbaycan komandası tarixdə ilk dəfə Avropa çempionatının gümüş medalına layiq görülüb. Kişi şahmatçılardan ibarət Azərbaycan millisi isə yarışı medalsız başa vurub. Şahmat üzrə Avropa çempionatının bağlanış mərasimində qadın şahmatçılardan ibarət Azərbaycan yığmasına gümüş medal təqdim olunub. Həmçinin lövhələr üzrə ən çox xal toplayan şahmatçılar açıqlanıb. Günay Məmmədzadə, Gülnar Məmmədova və Xanım Balacayeva fərdi nəticələrə əsasən lövhələr üzrə ikinci olmaqla gümüş medala layiq görülüb.

Kikboksçumuz reytinq döyüşünün qalibi olub

Kikboks üzrə dünya kəmərinin sahibi, Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin idmançısı Şikar Bədəlov növbəti döyüşünə çıxıb. O, 81 kiloqram çəki dərəcəsində "King of Kings" reytinq döyüşündə çəkidə özündən 10 kiloqram artıq olan niderlandlı Nabil Xazri ilə qarşılaşıb. Türkiyədə keçirilən görüşdə kikboksçumuz qələbə qazanıb. Şikar Bədəlov, həmçinin, bu ilin fevralında Türkiyənin İstanbul şəhərində mərakeşli Nordin El Benmofu birinci raundun ilk dəqiqəsində məğlub edərək dünya kubokunun sahibi olmuşdu.

Boks yığmamız Avropa çempionatında rekorda imza atıb

Monteneqronun Budva şəhərində keçirilən Avropa çempionatında medal sayına görə rekorda imza atmış milli komandamızın 22 yaşadək boksçuları Vətənə dönüblər.  Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Turnirdə Nicat Hüseynov (51 kiloqram) qızıl, Əzrək Bəbirov (57 kiloqram) gümüş, Tural Sarıyev (48 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Marjona Savriyeva (50 kiloqram) bürünc medal qazanıblar. Qeyd edək ki, komanda Avropa çempionatında 5 medal qazanmaqla tarixi ilki reallaşdırıb. İndiyədək boksçular analoji yarışda 4 dəfə fəxri kürsüyə yüksəliblər. 2012-ci ildə Rusiyada, 10 il sonra Xorvatiyada milli komanda 1 qızıl, 1 gümüş və 2 bürünc medala yiyələnib. Bu dəfə 5 medal isə qitə çempionatında yeni rekorddur.

“Vüqar Həşimov Memorial – 2023”

Görkəmli şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan "Vüqar Həşimov Memorial - 2023" superturniri keçiriləcək.  Dekabrın 7-dən 11-dək davam edəcək superturnirdə 10 şahmatçı iştirak edəcək. Yarışlar rapid və blits üzrə təşkil olunacaq. Sayca 9-cu yarışa Qəbələ ilk dəfə evsahibliyi edəcək. 7-11 dekabrda keçiriləcək superturnir Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq. Qeyd edək ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib.

Nərgiz İSMAYILOVA,

"Respublika".