İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Güləşçilərimiz Qazaxıstanda 10 medal qazanıblar

Qazaxıstanın paytaxtı Astanada gənc yunan-Roma güləşçiləri arasında Jaksılık Uşkempirov turniri keçirilib. Turnirdə 10 ölkənin idmançıları iştirak ediblər. Ölkəmizi təmsil edən U-20 milli komandanın 10 üzvü fəxri kürsüyə qalxıb. Fəraim Mustafayev (67 kq), Ruslan Nurullayev (72 kq) və Davud Məmmədov (77 kq) çempion olub. İsmayıl Rzayev (82 kq) və Əli Quliyev (87 kq) gümüş, Hüseyn Savadovla (55 kq), Məhəmməd Şükürzadə (63 kq), Təvəkgül Həziyev (67 kq), Kənan Abdullazadə (77 kq) və Cocu Səmədov (87 kq) isə bürünc medal əldə edib. Ümumilikdə, komandamız turniri 3 qızıl, 2 gümüş, 5 bürünc medalla başa vurub.

İdmançılarımızın uğurlu çıxışı

Türkiyənin Antalya şəhərində yeniyetmə güləşçilər arasında "Zəfər kuboku" yarışları keçirilir. Yığma komandamızın üzvləri turnirin ikinci günündə 7 medal qazanıblar. Sərbəst güləşdə Ruslan Əlizadə (48 kq), Hüseyn Hüseynov (55 kq) qızıl, Səid Paşayev (92 kq) gümüş medal qazanıb. Yunan-Roma güləşində Əmrah Əmrahov (48 kq) gümüş, Əli Nəzərov (55 kq) bürünc, qadınların mübarizəsində Nəzrin Əhmədli (43 kq) və Esra Məmmədli (49 kq) bürünc medala sahib olublar.

Paytaxtımız Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan qadın voleybolçular arasında Avropa çempionatına ev sahibliyi edəcək. 4 qrupdan birinin yarışları ölkəmizdə keçiriləcək. Qarşılaşmalar 2017-ci ildə olduğu kimi, Milli Gimnastika Arenasında təşkil olunacaq. Serbiyanın çempion olduğu həmin yarışda Azərbaycan Avropanın ən güclü dörd komandasından biri olub. 2026-cı il yayın sonuna planlaşdırılan turnirdə ümumilikdə Avropanın 24 ən yaxşı komandası iştirak edəcək. Bu komandalardan altısı məhz Bakıda mübarizə aparacaq. Azərbaycanla yanaşı, Çexiya və İsveçin AVRO-2026-ya birgə ev sahibliyi edəcəyi artıq təsdiqlənib.

Nərgiz İSMAYILOVA,

"Respublika".