Mürəkkəb mükəmməl memarlıq
Maraqlı

Mürəkkəb mükəmməl memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"Dubai Frame" göydələni

Şərq ənənələrinin qabaqcıl memarlığı və infrastrukturu ilə ahəngdarlıq təşkil edən Dubay təkcə göydələnlərin sayı ilə deyil, həm də binaların cəsarətli və qeyri-adi üslubu ilə də insanı heyran edir. BƏƏ-nin ən böyük şəhərində ucaldılan "Dubai Frame" göydələni buranın görkəmini tamamilə dəyişən nəhəng tikilidir. 2008-ci ildə Dubay Bələdiyyəsi və Thyssen Krupp Elevators şirkətinin keçirdiyi müsabiqə zamanı memar Fernando Donisin dördbucaq konstruksiya ilə şəhərin bütün gözəlliklərini çərçivəyə salmaq ideyası ən yaxşı layihə kimi qiymətləndirilmişdir. Memarın bu fikri sadə görünsə də, nəticədə ortaya çıxan nəhəng rəsm tablosu şəhərin ən gözəl yerlərindən birinə çevrilmişdi.

"Dünyanın ən böyük rəsm çərçivəsi" adlanan "Dubai Frame" şəhərin iki fərqli mənzərəsini təqdim edir. 360 dərəcə müşahidə məntəqəsindən baxanda şimalda qədim Deyra şəhərini, Dubay Körfəzini və onun ətrafındakı bazarları, cənubda isə yeni Dubayın möhtəşəm və heyrətamiz göydələnlərini, gözqamaşdıran müasir memarlıq nümunələrini görmək olur. Hündürlüyü 150 metr, eni isə 93 metr olan qızılı çərçivənin tikintisi zamanı 3 min kvadratmetr laminant şüşə, 9900 kubmetr sement və 2000 ton poladdan istifadə edilmişdir. Üzlüyü qızılla örtülən bina yerləşdiyi əraziyə xüsusi gözəllik verir.

Layihəni həyata keçirən zaman 40 milyon ABŞ dollarından çox vəsait xərclənmişdir. Ümumilikdə, tikili 7145 kvadratmetr ərazini əhatə edir. Şəffaf şüşə döşəmədən ibarət 48 mərtəbəli binanın ən hündür hissəsinə liftlə 75 saniyəyə qalxmaq mümkündür.

Hər il minlərlə turist Dubayı seyr etmək və adrenalin yaşamaq üçün bu unikal göydələni ziyarət edir.

 

Pattayadakı "Həqiqət məbədi"

Qədim Tailand memarlığı hind, mon, kxmer, Çin təsirləri altında formalaşıb.

Əsrlər boyu inkişaf etmiş məbəd memarlığının unikal nümunələrindən olan Pattayadakı "Həqiqət məbədi" bu dörd şərq üslubunu özündə birləşdirib. Məbədin ümumi quruluşu, istifadə olunan elementlər və xüsusi taxta qoxusu ziyarətçilərdə sanki bu tikilinin çox qədim dövrlərdə inşa olunduğu təəssüratını yaradır. Lakin bu belə deyil. Əslində, "Həqiqət məbədi"nin tikintisinə 1981-ci ildə tailandlı milyarder Leka Viryaphanın vəsaiti hesabına başlanmışdır. 2000-ci ildə milyarderin vəfatından sonra bu işi onun oğlu öz öhdəsinə götürmüşdür.

Dünyanın ən hündür taxta məbədinin hündürlüyü 105 metr, eni isə 100 metrdir. Maraqlısı budur ki, tikinti zamanı yalnız birinci mərhələdə mismardan istifadə olunub. Bu texnologiya əsasında mismar ağaca tamamilə vurulmur, daha sonra çıxıntılı hissə çıxarılır və taxta probkalarla əvəz olunur. Məbədin interyeri və fasadı buddizm simvolları, heyvan və bitkilərin oyma fiqurları ilə bəzədilib. Ancaq taxta konstruksiyalar tez-tez çürüdüyündən inşaatçılar məbədin bəzi hissələrini söküb yenidən restavrasiya etmək məcburiyyətində olurlar. Bu səbəbdən də, yerli əhali məbədin tikintisinin heç vaxt bitməyəcəyini düşünür.

40 ildən çox davam edən tikinti işlərinin nə zaman yekunlaşacağı məlum deyil. Deyilənə görə, milyarderin oğlu onu 2025-ci ildə başa çatdırmağı planlaşdırır.

 

"Təyyarə" ev

Təbii ki, bütün insanların arzusu gözəl evə sahib olmaqdır. Bu gün müasir memarlıqda hər kəsin zövqünü oxşayan həm mürəkkəb, həm də həddindən artıq sadə üslubda tikilmiş binalar yerləşdiyi şəhəri, hətta kiçik əyaləti belə bütün dünyada məşhur edir. Livanın Miziara kəndində tikilən qeyri-adi "Təyyarə" ev də məhz bu tikililərdəndir. Həqiqi təyyarəyə bənzəyən bina 1975-ci ildə Miziarada yaşayan cütlük tərəfindən sifariş verilmişdi. Deyilənə görə, evin sahibi Maykl Süleyman uşaqlıqdan bəri təyyarələri çox sevirmiş və belə bir ev tikmək onun arzusu idi. Yaşa dolandan sonra müəllif sözün əsl mənasında, bu xəyalını reallığa çevirdi və beləliklə "Təyyarə" evin layihəsi gerçəkləşdi.

İkimərtəbəli binada 41 illüminator, eniş trapı, hər iki qanadında reaktor, təyyarənin quyruq hissəsində isə Məryəm ananın heykəli əks olunub. Bina Airbus-380 təyyarəsinin əsasında dizayn edilsə də, evin içərisi klassik üslubda döşənib. Qəhvəyi və süd rəngli mebellərlə təchiz olunmuş otaqlara bej rəngli divan və kreslolar, qızılı elementlərlə bəzədilmiş spiral pilləkən, qalın pərdə, büllur və keramikadan olan dekorlar xüsusi ab-hava verir. İllüminator-pəncərələrdən görünən heyrətamiz mənzərə insanlara əsl səyahət təəssüratını bəxş edir.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".