Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və  bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən  insanın Aya ilk  ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə  böyük təsir göstərib. Bəlkə də  bu hadisələrin çoxu yaşanmasaydı, dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya  təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə  ekskurs  edək...

 Ənənəmizə uyğun olaraq bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm müharibələrdən  olan "Marafon döyüşü"nü oxuculara təqdim edirik.

“Respublika".

 

Marafon döyüşü

Tarixdə elə müharibələr olub ki, bəşəriyyətin formalaşmasında böyük rol oynayaraq dünyanın düzənini dəyişdirib.

Təəssüf ki, müharibələr hər zaman ən güclü mühərrik rolunu oynamış və belə də davam etməkdədir. Bunun yaxşı və ya pis olduğunu mühakimə etmək çətindir, çünki insan itkiləri çox zaman elm, mədəniyyət, iqtisadiyyat və ya sənayedə tərəqqi ilə əvəz edilmişdir. İnsanlığın yer üzündə mövcud olduğu bütün dövrlər ərzində hamının sülh və əmin-amanlıq şəraitində yaşadığı bir neçə əsri saymaq çətindir. Hər bir döyüş bəşəriyyətin təkamülündə mühüm rol oynayaraq  tarixdə böyük izlər buraxmışdır.

 Min illərlə davam edən, sayı bilinməyən bəzi müharibələr bəşər tarixi üçün həlledici olub. Bu müharibələrin nəticələri tarixin gedişatına təsir edərək  dünyanın  gələcəyini dəyişdirib. Tarixə unudulmaz hadisə kimi yazılan hər bir müharibə özünəməxsus şəkildə vacib olmaqla müəyyən hadisələrin baş verməsinə səbəb olmuşdur. Elə  müharibələr var ki, bəlkə də başqa cür nəticələnsəydi dünya indikindən daha fərqli olardı.

Eramızdan əvvəl 490-cı ildə afinalılarla farslar arasında baş verən  Marafon döyüşü də belə müharibələr sırasındadır. Bu  müharibə qədim tariximizin daş kitabələrindən bizə gəlib  çatan amansız qırğınlardan biridir. Afina dövlətinin ordusu ilə farslar arasında yaşanmış ilk müharibədir.

Yunan ordusu ilə general Datisin komandanlığındakı Əhəməni-fars qoşunları Marafon ovalığında üz-üzə gəlmişdilər. Yunanların qəti qələbəsi ilə nəticələnmiş bu müharibə 200 mindən çox insan tələfatına səbəb olmuşdur. Döyüş fars şahı I Daranın  Yunanıstanı özünə tabe etmək cəhdlərinin ən pik nöqtəsi idi. Müharibə Afinadan təxminən 42 kilometr uzaqlıqda olan Marafon düzündə baş verdiyi üçün tarixə Marafon döyüşü kimi düşüb. Bu müharibədə farsların afinalılardan daha çox hərbi texnika və orduya malik olmasına baxmayaraq, afinalıların qalibiyyəti ilə nəticələnmişdir.

Farsların ilk hücumlarının səbəbi afinalıların İoniya üsyanına müdaxilə etməsi  idi. Afina və Eretriya fars hakimiyyətini devirməyə çalışan İoniya şəhərlərinə dəstək göndərirdilər. Afinalılar və eretriyalılar Sardis şəhərini ələ keçirərək  yandırmağa nail olsalar da, lakin sonradan onlar böyük itki ilə geri çəkilməyə məcbur olmuşdular. Bu hücuma cavab olaraq, Dara Afina və Eretriyanı yandırmağa and içmişdi. Herodotun sözlərinə görə, Dara öz yayını götürərək göyə ox atmış və belə söyləmişdi: "Zevs! Afinalılardan intiqam almağıma icazə ver!". Herodotun yazdığı digər bir məlumata görə isə sonradan Dara xidmətçilərindən birinə hər nahardan sonra bu sözləri onun qarşısında təkrar etməyi əmr etmişdir: "Ağam! Afinalıları yadına sal!".

Həmin ərəfədə Sparta və Afina Yunanıstanın iki ən böyük şəhərləri idi. Farslar e.ə. 494-cü ildə Lade döyüşündə qələbə qazanaraq İoniya üsyanını tamamilə dəf etdikdən sonra Dara Yunanıstanı zəbt etməyi planlaşdırmışdı. O, Kiklad adalarını əsarət altına almaq üçün Egey dənizi vasitəsilə Datis və Artafernin komandanlığı altında ora hərbi-dəniz qoşunu göndərmiş, daha sonra isə Afina və Eretriyaya hücum etməyi qarşısına məqsəd qoymuşdur. Egey dənizindəki uğurlu hərbi səfərindən sonra farslar yay mövsümünün ortasında Evbeya adasına çatmış və Eretriyanı ələ keçirməyə çalışmışdılar. Daha sonra isə fars qoşunu Attika tərəfə üzərək Marafon şəhərinin yaxınlığında lövbər salmışdır. Afinalıların köməyinə Plateyadan kiçik qoşun göndərilmiş və onlar Marafon düzənliyinə çataraq, buradan iki çıxışın təcrid edilməsinə nail olmuşdular. Afinalılar yardım üçün spartalılara da müraciət etmişdilər. Lakin qasid Spartaya çatanda onlar dini bayramın keçirilməsi ilə məşğul olduqları üçün köməyə gələ bilməmişlər.

Afinalılar və onların müttəfiqləri döyüş üçün dağlıq və bataqlıq yerlər seçərək farsların atlı qoşunlarına özlərinin piyada ordusu ilə  çatmağa müvəffəq olmuşdular.  Afinalıların komandanı Miltiad cinahları möhkəmləndirərək farsların ən yaxşı döyüşçülərini öz ordularına  cəlb etmişdi. Fars ordusu bundan  təşvişə düşərək öz gəmilərinə doğru qaçmış və bu zaman onlar çox sayda itki vermişdilər. Beləcə, farsların Marafon döyüşündəki məğlubiyyəti onların Yunanıstana ilk hücumlarını dayandırmış və Asiyaya çəkilməyə məcbur etmişdir. Daha sonra isə Dara bütöv Yunanıstanı fəth etmək üçün böyük qoşun toplamağa başlamış, lakin onun planlarına e.ə. 486-cı ildə Misirdə baş verən üsyan mane olmuşdu. Daranın ölümündən sonra isə onun oğlu Kserks Yunanıstana ikinci dəfə yürüş etmək üçün hazırlıqları bərpa etmiş və e.ə. 480-ci ildə hərbi əməliyyata başlamışdı. Sparta padşahı Leonid Şimali Yunanıstandan Orta Yunanıstana gedən yolu - dar Fermopil keçidini tutmuşdu. Kserks yunanlara elçi göndərib təslim olmalarını tələb etmişdi. İran elçisi: «bizim ox və mizraqımız günəşin qabağını tutacaqdır» demiş, spartalıdan isə «Nə olar, kölgədə vuruşarıq» cavabını almışdı. Yunanlar iki gün iranlıların hücumunun qarşısını alsalar da, bir xain iranlıları yunanların arxasına keçirmiş və onları təhlükə altında qoymuşdu. Leonid özündən və 300 nəfər spartalıdan başqa, hamının geri çəkilməsini əmr etmişdi. Onların hamısı Leonid başda olmaqla həlak olsalar da, yunanların əksəriyyəti mühasirədən çıxmağı bacarmışlar. Afina ordusunun sərkərdəsi Femistokl Afinanı müdafiə etməyin mümkün olmadığın görüb əli silah tutan bütün kişiləri orduya səfərbər etmişdi. Qadınlar, uşaqlar, qocalar və qullar Peloponnesə və Salamin adasına köçürülmüşdür.

Yunan donanması Attika və Salamin arasındakı boğazda dayanmışdı. Yunan hərbi gəmisinin sağ və sol tərəfində 3 sıra avar olduğundan bu gəmilərə triyera deyirdilər. Gəmilər yüngül və burnu şiş olduğu üçün dənizdə çevik hərəkət edirdi. İran gəmiləri Salamin boğazına daxil olaraq e.ə. 480-ci il sentyabrın 28-də döyüşə başlamışdılar. Afinalılar ya qələbə çalmalı, ya da məhv olmalı idilər. Üçüncü yol isə qul olmaq idi. Onların arvad-uşaqları, ata-anaları uzaqdan ümidlə vuruşmaya baxır, doğma Afinanın yanmasını ürəkağrısı ilə seyr edirdilər. Yunan gəmiləri sürətlə İran gəmiləri üzərinə hücuma keçərək onlarn nizamını pozmuş, qələbə qazanmışdılar. Beləliklə, Kserks Yunanıstanı tərk etməyə məcbur olmuşdur.

Marafon döyüşü yunanlara farslar üzərində qalibiyyətin mümkün olduğunu göstərdi. Döyüş yunanların uğurlarının başlanğıc nöqtəsi oldu. Yunanlar həmçinin dərk etdilər ki, onlar bel bağladıqları spartalılar olmadan da qələbə qazana bilərlər. 

Marafon döyüşü dünya tarixində  əsas məqamlardan biri  kimi qiymətləndirilir, çünki döyüşdən sonra növbəti iki yüz il ərzində qərbdə böyük nüfuza sahib olan klassik yunan sivilizasiyasının inkişaf mərhələsi başalamışdı.

E.ə. 478-ci ildə iki yüzdən çox yunan şəhər dövləti Afinanın başçılığı altında Afina dəniz ittifaqında birləşdi. Yunanıstanın hər bir şəhər dövləti donanma üçün Afina xəzinəsinə üzvlük haqqı verirdi. İttifaqın xəzinəsi Afinada yerləşirdi. Afina dəniz ittifaqı İran donanmasını məğlub etdi. E.ə. 449-cu ildə İran yunanlarla sülh bağladı. İran Miletin, Egey dənizində olan adaların, Kiçik Asiyadakı şəhər dövlətlərinin istiqlaliyyətini tanıdı. İran hərbi donanmasına Egey dənizində üzmək qadağan olundu. İran dövləti üzərində qələbədən sonra Yunanıstan Aralıq dənizi hövzəsində hakim dövlətə çevrildi.

Qeyd edək ki,  rəvayətə görə, qələbədən sonra Afina döyüşçülərindən biri həmyerlilərinə qələbə xəbərini çatdırmaq üçün qaça-qaça doğma şəhərinə tərəf yollanır. Bu döyüşçünün adı Fidippid idi. Fidippid Marafon şəhərindən Afinaya qədər dayanmadan qaçır və şəhərə gəlib çatan kimi: “Sevinin, afinalılar, biz qalib gəldik!” – deyərək ölür. Bununla da, o öz adını tarixə həkk edir. Afinalı döyüşçünün Marafondan Afinaya qədər qaçması 1896-cı ildə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən yeni yarış növünün – Marafon qaçışının təsis olunmasına səbəb oldu.

Marafon döyüşündəki qələbədən sonra Yunan şəhər dövlətləri uzun müddət hücuma məruz qalmadı və Yunan bölgəsində dərin bir sakitlik hökm sürdü. Elm, incəsənət və mədəniyyət sahələrindəki inkişaf sayəsində Qədim Yunan mədəniyyəti yarandı və çiçəklənməyə başladı. Marafon döyüşündə yunanlar farslara məğlub olsaydılar, çox güman ki, yunan mədəniyyəti, incəsənəti, elmi inkişaf etməz və günümüzə qədər gəlib çatmazdı. Bu səbəbdən də, yunanların Marafon döyüşündəki qələbəsi tarixin ən mühüm hadisələri sırasındadır. Tarixən sübut edilmişdir ki, Yunanıstanın qələbəsi  hadisələrin məcrasını dəyişdirərək bəşəriyyətin təkamülündə böyük rol oynamışdır.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".