DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜKİYƏ PREZİDENTİ: YENİ KONSTİTUSİYAYA EHTİYAC YARANIB

Türkiyədə son 20 ildə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına, qanunun aliliyinin möhkəmləndirilməsinə yönəlmiş mühüm islahatlar həyata keçirilib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu sentyabrın 1-də Türkiyə Ali Məhkəməsində çıxış edən prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısının sözlərinə görə, Türkiyənin hazırkı Konstitusiyası 1982-ci ildə qəbul edilib və bir sıra dəyişikliklərə baxmayaraq, artıq dövrümüzün çağırışlarına cavab vermir.

Eyni zamanda, Türkiyə lideri xatırladıb ki, hakim Ədalət və İnkişaf Partiyası ötən il ölkənin Əsas Qanununun layihəsini hazırlayıb, lakin bu təşəbbüs digər siyasi qüvvələr tərəfindən lazımi dəstək almayıb.

Rəcəb Tayyib Ərdoğan həmçinin bildirib ki, Türkiyə artıq bir sıra ölkələrdə tətbiq olunan “hüquqi müdafiə sığortası” sistemini tətbiq etməyi planlaşdırır.

 

NATO NÜVƏ MÜHARİBƏSİNİN BAŞLANMASINA SƏBƏB OLA BİLƏR

NATO qoşunlarının Ukraynada görünməsi nüvə müharibəsinin başlanmasına səbəb ola bilər. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “Foreign Affairs” nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, ABŞ və müttəfiqləri vəziyyətin gərginləşməsinin qarşısını almağa çalışsalar da, bu, Rusiya ilə alyans arasında birbaşa münaqişəyə səbəb olacaq.

NATO qoşunlarının Ukrayna yaxınlığında görünməsi isə başqa bir məsələdir. Bu cür hərəkətlər Rusiya tərəfini addımlar atmağa sövq edəcək. Bunun nəticəsində isə alyansın hərbçilərinin ölümü və ya yaralanması baş verə bilər. Bu isə nəticədə NATO-nun cavab reaksiyasına səbəb olacaq. Potensial olaraq ən pis halda nüvə münaqişəsinə gətirib çıxara biləcək gərginlik dövrü başlayacaq.

Qeyd edək ki, bir müddət öncə Rusiya prezidenti Vladimir Putin bildirib ki, rəsmi Moskva və tərəfdaşları NATO-nun şərqə doğru genişlənməsinin yolverilməzliyində israrlıdırlar.

 

QAZAXISTANDA NÖVBƏDƏNKƏNAR SEÇKİLƏR KEÇİRİLƏCƏK

Qazaxıstanda növbədənkənar prezident seçkiləri elan olunub. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ölkə prezidenti Kasım-Jomart Tokayev xalqa müraciəti zamanı bəyan edib.

Açıqlamaya əsasən, payızda keçirilməsi planlaşdırılan seçkilərdə dövlət başçısı özünün də iştirak edəcəyini bildirib.

“Məlum olduğu kimi, növbəti prezident seçkiləri 2024-cü, parlament seçkiləri 2025-ci ildə keçiriləcək. Bu ilin payızında növbədənkənar prezident seçkilərinin keçirilməsini təklif edirəm”, - deyə prezident çıxışı zamanı vurğulayıb.

Eyni zamanda, dövlət başçısı parlament seçkilərinin də 2023-cü ilin birinci yarısında keçirilməsini təklif edib. Kasım-Jomart Tokayev həmçinin prezidentin səlahiyyət müddətinin 7 ilədək artırılmasını təklif edib.

Məlumat üçün qeyd edək ki, Kasım-Jomart Tokayevin səlahiyyət müddəti 2024-cü ildə başa çatmalıydı.

 

CON KİRBİ: İRANLA NÜVƏ SAZİŞİNƏ DAHA YAXINIQ

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə direktoru Con Kirbi hazırda İranla nüvə sazişinə daha yaxın olduqlarını bildirib. “TRT” telekanalının verdiyi xəbərə görə, Con Kirbi açıqlamasında ölkəsinin xarici siyasət gündəmini dəyərləndirib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın nüvə razılaşmasına qayıtmaq üçün ABŞ-dan daha güclü öhdəliklər istəmələri barədə bəyanatına münasibətində Ağ Ev rəsmisi deyib: “Biz ötən həftələr və aylarla müqayisədə indi razılaşmaya daha yaxın olduğumuza inanırıq. Bunun əsas səbəbi İranın heç bir şəkildə razılaşma ilə bağlı olmayan bəzi tələblərindən imtina etməyə hazır olmasıdır. Ona görə də razılaşma yolunda irəliləyəcəyimiz barədə nikbinik”.

Eyni zamanda, verilən xəbərə görə, Hüseyn Əmir Abdullahiyan ABŞ-ın nüvə sazişinin canlandırılması ilə bağlı təqdim etdiyi təklifləri araşdırmaqda davam etdiklərini bildirib. “Bizə təminatlarla bağlı daha güclü mətn lazımdır. Əgər ABŞ realist davranarsa və mövcud mətni gücləndirərsə, razılıq heç də uzaq deyil”, - deyə nazir qeyd edib.

 

BAYDEN IRAQ HÖKUMƏTINƏ GƏRGİN VƏZİYYƏTLƏ BAĞLI YARDIM TƏKLİF EDİB

ABŞ prezidenti Cozef Bayden İraqın baş naziri Mustafa Əl-Kazımi ilə Bağdadda vəziyyətin gərginləşməsini müzakirə edib və ona münaqişənin gərginləşməsinin qarşısının alınmasında yardım təklif edib. “Report”un məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda qeyd olunur.

“Prezident və baş nazir küçələrdə asayişin bərpasını alqışlayıb və İraqdakı bütün qüvvələrin rəhbərlərini milli dialoqa çağırıb”, - deyə məlumatda vurğulanır.

Eyni zamanda, mətbuat xidmətindən bildirilib ki, söhbət zamanı Cozef Bayden Mustafa əl-Kazıminin rəhbərliyini və münaqişənin gərginləşməsi zamanı İraq təhlükəsizlik qüvvələrinin hərəkətlərini yüksək qiymətləndirib, həmçinin toqquşmalarda həlak olanların ailələrinə başsağlığı verib.

“Bayden dialoq və diplomatiya yolu ilə Mustafa əl-Kazıminin bölgədəki gərginliyi azaltmaq səylərinə tam dəstək verməyi təklif edib. Liderlər yaxın həftələrdə yenidən əlaqə saxlamağa razılaşıblar”, - deyə Ağ Evin açıqlamasında bildirilir.

 

UKRAYNA ORDUSUNUN ƏKS-HÜCUM ƏMƏLİYYATI AYLARLA DAVAM EDƏ BİLƏR

Müharibə Təhqiqatları İnstitutu (ISW) xəbərdarlıq edib ki, Ukrayna Silahlı Qüvvələrinin başladığı əks-hücum əməliyyatı aylarla davam edə bilər və bu, ildırım sürəti ilə həyata keçirilən əməliyyat deyil. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə analitik mərkəzin yaydığı hesabatda bildirilir.

Analitiklər qeyd edirlər ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının başlama vaxtı Xerson vilayətinin qərbində Rusiyanın hücum potensialının deqradasiyasına uyğundur.

Ekspertlər qeyd edirlər ki, Ukrayna komandanlığının əks-hücum üçün qeyri-münasib vaxt seçməsindən şübhələnmək üçün heç bir əsas yoxdur.

“Bu cür əks-hücum miqyasında hərbi əməliyyatlar bir gündə və ya bir həftədə uğur və ya uğursuzluqla nəticələnmir. Ukrayna rəsmiləri çoxdan etiraf edirdilər ki, ildırım sürətli əməliyyat keçirmək üçün lazım olacaq nəhəng mexanikləşdirilmiş qüvvə kütləsi yoxdur”, - deyə analitiklər izah ediblər.

 

“BAYRAKTAR” PUA-LARININ İXRAC EDİLDİYİ ÖLKƏLƏRİN SAYI ARTIB

Türkiyənin yerli və milli imkanları hesabına istehsal olunan “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının (PUA) ixrac edildiyi ölkələrin sayı 24-ə yüksəlib. “Report”un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu “Bayraktar TB2”ni istehsal edən “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar bildirib.

Baş direktorun sözlərinə görə, Türkiyənin müdafiə sənayesi hər il 15 faiz inkişaf edir. “Bu, çox böyük bir hadisədir. Son dörd ildə “Bayraktar TB2” dünyada ən çox ölkəyə ixrac edilən pilotsuz uçuş aparatı olub”, - deyə Haluk Bayraktar vurğulayıb.

Eyni zamanda, baş direktor bildirib ki, hazırda ildə 200 ədəd bu adda PUA istehsal edilir. O əlavə edib ki, gələn il 500 ədəd “Bayraktar TB2”, 40 ədəd isə “Bayraktar Akıncı” istehsal edilməsi planlaşdırılır.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.