DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ESTONİYADAN RUSİYAYA QARŞI GÖZLƏNİLMƏZ QƏRAR

Estoniya hökuməti ölkə ərazisində NATO bölməsinin yerləşdirilməsi üçün vəsait ayırıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Estoniya prezidenti Alar Karis açıqlama verib.

“Hökumət yeni hərbi potensialın sürətlə artırılması üçün əlavə maliyyə vəsaiti ayırıb. Məqsədimiz NATO bölməsinin yerləşdirilməsi üçün zəmin yaratmaqdır ki, bu da əməliyyatların aparılmasında Estoniya Müdafiə Qüvvələri ilə səmərəli qarşılıqlı fəaliyyətə imkan verəcək”, - deyə prezident vurğulayıb.

Eyni zamanda, dövlət başçısı əlavə edib ki, NATO Estoniyanın müdafiəsinin təməl daşı olaraq qalmaqdadır.

Alar Karisin sözlərinə görə, Estoniya üçün mümkün silahlı toqquşma zamanı NATO qüvvələrinin ölkənin təhlükəsizliyini təmin etməyə dərhal hazır olmasını təşviq etmək çox vacibdir.

Qeyd edilir ki, Estoniya hökuməti bundan əvvəl dəfələrlə NATO və ABŞ-ı Rusiya təhlükəsinə qarşı ölkəyə hərbi qüvvə göndərməyə çağırıb.

 

İRAN ŞANXAY ƏMƏKDAŞLIQ TƏŞKİLATINA TAM ÜZV OLUR

İran Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq üçün Səmərqənddə memorandum imzalayıb. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Verilən xəbərə görə, memorandum sentyabrın 15-də ŞƏT-in Səmərqəndə keçirilən zirvə toplantısı çərçivəsində İranın xarici işlər naziri Əmir Abdullahian ilə təşkilatın baş katibi Çzan Min arasında imzalanıb.

Nazir bildirib ki, İran hökuməti bütün prosedur qaydalara əməl edib və müvafiq sənədləri, eləcə də imzalanan memorandumu təsdiq olunması üçün parlamentə təqdim edəcək. Onun sözlərinə görə, İranın bu təşkilata üzv olması onun iqtisadi inkişafına təkan verəcək.

Məlumata əsasən, Şanxay Əməkdaşlıq Təşkilatı da İranın iqtisadi potensialından istifadə edərək qüdrətli beynəlxalq təşkilata çevriləcək. İran bu qurumla enerji, nəqliyyat, ticarət və tranzit sahələrində daha sıx əməkdaşlıq edəcək.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının əsası 1996-cı ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan liderləri tərəfindən Şanxay şəhərində qoyulub. Əvvəllər təşkilat “Şanxay beşliyi” adlanırdı. Lakin 2001-ci ildə Özbəkistanın da bu birliyə qoşulması onun adının dəyişərək ŞƏT adlanmasına səbəb oldu.

 

AVROPARLAMENT UKRAYNAYA MALİYYƏ YARDIMINI TƏSDIQLƏYİB

Avropa İttifaqı Parlamenti Ukraynaya 5 milyard avro maliyyə yardımının ayrılmasını dəstəkləyib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə məlumatı Avropa İttifaqının (Aİ) saytı yayıb. Bildirilir ki, sözügedən məsələyə sentyabrın 15-də Strasburqda parlamentin plenar toplantısında sürətli prosedur üzrə baxılıb. Yardımın ayrılmasının lehinə 534, əleyhinə 30 deputat səs verib. 26 deputat isə bitərəf qalıb.

Məlumat üçün qeyd edək ki, bir müddət öncə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Ukraynaya 9 milyard avro həcmində makromaliyyə paketinin ayrılması təşəbbüsü ilə çıxış etmişdi. Bu məbləğdən bir milyard avro artıq Ukraynaya təqdim olunub.

 

NATO İRAQDAKI MİSSİYASINI GENİŞLƏNDİRMƏK NIYYƏTINDƏDIR

NATO İraqdakı missiyasını genişləndirə bilər. “Report”un “Əl-Sumaria” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə alyansın İraqdakı missiyasının rəhbəri Covanni İnucci və İraqın xarici işlər naziri Fuad Hüseyn müzakirələr aparıblar.

Bildirilir ki, diplomatlar təşkilatın ölkədəki missiyasının yerinə yetirdiyi vəzifələri, o cümlədən təhlükəsizlik qüvvələrinin təlimi, hərbi sahədə dəstəyin təmin edilməsi barədə geniş müzakirələr həyata keçirilib.

Məlumat üçün qeyd edək ki, bu il iyunun sonunda NATO missiyası İraq ordusunun əsgər və zabitlərinin hazırlanmasında metodiki yardımın genişləndirilməsinə yönəlmiş memorandum imzalayıb. Bildirilir ki, sənədin təfərrüatları hələlik məlum deyil.

 

BVF RƏHBƏRI: QLOBAL IQTISADIYYAT CIDDI ŞOK YAŞAYIR

Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva Ukraynadakı müharibənin iqtisadi nəticələrinin Avropaya birbaşa təsir etdiyini bildirib. “TRT” telekanalının verdiyi xəbərə görə, bu barədə Kristalina Georgiyeva Fransa Mərkəzi Bankının sədrinin iştirakı ilə keçirilən “Michel Camdessus  2022” tədbirində çıxışı zamanı bəyan edib. Eyni zamanda, BVF rəhbəri Rusiya-Ukrayna müharibəsinin “dəhşətli” iqtisadi nəticələrinin Avropaya birbaşa təsir etdiyinə diqqət çəkib. “Bəzi Avropa ölkələrində resessiya təhlükəsi mövcuddur. Hətta bu resessiya deyilsə belə, resessiya kimi qarşıdan gələn qış fəslində hiss olunacaq. Əgər təbiət əməkdaşlıq etməmək qərarına gəlsə və qış həqiqətən sərt keçərsə, bu müəyyən sosial narahatlıqlara səbəb ola bilər”, - deyə Kristalina Georgiyeva vurğulayıb.

Hazırda qlobal iqtisadiyyatın ciddi şok yaşadığını bildirən təşkilat rəhbəri bu şoklardan birincisinin koronavirus, ikincisinin isə Rusiya-Ukrayna müharibəsi olduğunu diqqətə çatdırıb.

Bununla yanaşı, inflyasiyanın düşünüldüyündən daha inadkar olduğun bildirən Kristalina Georgiyeva inflyasiya ilə mübarizədə mərkəzi bankların daha sərt addımlar atmalarının vacibliyini qeyd edib.

 

İSPANİYANIN BAŞ NAZİRİ: BAŞIMIZA GƏLMƏYƏN TƏK MƏSƏLƏ ZOMBİ HÜCUMUDUR

İspaniya baş naziri Pedro Sançes ölkənin son vaxtlar pandemiyadan tutmuş Ukrayna müharibəsinin təsirlərinə qədər böyük problemlərlə üzləşdiyini bildirib. “Teleqraf.com”un verdiyi xəbərə görə, hökumət başçısı İspaniyanın hazırda ciddi problemlərlə mübarizə apardığını diqqətə çatdırıb.

“Başımıza gəlməyən yeganə məsələ zombi hücumudur”, - deyə baş nazir vurğulayıb.

Eyni zamanda, vəzifəyə gəldikdən sonra bir çox problemlə üzləşdiklərini, eləcə də enerji və iqtisadi böhranların ölkəni “vurduğunu” qeyd edən baş nazir seçkilərdə hökumətə dəstəyin azalmasını anladığını və bunu dəyişdirməyə çalışacaqlarını vurğulayıb.

Məlumata əsasən, İspaniyada “COVID-19” pandemiyası və Ukrayna müharibəsinin təsiri ilə inflyasiya 10 faizi keçib, yanacaq, elektrik və təbii qazın qiymətləri bahalaşıb. İspaniya Milli Statistika Xidmətinin məlumatına görə, ölkədə elektrik enerjisi qiymətləri 49, yanacaq və qaz 23,9, ərzaq məhsullarının qiymətləri isə son 12 ayda 13,5 faiz artıb.

 

QAZAXISTAN PAYTAXTININ ADI İLƏ BAĞLI YERLİ MƏCLİS QƏRAR QƏBUL EDİB

Qazaxıstanın paytaxtı Nur-Sultanın məclis deputatları şəhərin yenidən Astana adlanmasıyla bağlı təklifin lehinə səs veriblər. Bu barədə “Report” agentliyi məlumat yayıb.

Bildirilir ki, məclisin katibi Yerlan Kanalimov 2019-cu ildə paytaxtın adının dəyişdirilməsi ilə bağlı şəhər sakinlərindən üzr istəməyə hazır olduğunu vurğulayıb.

Məlumata görə, Nur-Sultanın yenidən Astana adlanması ilə bağlı 17 təklif daxil olub. Sentyabrın 14-də parlamentin onomastika komissiyasının növbəti iclasında şəhərin adının yenidən Astana adlanması ilə bağlı yekdilliklə qərar qəbul edilib.

“Jana Kazaxıstan” parlament qrupu da şəhərinn adının qaytarılması ilə bağlı sentyabrın 2-də təklif irəli sürmüşdü.

Məlumat üçün qeyd edək ki, 2019-cu ildə paytaxt Astananın adı ölkənin birinci prezidenti Nursultan Nazarbayevin şərəfinə Nur-Sultan adlandırılmışdı.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.