DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

LUKAŞENKO: QƏRB DAXİLİ İŞLƏRİMİZƏ QARIŞMAĞA DAVAM EDİR

“Qərb Belarusda hakimiyyət dəyişikliyi məqsədilə ölkəmizin daxili işlərinə qarışmağa davam edir”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko ölkə mətbuatına müsahibəsində bəyan edib.

“Bilirsiniz ki, uğursuz çevriliş cəhdi düşmənin planlarını dəyişmədi. Qərb ölkəmizin daxili işlərinə qarışmağa davam edir. Bizim üçün ən təhlükəli hal müstəqilliyin itirilməsidir”, - deyə prezident vurğulayıb.

Dövlət başçısı bildirib ki, Qərb Belarusun müdafiə və iqtisadi obyektlərində təxribatlar törədilməsini planlaşdırır.

Lukaşenkonun sözlərinə görə, Dövlət Təhlükəsizlik Xidmətinin iş səmərəliliyinin artırılmasına və kəşfiyyat potensialının yüksəldilməsinə ehtiyac var.

 

TÜRKİYƏ RUSİYADAN QIRICILAR ALA BİLƏR

Türkiyə Rusiyadan “Su-35” və “Su-57” qırıcıları ala bilər. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Dəmir bildirib.

Nazir ABŞ-dan tələb olunan qırıcıların satın alınmasının mümkün olmayacağı təqdirdə alternativlərin nəzərdən keçiriləcəyini dilə gətirib. O deyib: “Proses müsbət bir şəkildə tamamlanmasa, Türkiyə alternativsiz qalmayacaq. Lazım olarsa, “Su-35” və “Su-57” dosyesi hər zaman açıla bilər".

Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Təşkilatının direktoru Dmitri Şuqayev bu yöndə Ankara ilə danışıqlara başlaya biləcəklərini istisna etməyib. “Ankara hərbi təyyarələr almaq qərarına gələrsə, Moskva “Su-35” və “Su-57” qırıcıları ilə bağlı Türkiyə tərəfi ilə danışıqlara hazırdır”, - deyə təşkilatın direktoru vurğulayıb.

 

KXDR-IN YAPON DƏNİZİNƏ ATDIĞI NAMƏLUM MƏRMİ GƏRGİNLİYƏ SƏBƏB OLUB

KXDR oktyabrın 19-da Yapon dənizinə  naməlum mərmi atıb. “Report”un verdiyi xəbərə görə, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

Agentliyin açıqlamasında bildirilib ki, KXDR tərəfindən bir ədəd naməlum mərmi buraxılıb. Onun haqqında başqa heç bir məlumat verilmir.

Yaponiyanın Sahil Mühafizəsi öz növbəsində, KXDR-in Yapon dənizinə ballistik raket buraxdığını bildirib və raketin ərazidəki balıqçı gəmilərinə düşmə riski barədə xəbərdarlıq edib.

Bununla yanaşı, KXDR-in ehtimal edilən ballistik raket buraxması ilə əlaqədar Yaponiyada böhran qərargahı yaradılıb.

Xatırladaq ki, KXDR sentyabrda yeni raket sınaqları həyata keçirib. Ötən ayın 15-də KXDR Yaponiyanın müstəsna iqtisadi zonasına düşən Yapon dənizi istiqamətində iki ballistik raket buraxıb.

 

DÜNYADA İLK DƏFƏ ZƏRƏRLİ TULLANTILARI AZALTDIĞINA GÖRƏ ÖLKƏYƏ PUL AYRILIB

Mozambik atmosferə zərərli maddələrin tullantılarını azaltdığı üçün Meşə Karbon Əməkdaşlığı Fonundan pul alan ilk ölkə olub. Bu barədə “Report” agentliyi məlumat yayıb. Bildirilir ki, söhbət təxminən 6,4 milyon ABŞ dollarından gedir.

Ölkənin hakimiyyət orqanları bu vəsaiti tullantıların səviyyəsinin monitorinqi haqqında rəsmi hesabatı təqdim etdikdən sonra alıb. Bundan başqa, Mozambikdə 2020-ci ilin sentyabrından 2021-ci ilin mayına qədər müstəqil yoxlama keçirilib. Ölkə 2019-cu ildən başlayaraq tullantıların miqdarını 1,28 milyon ton azaltmağa nail olub.

Dünya Bankı qeyd edib ki, Mozambikə edilən ödəniş ölkənin tullantıların azaldılması üçün tədbirlərin həyata keçirilməsinə verdiyi töhfəni qiymətləndirmək üçündür. Bu, davamlı kənd təsərrüfatı təcrübələrinin tətbiqi, meşə ehtiyatlarından istifadənin monitorinqi və ya istifadə üçün yararsız torpaqların bərpasıdır.

 

SERGEY ŞOYQU İRANIN BAŞ QƏRARGAH RƏİSİ İLƏ DANIŞIQLAR APARIB

Rusiyanın müdafiə naziri Sergey Şoyqu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri ilə görüşüb. “APA”nın xəbərinə görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məhəmməd Baqirinin Moskvaya səfəri çərçivəsində baş tutan görüşdə Rusiyanın müdafiə naziri bildirib ki, iki ölkə arasında münasibətlər dinamik şəkildə inkişaf edir.

“Münasibətlərimiz dinamik inkişaf edir və çoxşaxəlidir, bunun bariz təsdiqi beynəlxalq terrorizmə qarşı birgə mübarizəmizdir. Münasibətlərimizin hazırkı inkişaf tempini qorumaq üçün səy göstərməyə davam edəcəyik”, - deyə Sergey Şoyqu bildirib.

Rusiyalı nazir Əfqanıstandakı vəziyyət və buradakı mümkün təhdidlər barədə də İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə fikir mübadiləsi aparıb.

 

KORONAVİRUSUN TƏHLÜKƏLİ MUTASİYASI BARƏDƏ XƏBƏRDARLIQ EDİLİB

Böyük Britaniyanın Kembricdəki Senger İnstitutundan Ceffri Barrett və London Universitetindən Fransis Ballou Hindistanda koronavirusun yeni və təhlükəli mutasiyasının ortaya çıxması ilə bağlı xəbərdarlıq ediblər. “Report” agentliyinin məlumatına görə, bu barədə “The Financial Times” qəzeti xəbər yayıb.

“AY.4.2” adlanan yeni ştamm dünya ölkələrində tüğyan edən digər variantlardan 10-15 faiz daha infeksion sayılır. Alimlərin sözlərinə görə, ilkin ehtimallar təsdiqlənərsə “AY.4.2” pandemiya dövründə ən yoluxucu koronavirus ştammına çevriləcək.

Hazırda dünyada ən çox yayılmış “delta” ştammı koronavirusun yeni mutasiyası ortaya çıxana qədər planetdə “üstünlüyə sahib olacaq”.

 

ABŞ ÜÇ BÖLGƏDƏ MÖVQEYİNİ GÜCLƏNDİRİR

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus olan on beş ədəd “F-15E” qırıcısı Bolqarıstanın Qraf İqnatievo hərbi bazasına gəlib. “Teleqraf.com”un verdiyi xəbərə görə, qırıcılar Kaliforniyadakı 366-cı hərbi bazadan havaya qalxıblar.

Məqsəd Bolqarıstan və ABŞ-ın birgə keçirəcəyi “Castle Forge-2021” təlimlərində iştirak etməkdir. Bundan sonra “F-15E”lər 24-29 noyabrda Yunanıstan Hava Qüvvələri ilə birlikdə keçiriləcək təlimlərdə iştirak məqsədilə Yunanıstanın Larisa şəhərinə uçacaq. Burada təlimlər başa çatdıqdan sonra təkrar Bolqarıstana qayıdacaq ABŞ qırıcıları “Castle Forge-2021” təliminin ikinci mərhələsinə başlayacaq.

Qeyd edək ki, “Caste Forge-2021” təlimləri ən böyük təlimlər hesab olunur və bu məqsədlə ABŞ Yunanıstan limanına böyük miqdarda hərbi yük gətirməyi planlaşdırır.

Hərbi analitiklərin fikrincə, bu təlimlər ABŞ və NATO-nun Qara dəniz, Şərqi Avropa və Balkanlarda mövqeyinin güclənməsinə səbəb olacaq ki, bu da rəsmi Moskvanı qıcıqlandırmaya bilməz.

 

RUSİYADA KORONAVİRUSLA ƏLAQƏDAR KÜTLƏVİ TƏTİL ELAN OLUNUR

Rusiya baş nazirinin müavini Tatyana Qolikova koronavirus pandemiyası ilə əlaqədər oktyabrın 30-dan noyabrın 7-dək ölkədə tətil günləri elan edildiyini bildirib. “Report”un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, o, işəgötürənlərə işçilərin peyvənd olunması üçün iki günlük istirahət vermələrini təklif edib.

Eyni zamanda noyabrdan sonra obyektlərə vətəndaşların yalnız QR kodla girişinə icazə verilməsi təklif olunub. Həmçinin bildirilib ki, bəzi bölgələrdə vətəndaşlar oktyabrın 23-dən tətilə göndərilə bilərlər.

Tatyana Qolikova müvafiq təşəbbüslə baş nazir Mixail Muşistinə müraciət edib və təklif dəstəklənib. Məlumata əsasən, oktyabrın 20-də prezident Vladimir Putinin məsələ ilə bağlı hökumətin iclasını keçirəcəyi gözlənilir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.