DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞANIN AÇIQLAMASI FİNLANDİYA VƏ İSVEÇDƏ TƏLAŞA SƏBƏB OLUB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Finlandiya və İsveçlə bağlı mesajları bu iki ölkədə təlaşa səbəb olub. “Teleqraf.com”un verdiyi xəbərə görə, Ərdoğan hər iki ölkəni Türkiyəyə verdikləri vədlərə əməl etməyə çağırıb. “Ölkəmizə verilən vədlər yerinə yetirilənə qədər NATO-ya üzvlük məsələsində prinsipial və qətiyyətli mövqeyimizi qoruyacağıq”, - deyə Türkiyə lideri vurğulayıb.

Prezident Ərdoğan vədlər yerinə yetirilməyəcəyi təqdirdə İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesinə veto qoyacaqlarını bəyan edib.

İsveçin “STV” dövlət televiziyası Türkiyənin tələblərinin yerinə yetirilməməsinin İsveçə baha başa gələ biləcəyini vurğulayıb: “Ərdoğan İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü dayandıra biləcəklərini bir daha xatırladıb”. Telekanal xatırladıb ki, bir ölkənin NATO-ya müraciətinin təsdiqlənməsi üçün bütün üzv dövlətlərin razılığı lazımdır. Qeyd olunub ki, Türkiyə İsveçin üzvlüyünə açıq şəkildə etiraz edən yeganə ölkədir.

 

İRANIN ALI DINI LIDERI ETIRAZ AKSIYALARINA MÜNASIBƏT BILDIRIB

İrandakı etiraz aksiyaları başlayandan, barəsində gəzən çoxsaylı söz-söhbətlərdən sonra ölkənin ali dini lideri ayətullah Seyid Əli Xamenei ilk dəfə ictimaiyyət arasında görünüb. “Report”un verdiyi xəbərə görə, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilir ki, Xamenei İran hərbi ali məktəblərinin tələbə və zabit heyəti qarşısında çıxış edib. Tədbirdə onu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hüseyn Baqeri müşayiət edib. Ali dini lider İrandakı etirazları xarici qüvvələrin təşkil etdiyini qeyd edib.

Eyni zamanda, Xameneinin sözlərinə görə, hadisələrin arxasında məhz ABŞ və onun vergiödəyiciləri durur. O həmçinin Mehsa Əmininin ölümündən kədərləndiklərini vurğulasa da, bu qətli törədənlərin cəzalandırılacağından, yaxud hadisənin araşdırılacağından bəhs etməyib.

Etiraz aksiyaları zamanı daha çox bəsiclərin və hökumət qüvvələrinin xəsarət aldığını qeyd edən İranın ali dini lideri ölkə əhalisinin dözüm və müqavimətinin güclü olduğunu söyləyib.

Xamenei əlavə edib ki, məsələ hicablı və ya hicabsız gənc qızın ölümündə deyil: “Bir çoxları hicaba tam əməl etmədən müxtəlif tədbirlərdə iştirak edirlər”.

 

FUMIO KIŞIDA: YAPONIYA RUSİYA İLƏ SÜLH MÜQAVİLƏSİ BAĞLAMAĞA HAZIRDIR

Yaponiya ərazi problemini həll etmək və Rusiya ilə sülh müqaviləsi bağlamaq kursuna  sadiqdir. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Yaponiya baş naziri Fumio Kişida ölkə parlamentində çıxışı zamanı bəyan edib.

Məlumata əsasən, oktyabrın 3-də Yaponiya parlamentinin növbədənkənar 210-cu sessiyası işinə başlayıb.

“Ukraynadakı vəziyyətə görə, Rusiya-Yaponiya münasibətləri gərgindir, lakin biz ərazi probleminin həlli və sülh müqaviləsinin bağlanması kursuna qətiyyətlə sadiqik”, - deyə Fumio Kişida vurğulayıb. Xatırladaq ki, 2022-ci ilin martında Rusiya Xarici İşlər Nazirliyi rəsmi Moskvanın Tokionun qeyri-dost addımlarına cavab olaraq Yaponiya ilə sülh müqaviləsi bağlamaqdan imtina etdiyini, Yaponiya vətəndaşlarının Kuril adalarının cənubuna vizasız gediş-gəlişini dayandırdığını açıqlamışdı.

Həmçinin Rusiya Kuril adalarının cənubunda birgə təsərrüfat fəaliyyəti üzrə dialoqdan imtina edib və Yaponiyanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında sektorlar üzrə dialoqda tərəfdaş statusunun uzadılmasına qadağa qoyub.

 

BIRLƏŞMIŞ ŞTATLARDA QASIRĞA NƏTİCƏSİNDƏ ÖLƏNLƏRİN SAYI ARTIB

ABŞ-nin şərq sahilində tüğyan etmiş “İen” qasırğası nəticəsində həlak olanların sayı 87 nəfərə çatıb. “Trend” agentliyinin məlumatına görə, ölümlərin 83-ü Florida ştatında, 4-ü Şimali Karolinada qeydə alınıb. Həmçinin minlərlə şəxsin itkin düşdüyü hesab edilir. Xilasedicilər onların böyük əksəriyyətinin sığınacaqlarda olduğunu və əlaqəyə çıxa bilmədiklərini ehtimal edir.

Verilən xəbərə əsasən, Florida ştatında 800 minə yaxın şəxs elektrik enerjisiz qalıb.

Qeyd edək ki, “İen” qasırğası ötən həftə sonu ABŞ-ın cənub-şərq sahilində ciddi fəsadlar törədib. Xatırladaq ki, daha əvvəl qasırğa nəticəsində 77 nəfərin öldüyü bildirilirdi. Dördüncü kateqoriyalı “İen” qasırğasının Florida ştatına vurduğu zərərin aradan qaldırılması üçün illər tələb olunduğu bildirilir.

 

BURKİNA-FASONUN DEVRİLMİŞ PREZİDENTİ ÖLKƏNİ TƏRK EDİB

Üsyançı hərbi qüvvələr tərəfindən sentyabrın 30-da hakimiyyətdən uzaqlaşdırılan Burkina-Faso prezidenti, polkovnik-leytenant Pol-Anri Sandaoqo Damiba bazar günü dövlət başçısı vəzifəsindən istefa verməyə razılaşıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Radio France Internationale” məlumat yayıb.

Radiostansiya bildirib ki, prezident qiyamçıların istefa tələbi ilə razılaşaraq, oktyabrın 2-də Burkina-Fasonu tərk edərək qonşu ölkə Toqoya yollanıb. Eyni zamanda, verilən xəbərə görə, Damiba ilə qiyamçılar arasında aparılan danışıqlarda iştirak edən Toqo prezidenti For Qnassinqbe Burkina-Fasonun keçmiş prezidentinin ölkəsinə gəlişinə razılıq verib.

Xatırladaq ki, sentyabrın 30-da Burkina-Fasoda dövlət çevrilişi edən hərbi qrup Damibanı ölkə prezidentliyindən uzaqlaşdırdığını bəyan edib. Kapitan İbrahim Traore özünü Burkina-Fasonun yeni lideri elan edib. Hakimiyyəti ələ keçirən hərbçilər hökumətin buraxıldığını, konstitusiyanın və istənilən siyasi fəaliyyətin dayandırıldığını açıqlayıblar.

 

LİTVA RUSİYA İLƏ SƏRHƏDİN MÜHAFİZƏSİNİ GÜCLƏNDİRİR

Litva Rusiyada elan edilmiş qismən səfərbərlikdən yayınan rusiyalılar tərəfindən sərhədin pozulması cəhdləri artacağı tədqirdə Kalininqrad vilayəti ilə dövlət sərhədinin mühafizəsini gücləndirmək üçün tədbirlər planı hazırlayıb. “Report”un məlumatına görə, bu barədə Litva Seyminin Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin rəhbəri Laurinas Kasçyunas jurnalistlərə açıqlamasında bəyan edib.

Komitə rəhbəri Kalininqrad vilayəti ilə sərhədə video sistemlər vasitəsilə nəzarət edildiyini, lakin pozuntu halları baş verərsə, sərhədin mühafizəsinə ordu və digər vasitələrin cəlb olunacağını bildirib. Qeyd edilir ki, Litva rəsmi Kiyevin sorğusuna əsasən, Ukrayna pasportu təqdim edəcəkləri təqdirdə hərbi mükəlləfiyyətli Krım tatarlarının ölkəyə buraxılmasına razılıq verib.

Məlumat üçün qeyd edək ki, Krım sakinlərinə həm Rusiya, həm də Ukrayna pasportu daşımağa icazə verilir.

 

QAZAXISTAN KRİPTOVALYUTA ƏMƏLİYYATLARINA RƏSMƏN İCAZƏ VERİB

Qazaxıstan kriptovalyutaların alqı-satqısını rəsmən leqallaşdırıb və ölkə əhalisi banklar vasitəsilə açıq şəkildə bitkoin və digər rəqəmsal aktivlərlə milli valyutada əməliyyatlar apara bilərlər. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “Forbes” nəşri məlumat yayıb.

Bildirilir ki, əməliyyatlar üçün Avrasiya Bankının xidmətlərindən istifadə olunur.

Eyni zamanda, Avrasiya Bankı 2022-ci ilin sonuna qədər Qazaxıstanda kriptovalyuta kartı buraxmağı planlaşdırdığını açıqlayıb.

Qurumun məlumatına görə, kartın köməyi ilə qazaxıstanlılar mağazalarda kriptovalyuta ilə ödəniş edə biləcəklər. Əməliyyat “Intebix” kriptovalyuta birjasındakı hesabla əlaqələndirilmiş hesabdan tenge ilə həyata keçiriləcək.

Bununla yanaşı, nəşr qeyd edib ki, Avrasiya Bankı artıq bütün sistemin fəaliyyətini təsdiqləmək üçün kriptovalyuta ilə ilk qanuni və şəffaf əməliyyatı həyata keçirib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.