Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

19 oktyabr 2020-ci il

"Ermənistan silahlı qüvvələri razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini kobudcasına pozaraq oktyabrın 18-də saat 00:02-dən sonra Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutub". Bunu Prezident İlham Əliyev "Twitter" hesabında yazıb. Dövlət başçısı həmçinin qeyd edib ki, bu çirkin əməllər nəticəsində ölən və yaralananlar var: "Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək bir neçə yaşayış məntəqəsini işğaldan azad edib". Prezident İlham Əliyev özünün "Twitter" səhifəsində Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin, Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndlərinin işğaldan tam azad edildiyini açıqlayıb.

***

Azərbaycan Ordusu tərəfindən cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 "Qrad" YARS, 1 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları və 11 ədəd avtomobil texnikası məhv edilib. Ermənistan Silahlı Qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında döyüş tapşırığı icra edən taborun komandiri şəxsi heyətlə birlikdə döyüş mövqelərini ataraq geri çəkilib. Alayın müdafiə sahəsində yerləşən 63-cü tank taborunun qərargah rəisi məhv edilib. Ermənistan silahlı qüvvələri gecə ərzində Goranboy, Tərtər və Ağdam rayonlarının ərazisini minaatanlar və toplardan atəşə tutub.

***

Humanitar atəşkəsə baxmayaraq, qəhrəman Azərbaycan Ordusu mülki insanlara hücum edən Ermənistanın cavabını cəbhədə verməkdə davam edir. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində paylaşım edilib. Nazirlik bəyan edib ki, geri alınan 13 kəndlə birlikdə Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 78-ə çatıb.

***

Saat 11:10-dan başlayaraq  Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanla dövlət sərhədində növbəti dəfə vəziyyəti gərginləşdirməyə cəhd göstərib. Müdafiə Nazirliyindən  verilən xəbərə görə,  Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonu istiqamətindən Tovuz rayonu, Vardenis rayonu istiqamətindən isə Daşkəsən rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutub.

***

Saat 12:00-dan başlayaraq   Ermənistan silahlı qüvvələrinin bölmələri  işğal olunmuş Kəlbəcər rayonu istiqamətindən Göygöl rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini 82 və 120 millimetrlik minaatanlar və iriçaplı atıcı silahlardan atəşə tutub.

***

Saat 15 radələrində düşmən tərəfin silahlı birləşmələri Ağdam rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutub.

***

Ermənistan silahlı qüvvələri hərbi əməliyyatlar aparılan ərazidən təxminən 300 kilometrdən artıq məsafədə yerləşən Xızı rayonu istiqamətində raket zərbələri endirməyə cəhd göstərərkən Azərbaycan Ordusunun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən havada zərərsizləşdirilməsi nəticəsində raketin içərisində olan partlayıcı hissəciklərin bir hissəsi Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığında strateji əhəmiyyətli Bakı-Novorossiysk neft kəmərinin Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsindən 250 metr məsəfəyə səpələnib.

***

"Əziz qardaşım, hörmətli Prezident çox müsbət və çox dəqiq açıqlamalar verib. Bu açıqlamalar Azərbaycan xalqını çox məmnun etdi, bütün dünyaya göstərdi ki, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. "Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər bu açıq mövqe göstərilməsəydi, bu gün başqa qüvvələr bu işlərə qarışa bilərdi. Onsuz da Ermənistanın məqsədi bundan ibarətdir, onlar bu münaqişənin coğrafiyasını genişləndirmək istəyirlər və çox yanlış yoldadırlar. Çünki görürlər ki, bizim qarşımızda təkbaşına duruş gətirə bilmirlər. Döyüş meydanında biz onları məğlub edirik. Hər gün cəbhədən çox gözəl xəbərlər gəlir. Bu gün səhər mən yeni kəndlərin azad edilməsi haqqında məlumat vermişəm. Azərbaycan Ordusu zəfər marşındadır və qarşımızda duran bütün vəzifələr yerinə yetirilir".

***

Saat 17 radələrində Ermənistan silahlı qüvvələri Tərtər və Ağdam rayonlarının yaşayış məntəqələrini artilleriya atəşinə tutub.

***

Azərbaycanın şəhərlərini, mülki əhalini hədəf alan ermənilərin cəbhədə cavabı verilib. Bununla bağlı video yayımlayıb. Kadrlarda dinc sakinləri hədəf alan düşməni Azərbaycan ordusunun necə cəzalandırdığı müşahidə olunub. Son qisas əməliyyatlarında Ermənistan silahlı qüvvələri böyük sayda canlı qüvvə və texnika itirib.

***

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Ermənistan tərəfi humanitar atəşkəsdən öz qoşunlarını yenidən toplamaq və işğal edilmiş əraziləri yenidən işğal etməyə çalışır. İkinci dəfə əldə olunan humanitar razılaşmadan sonra oktyabrın 18-i gecə saatlarından başlayaraq Ermənistan tərəfi Cəbrayıl, Hadrut və digər istiqamətlərdə Azərbaycan Ordusunun mövqelərinə hücum edib. Ermənistan  işğaldan azad edilən ərazilərimizi yenidən işğal etmək istəyib. Bunun üçün raketlərdən, ağır artilleriyadan və aviasiyadan istifadə edib. Lakin Azərbaycan ordusu bu cəhdlərin qarşısını alıb və düşmənin "SU-25" təyyarəsini məhv edib. Bütün cəbhəboyu Ordumuzun nəzarəti altında olub.

"Respublika".