Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

28 oktyabr 2020-ci il

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, döyüşlər cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı rayonları istiqamətlərində davam edib. Düşmənin hücum cəhdlərinin qarşısı alınıb və o itki verərək geri çəkilib. Gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd "Osa" ZRK, 3 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-30, 5 ədəd D-20 və 1 ədəd D-44 topu, 2 ədəd 2A36 "Qiasint-B" topu, 1 ədəd 120-mm minaatan, 1 ədəd "Konkurs" tank əleyhinə raket kompleksi və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

***

Saat 07:30 radələrində Ermənistan silahlı qüvvələri Tərtər rayonunun ərazisini artilleriya atəşinə tutub.

***

Saat 07:35-dən 09:00-dək Ağcabədi rayonunun ərazisi düşmən tərəfindən atəşə məruz qalıb.

***

Saat 10 radələrində Ermənistanın Berd, Çəmbərək, Vardenis və Gorus rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarının əraziləri Ermənistan ordusu tərəfindən atəşə tutulub.

***

Saat 10:15-də Ermənistan ordusu "Smerç" yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini və rayonun ərazisini atəşə tutub.

***

Saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinə yenidən "Smerç" raketlərindən zərbələr endirilib. Baş Prokurorluğun yaydığı məlumata görə, hadisə nəticəsində 21 nəfər həlak olub, 70-dən artıq şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

***

Bərdədə erməni terroru nəticəsində həlak olan və yaralanan vətəndaşlarımızın qisası alınıb. Düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib.

***

Saat 14:40-dan etibarən humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Goranboy və Tərtər rayonlarının ərazisini atəşə tutub.

***

Saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən Tərtər rayonunun ərazisini atəşə tutub.

***

Müdafiə Nazirliyi Qubadlı istiqamətində gedən döyüşlər zamanı düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursatların videogörüntüsünü yayıb.

***

Saat 16 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun ərazisini BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemlərdən və toplardan atəşə tutub.

***

Prezident İlham Əliyev özünün "Twitter" səhifəsində Zəngilanın, Füzulinin, Cəbrayılın, Qubadlının kəndlərinin işğaldan tam azad edildiyini açıqlayıb.

***

"ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ problemini həll etmək iqtidarında deyil". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Bildirib ki, Minsk qrupunun həmsədrləri - Rusiya, ABŞ və Fransa münaqişəni həll etmək iqtidarında deyil, ya da bunu etmək istəmir: "30 il ərzində onlar sadəcə yığışıblar, görüşüblər və dağılışıblar. Qarabağ münaqişəsi üçün konkret qərar vermək vaxtı çatıb, bu münaqişə birmənalı şəkildə başa çatmalıdır".

"Respublika".