Bölgə xəbərləri
Region

Bölgə xəbərləri

Ağdam

Qarabağ iqtisadi rayonuna daxil olan Ağdamda  pambıq yığımı davam edir. Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki,  cari ildə fermerlərlə müqavilə əsasında 2421, 3 hektar sahədə pambıq becərilib.  “MKT İstehsalat Kommersiya” MMC, “Azərpambıq” MMC, “P-Agro” MMC  ağdamlı fermerləri kifayət qədər mineral gübrələrlə, lazımi avadanlıqlarla,  kənd təsərrüfatı texnikalar ilə təmin edib. Becərmə dövründə pambıq sahələrinə lazımi aqrotexniki qulluq göstərilib,  mineral gübrələr verilib,  vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib və nəticədə tarlalarda bol məhsul yetişib.

 

Məhsulu itkisiz və tez bir zamanda yığmaq üçün pambığın yarpaqlarının kimyəvi yolla tökdürülməsi (defolyasiya) həyata keçirilib.  Pambıq yığımına kifayət qədər kombayn,  traktor və qoşqu cəlb edilib.  Hər gün tarlalardan 200 tonadək məhsul toplanır. Rayon üzrə bu günədək 4289, 59 ton məhsul yığılaraq tədarük məntəqələrinə təhvil verilib.  Ağdamlı “ağ qızıl” ustaları təsərrüfat ilini uğurla başa vurmaq üçün əzmlə çalışırlar. Qeyd edək ki,  2021-ci ildə Ağdam rayonunda 2236, 9 hektar sahədə pambıq becərilib.  Tarlalardan 6295, 84 ton “ağ qızıl” toplanıb.  Hər hektarın məhsuldarlığı 28, 14 sentner olub.

 

 Ağcabədi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Ekoloji İnformasiya İctimai Birliyi tərəfindən həyata keçirilən “Qarabağ iqtisadi rayonunun fermerləri arasında ekoloji təmiz məhsul istehsalının təşviqi” layihəsinə  uyğun olaraq Ağcabədidə 25 fermer üçün seminar təşkil edilib. Seminarda bildirilib ki,  dünyada daha çox kənd təsərrüfatı məhsulları istehsal etmək üçün kimyəvi tərkibli gübrələrdən və bitkiləri zərərverici həşəratlardan qorumaq məqsədilə pestisidlərdən,  eləcə də herbisitlərdən istifadə olunur.  Bu da öz növbəsində insan sağlamlığına mənfi təsir göstərir.  Nəticədə xəstəliklərin sayı çoxalır,  xəstəliklər cavanlaşır.  Belə bir şəraitdə ekoloji məhsul istehsalının təşviqinə ehtiyac böyükdür.

Diqqətə çatdırılıb ki,  fermerlər məhsul istehsal edərkən sağlamlıq amilini nəzərə almalı, istehlakçılar üçün keyfiyyətli məhsulların yetişdirilməsinə önəm verməlidirlər. Bunun üçün də ekoloji təmiz kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ən aktual məsələlərdən biridir. Layihənin eksperti ekoloq,  aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev ekoloji təmiz məhsul anlayışına aydınlıq gətirib.  Dünyada ekoloji təmiz məhsul istehsalına bir çox ölkələrin üstünlük verdiyini deyib.  Bildirib ki,  kimyəvi tərkibli maddələrdən istifadə insan sağlamlığına zərər vurmaqla yanaşı,  torpağın da mikroorqanizmlərini məhv edir və məhsuldarlığı tədricən azaldır.  Ətraf mühitin təbii ehtiyatlarından istifadə etməklə həm torpağın mineral ehtiyatlarını artırmaq, həm də sağlamlığı möhkəmləndirən məhsulların yetişdirilməsinə nail olmaq mümkündür.

                                                   Salman ALIOĞLU,

                                                      “Respublika”.