VƏTƏN MƏRD OĞULLARI İLƏ FƏXR EDİR
Region

VƏTƏN MƏRD OĞULLARI İLƏ FƏXR EDİR

Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Kəlbəcər rayonunda da daim ehtiramla anılır. Rayon rəhbərliyi ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin ailələrini mütəmadi olaraq evlərində ziyarət edir, onlara mənəvi dəstək olur.

Bu günlərdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər Rayon Şöbəsinin rəisi Nazim Çələbiyev, Kəlbəcər Rayon Polis Şöbəsinin şəxsi heyət üzrə köməkçisi, polis mayoru Əyyub Hüseynov, RİH-in məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri və şəhidin doğmalarının iştirakı ilə şəhid Şəfiyev Daşqın Hidayət oğlunun ad günündə məzarını ziyarət ediblər. Şəhidin məzarı üstünə tər gül dəstələri qoyularaq, ruhuna dualar oxunub. Daşqın Şəfiyev 27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatlarına könüllü olaraq qatılıb. 5 noyabr 2020-ci il tarixdə Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 6 noyabr 2020-ci il tarixdə Samux rayon Seyidlər kəndində dəfn edilib. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən 3-cü dərəcəli "Vətənə Xidmətə görə" Ordeni, "Vətən uğrunda" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından ətraflı söz açıb, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev banisi və qurucusu olduğu müasir, müstəqil Azərbaycan dövlətinin ərazi bütövlüyünün təmin olunacağına, torpaqlarımızın işğaldan azad ediləcəyinə, ölkəmizin dünyanın ən inkişaf etmiş, qüdrətli dövlətlərindən birinə çevriləcəyinə öz varlığı qədər inanırdı və həmişə xalqımızı bu yolda səfərbər olmağa çağırırdı. Ümummilli liderin bu uzaqgörən, müdrik fikirləri onun layiqli davamçısı cənab İlham Əliyevin məqsədyönlü, inamlı, səfərbəredici fəaliyyəti nəticəsində həyata keçdi, torpaqlarımız işğaldan azad edildi, Azərbaycanın ərazi bütövlüyü təmin olundu və müqəddəs üçrəngli bayrağımız bu gün Vətən torpağının hər yerində dalğalanmaqdadır.

Zabit XƏLİLOV,

"Respublika".