DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏDƏ YEDDI GÜNLÜK MATƏM ELAN EDİLİB

Türkiyədə baş verən güclü zəlzələ ilə əlaqədar 7 günlük ümummilli matəm elan edilib. “Report”un xəbərinə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“2023-cü il fevralın 6-da ölkəmizdə baş vermiş zəlzələlərlə əlaqədar 7 günlük ümummilli matəm elan edilib. Bayrağımız 12 fevral 2023-cü il bazar günü, bütün ölkəmizdə və xarici nümayəndəliklərdə gün batana qədər yarıya qədər endiriləcək”, - deyə Türkiyə prezidenti qeyd edib.

Xatırladaq ki, bazar ertəsi Türkiyədə baş verən güclü zəlzələ nəticəsində gün ərzində ölənlərin sayı 2316-ya çatıb, yaralıların sayı isə 13 min nəfəri keçib. Təbii fəlakət nəticəsində 6217 bina dağılıb. Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib.

Məlumata əsasən, Türkiyə təbii

fəlakətlə bağlı NATO və Avropa İttifaqı da daxil olmaqla 45 ölkədən yardım təklifləri alıb.

Eyni zamanda, Türkiyənin təhsil naziri Mahmut Özer bildirib ki, zəlzələ səbəbindən ölkə üzrə bütün məktəblərdə dərslər bir həftə müddətinə dayandırılıb.

Qeyd edək ki, ocağı Türkiyədə qeydə alınan şiddətli zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb. Son məlumata görə, zəlzələ nəticəsində 1060 nəfər həlak olub, 2400-dən insan yaralanıb.

 

ÇİN ABŞ-A HAVA ŞARININ VURULMASINA GÖRƏ KƏSKIN ETİRAZINI BILDIRIB

“Rəsmi Pekin ABŞ-ın Çin Xalq Respubikasına məxsus hava şarına hücumuna etiraz edir və cavab vermək hüququnu özündə saxlayır”. “Report”un xəbərinə görə, bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Çin ABŞ-ın mülki pilotsuz hava şarına hücum üçün güc tətbiq etməsinə qarşı kəskin narazılığını və etirazını bildirir. Çin yoxlamadan sonra dəfələrlə Amerika tərəfinə hava şarının mülki istifadə üçün nəzərdə tutulduğunu və tamamilə təsadüfi olan fors-major vəziyyətə görə Birləşmiş Ştatların hava məkanına daxil olması barədə məlumat verib”, - deyə nazirliyin açıqlamasında bildirilir.

Bununla yanaşı, rəsmi Pekin ABŞ-ı bu məsələ ilə “sakit, peşəkar və təmkinlə” məşğul olmağa çağırıb. Çin Xarici İşlər Nazirliyində qeyd edilib ki, hava şarı yerdəki insanlar üçün hərbi və fiziki təhlükə yaratmayıb.

Xatırladaq ki, ABŞ öz hava məkanında fevralın 4-də Çinin hava şarını vurub. Hadisənin digər təfərrüatları hələ açıqlanmayıb. Lakin bununla bağlı əmrin prezident Cozef Bayden tərəfindən verildiyi məlumdur.

 

MİRHÜSEYN MUSƏVİ: İRAN KÖKLÜ ŞƏKİLDƏ DƏYİŞMƏLİDİR

İranın keçmiş və son baş naziri Mirhüseyn Musəvi ölkədə davam edən kütləvi nümayişlərdən sonra mövcud rejimi köklü dəyişikliklərə çağırıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, siyasətçi İran və iranlıların əsaslı dəyişikliklərə ehtiyac duyduqlarını və hamının buna hazır olduğunu bildirib.

Keçmiş baş nazirin sözlərinə görə, 22 yaşlı Məhsa Əmininin “əxlaq polisi” tərəfindən qətlə yetirilməsindən sonra başlayan kütləvi etirazların kökündə bir-biri ilə əlaqəli problemlər dayanır. O, bura iqtisadi, ekoloji, sosial, qanuni, mədəni və media məsələlərinin aid olduğunu bildirib.

Eyni zamanda, Mirhüseyn Musəvi İran hökumətinin fundamental strukturunun olmadığını qeyd edərək, yeni konstitusiya ilə bağlı azad və ədalətli referendumun keçirilməsini təklif edib.

“1979-cu ildə - İslam inqilabı zamanında olduğu kimi, xalqın İranda azadlıq, ədalət, demokratiya və inkişaf yolunun təməlini qoymaq üçün əsaslı dəyişikliklər etmək hüququ var”, - deyə Mirhüseyn Musəvi əlavə edib.

 

ÇİNDƏ İKİ AYDA “COVID-19” VIRUSUNDAN ÖLƏNLƏRİN SAYI 82 MİN NƏFƏRİ KEÇİB

Çində 2022-ci il dekabrın 8-dən koronavirus əleyhinə məhdudiyyətlərin yumşaldılmasından sonra xəstəxanalarda “COVID-19”dan 80 mindən çox insan dünyasını dəyişib. “Report” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin məlumatında bildirilir.

Qeyd olunur ki, 2023-cü il yanvarın 15-dən Çinin Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi “COVID-19”a yoluxanlar haqqında həftəlik məlumat dərc edir, lakin bu, koronavirus pandemiyasının bütün dövrünü deyil, yalnız 8 dekabr 2022-ci il tarixindən olan müddəti əks etdirir.

Mərkəzin məlumatına görə, ötən il dekabrın 8-dən bu il fevralın 2-dək Çində 82238 nəfər vəfat edib. Xəstələrin ölümünün koronavirusun səbəb olduğu tənəffüs çatışmazlığı və ya digər xəstəliklərin kəskinləşməsi səbəbindən baş verdiyi aydınlaşdırılır.

 

TÜRKİYƏ DÜNYANIN ZƏLZƏLƏYƏ ƏN ÇOX MEYİLLİ ƏRAZİLƏRİNDƏN BİRİDİR

Bir neçə tektonik qırılma xətlərinin yaxınlığında yerləşən Türkiyə dünyanın ən aktiv zəlzələ zonalarından biri sayılır. Bu barədə “BBC” agentliyi məlumat yayıb.

Ölkənin çox hissəsi Anadolu tektonik ərazisində yerləşir. Bu ərazi isə Avrasiya, Afrika və Ərəb tektonik lövhələrinin arasında yer tutur. Ekspertlərin fikrincə, bölgənin ən böyük - Avrasiya və Afrika lövhələri yer dəyişdirdikcə, Türkiyənin ərazisi də sıxılır. Bu isə zəlzələ və təkanların tez-tez baş verməsinə gətirib çıxarır.

Qeyd edilir ki, ən çox insan tələfatı ilə nəticələnən sonuncu güclü zəlzələ 1999-cu ildə İzmitdə 7,6 bal gücündə olmuşdu. Həmin təbii fəlakət nəticəsində 18 mindən çox insan dünyasını dəyişmişdi.

Agentliyin məlumatına görə, bazar ertəsi şiddətli zəlzələnin baş verdiyi qeyri-sabit region Şərqi Anadolu tektonik zonası adlanır. Bu qırılma xətti Türkiyənin şimal-qərb və cənub-şərq sərhədləri boyu uzanır. Burada 100 ildən çox müddətdə hər hansı ciddi tektonik fəallıq qeydə alınmasa da, keçmişdə baş verən dağıdıcı zəlzələləri əsas gətirən seysmoloqlar ərazinin çox təhlükəli olduğu qənaətindədirlər.

 

COZEP BORRELL: İRANLA NÜVƏ SAZİŞİ ÜZRƏ RAZILIĞA GƏLMƏK ÇƏTİNDİR

İranın hazırkı mövqeyi onunla nüvə proqramı ilə bağlı razılığa gəlməyi çətinləşdirir. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu “El Pais” qəzetinə müsahibəsində Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Cosep Borrell bəyan edib.

“Razılaşma ilkin olaraq yaxşı nəticə versə də, ABŞ sazişdən çıxdı. Sonradan İran hər hansı razılaşmanın əldə olunmasını çətinləşdirən mövqe tutdu. Daxili etirazlara, xüsusən də qadınlara qarşı təzyiq, ölüm hökmünün tətbiqi elə bir mühit yaradıb ki, nüvə sazişi getdikcə çətinləşir”, - deyə Borrell bildirib.

Bununla yanaşı, diplomat əlavə edib ki, hazırda müqavilə dondurulub.

2015-ci ildə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya İranın nüvə fəaliyyəti ilə bağlı böhranın aradan qaldırılması üçün İranla Birgə Hərtərəfli Fəaliyyət Planı imzalayıblar. ABŞ-ın eks-prezidenti Donald Tramp 2018-ci ildə bu sazişdən çıxmaq qərarına gəlib. Hazırkı Amerika lideri Cozef Bayden isə dəfələrlə Vaşinqtonu nüvə sazişinə qaytarmağa hazır olduğunu bildirib.

 

ALMANİYADA SİYASİ MOTİVLİ HÜCUMLARIN SAYI ARTIB

Almaniyada 2022-ci ildə hücum edilərək bədənə xəsarət yetirmə hallarının sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 20 faiz artıb. “Report” xəbər verir ki, bu barədə “DPA” agentliyi məlumat yayıb.

Bildirilir ki, 2021-ci ildə Almaniya polisi və federal torpaqların hüquq-mühafizə orqanları ölkədə siyasi motivli xəsarət yetirmə halları ilə bağlı ümumilikdə 1890 cinayət qeydə alıb. 2022-ci ildə bu rəqəm 2118 hadisəyə çatıb.

Məlumata əsasən, Almaniya hökuməti Bundestaqdakı sağçı “Almaniya üçün Alternativ” partiyasının fraksiyasının sorğusuna cavab olaraq, bu rəqəmlərin təxmini olduğunu və düzəliş edilə biləcəyinə diqqət çəkib.

Almaniya hökuməti vurğulayıb ki, ilk

in məlumatlara görə, ötən il qeydə alınan 3600-ə yaxın siyasi motivli zorakılıq aktının mindən çoxu sağçılar tərəfindən törədilib. Yalnız 700-dən çox iş solçu qanunpozucuları ilə bağlı olub.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.