İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Gimnastlarımız beynəlxalq  turnirdə

Macarıstanda bədii gimnastika üzrə "Gracia Fair Cup" beynəlxalq turniri başa çatıb. Yarışda ölkəmizi yığma komandamızın üzvləri ilə yanaşı, "Ocaq Sport" klubunun təmsilçiləri də güclərini sınayıblar.

Millimizin üzvlərindən çoxnövçülük yarışlarında Fidan Qurbanlı qızıl, Alina Məmmədova isə bürünc medala sahib çıxıblar. "Ocaq Sport" klubunun üzvlərindən çoxnövçülük yarışlarında Maya Kozaçuk, Nilay Quliyeva və Məryəm Baloğlanova bütün rəqiblərini üstələyərək qızıl medal qazanıblar. Yığma komandamızın digər üzvləri Şəms Ağahüseynova halqa, Leyli Ağazadə isə halqa və top ilə hərəkətlərin icrasında finala yüksəlsələr də medal əldə edə bilməyiblər.

 

Millimiz qitə çempionatını 6 medalla başa vurub

Kiprin Larnaka şəhərində yeniyetmə və gənclərin 50-ci Avropa çempionatı keçirilib. Yarışlarda 3 yaş qrupu üzrə, 48 ölkədən 1114 karateçi iştirak edib.  Azərbaycan karateçiləri yarışda 6 medal qazanıb. Mükafatların üçü qızıl, biri gümüş, ikisi isə bürüncdür.  Aysu Əliyeva (-59 kq) 16-17 yaşlı qızların yarışında, Fərid Savadov (-55 kq) eyni yaş qrupunda oğlanlar arasında, Əminağa Quliyev isə (-60 kq) 21 yaşadək gənclərin turnirində Avropa çempionu olub. Gülay Orucova 14-15 yaşlı yeniyetmələr arasında gümüş medala, eləcə də Rahim Əzim (70+) eyni yaş qrupunda, Hüseyn Məmmədli isə 21 yaşadək gənclərin yarışında bürünc medal əldə edib. Bu nəticə ilə Azərbaycan ümumi komanda hesabında 4-cü yeri tutub.

 

Sumoçularımızın uğuru

Azərbaycan sumoçuları Estoniyanın Vinni şəhərində böyüklər arasında keçirilən Avropa kuboku yarışlarında 3 qızıl və 3 gümüş medal qazanıblar.   Camal Feyziyev (mütləq çəki və +115 kq) və Röyal Ağamalıyev (85 kq) qızıl, Sadiq Ağamalıyev (115 kq), Cavid Mustafayev (77 kq) və Xəyyam Abdullayev (70 kq) gümüş medalın sahibi olublar. Azərbaycan yığması komanda hesabında birinci olub.

 

Dünya kuboku yarışlarında kikboksçumuz qalib olub

Kikboksinq üzrə dünya kəmərinin sahibi, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin üzvü Şikar Bədəlov növbəti qələbəsini qazanıb. İdmançımız "Kings of Kings" dünya kuboku yarışları çərçivəsində İstanbulda Yahya Kemal Beyatlı Mərkəzində mərakeşli Noordin El Benmofla qarşılaşıb. Təmsilçimiz rəqibini birinci raundun ilk dəqiqəsində nokautla məğlub edərək dünya kubokuna sahib olub.

Nərgiz İSMAYILOVA,

"Respublika".