Biz birlikdə güclüyük
Türk dünyası

Biz birlikdə güclüyük

Azərbaycan-Türkiyə hər zaman bir-birinin yanındadır

Çətin sınaqlar qarşısında, hər zaman bir-birinə köməklik göstərən, arxa-dayaq olan Azərbaycanla Türkiyənin - iki qardaş ölkənin dostluğunu və həmrəyliyini heç bir qüvvə poza bilməz. Baxmayaraq ki, bir millət, iki dövlətin dostluğunu, əməkdaşlığını istəməyən qüvvələr çoxdur. Lakin dövlətlərimizin rəhbərləri - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dostluğu sarsılmazdır. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir.

Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Məhz ona görə də Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün qardaşlıq, dostluq və tərəqqi nümunəsi kimi dəyərləndirilir. 44 günlük müharibə zamanı dost, qardaş Türkiyə Cümhuriyyətinin xalqımıza dəstəyi Azərbaycanın işğalçı Ermənistan üzərində qələbəsində əhəmiyyətli rol oynadı. Müharibə başlayan ilk andan Türkiyə dövləti, hər bir türk vətəndaşı Azərbaycanın yanında olduğunu bəyan etdi. Müharibənin davam etdiyi günlərdə biz bu dəstəyi daim hiss etdik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana verdiyi dəstək inamımızı daha da gücləndirdi və qələbəmizin təmin olunmasında əhəmiyyətli rol oynadı. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq mövqeyindən geri çəkilmədi.

 Bu barədə Prezident İlham Əliyev demişdir: "İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır" deməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq". Prezident bildirib ki, İkinci Qarabağ müharibəsi bütün dünyaya bir daha göstərdi ki, Türkiyə-Azərbaycan bir yerdədirlər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etmişdir ki, Türkiyə müharibədə olduğu kimi, sülh dönəmində də qardaş Azərbaycanın yanındadır. Türkiyə bundan sonra da regionda sülh və dayanıqlı sabitliyin təmin olunması üçün fəal şəkildə dəstək göstərəcəkdir. Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir - siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində. Bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək. Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Türkiyənin artan gücü Azərbaycanın gücünə güc qatır. 2021-ci ilin iyulunda Türkiyənin əsasən turizm bölgələrini əhatə edən meşə yanğınları zamanı dövlət başçımızın tapşırığı ilə qardaş ölkəyə göndərilən yanğınsöndürənlər də fəlakətlə mübarizədə iştirak ediblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınları ilə mübarizədə verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib və rəsmi Tvitter hesabında paylaşım edib: "Meşə yanğınları ilə mübarizəmizə dəstəyini, keçmiş olsun diləklərini, başsağlığını göndərən, kömək etməyə hazır olduğunu bildirən və yardım göndərən bütün dost ölkələrə və təşkilatlara millətim adından təşəkkür edirəm. İnşallah, bu çətin prosesi ən qısa zamanda keçəcəyik", - deyə paylaşımda bildirilir.

Qürurvericidir ki, Prezident İlham Əliyev Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının dünya üçün örnək olduğunu vurğulayıb: "Dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, belə arxa-dayaq dursun". Bu tarixi həqiqətin təsdiqi kimi, Azərbaycan ictimaiyyətinin Türkiyədəki təbii fəlakətlə bağlı nümayiş etdirdiyi narahatlıq və həyəcan hissləri, dəstək vermək istəyi bir daha göstərir ki, iki qardaş ölkənin birliyi sarsılmaz və əbədidir. Fevralın 6-da son 100 ilin fəlakəti ilə üz-üzə dayanan qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində çoxsaylı insan tələfatının olması ölkəmizdə də böyük hüznlə qarşılandı. Qardaş ölkədən gələn acı xəbər Azərbaycan xalqını və dövlətini dərin kədərə bürüdü. Elə həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını bildirdi. Prezident İlham Əliyev Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırdı, yaralananların tezliklə şəfa tapmasını dilədi və bir daha vurğuladı ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da sosial mediada paylaşımında Türkiyə xalqının kədəri bizim kədərimizdir, Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm deyərək qardaş ölkəyə dəstəyini ifadə etdi. Türkiyə dar günündə yanında yenə də ilk olaraq qardaşını gördü. İlk beynəlxalq yardımı da Azərbaycan etdi.

Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə "Qardaş köməyi" platforması yaradılıb. Sadə vətəndaşdan tutmuş, dövlət və özəl qurumlara qədər hər kəs Türkiyəyə dəstək olur. Azərbaycanın biznes ictimaiyyəti də yardım prosesində fəal iştirak edir, öz dəstəyini əsirgəmir. Zəlzələ ilə əlaqədar Azərbaycan 21 fevral tarixinədək qardaş ölkəyə zəruri ləvazimatlarla yanaşı, 24900000 manat maddi yardım da edib. Humanitar yardım isə Türkiyəyə 15 təyyarə və 350 yük avtomobili vasitəsilə çatdırılıb.

Azərbaycan öz birliyini, həmrəyliyini həmişə olduğu kimi, yenə də nümayiş etdirir. Bütün bunlar əlbəttə ki, Azərbaycan-Türkiyə dostluğunun möhkəm təməllər üzərində qurulduğunu, sarsılmaz olduğunu göstərir. Və bu gün Azərbaycan Türkiyəyə ən çox yardım göndərən, hər vasitə ilə dəstək verən ölkələrin sırasında başda yer alır. Həm vətəndaşlarımız tərəfindən humanitar yardımların toplanması, həm də rəsmi qurumlarımız tərəfindən şəxsi heyət, canlı qüvvə və texnika ilə yardımların göndərilməsi durmadan davam edir. Bir sözlə, bütün azərbaycanlılar Türkiyənin acısını Azərbaycanın acısı kimi qəbul edərək indi hər vasitə ilə qardaş ölkənin yaralarını sarımağa çalışır. Türkiyə dövlətinin, qardaş türk xalqının bu sınaqdan da birlikdə şərəflə çıxacağına əminik.

Mustafa KAMAL,

"Respublika".