SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Artıq yeyiləndə dərd verir o da ...

Bu yaxınlarda aparılan araşdırma zamanı məlum olub ki, balığı çox yedikdə onun tərkibindəki bəzi kimyəvi maddələr insan orqanizmində toplanaraq xərçəngin inkişafına yol aça bilər.

Sözcü.com.tr veb saytında yayımlanan araşdırmaya görə, çox miqdarda balıq istehlakı orqanizmdə xərçəngə səbəb olan zəhərli kimyəvi maddələrə məruz qalma riski ilə əlaqələndirilir. Belə ki, elm adamları aşkar ediblər ki, göl və çaylarda tutulan balıqların tərkibində PFAS və ya perfluoroalkil adlı zərərli kimyəvi maddələr mövcuddur. Tədqiqatçılar bu maddələrin insan orqanizminə təsirini əvvəllər immun sisteminin çökməsi və xərçəngin yaranması ilə əlaqələndiriblər. Sözügedən maddə demək olar ki, hər mətbəxdə tapılan qab və tavaların istehsalında istifadə olunan yapışmayan örtük komponentləridir. Tədqiqatçı alimlər sınaqdan keçirilmiş şirin su balıqlarında bu maddələrin miqdarının yüksək olduğunu bildiriblər.

Həkim Devid Endryus bildirib ki, balıqların zərərli maddəyə məruz qalma səviyyəsi təəccübləndiricidir. Şirin su balıqlarını istehlak edən, xüsusən də müntəzəm olaraq balıq tutan və yeyən insanlar, bədənlərində bu kimyəvi maddələrin əhəmiyyətli dərəcədə yığılması riski altındadır.

Qeyd edək ki, balıqlarda bu kimyəvi maddənin olmasına səbəb kimi ətraf mühitin çirkləndirilməsi faktı göstərilir.

 

Sağlam olmaq istəyirsinizsə...

Dünyanın məşhur universitetlərindən biri olan Kembric Universitetində diqqətəlayiq bir araşdırma aparılıb. Belə ki, elm adamları 30 milyondan çox insanı əhatə edən 196 tədqiqat işini araşdıraraq gün ərzində 11 dəqiqə hərəkət etməklə vaxtından əvvəl ölüm və ya xəstəlik riskinin azaldıla biləcəyini açıqlayıblar.

Alimlərin fikrincə, həftədə 75 dəqiqə hərəkət etmək vaxtından əvvəl ürək-damar, bəzi xərçəng növləri kimi təhlükəli xəstəliklərin inkişaf riskini azaldır.

"Əgər indiyə qədər tövsiyə edildiyi kimi, həftədə 150 dəqiqə orta intensivlikdə fiziki fəaliyyətlə məşğul olmaq çətin gəlirsə, sizə daha yaxşı təklifimiz var. Bir az fiziki hərəkət, heç hərəkət etməməkdən daha yaxşıdır. Orta intensivlikdə edilən məşqlər qaçış və ya idman deyil. Buna işə piyada getməyi və ya velosiped sürməyi misal göstərmək olar. Hətta uşaqlarınız və ya nəvələrinizlə oyun oynamaq da belə məşqlər arasındadır",- deyə Britaniya mətbuatına müsahibə verən tədqiqat müəllifi dr. Leandro Garcia bildirib.

Həftədə 75 dəqiqə idman etməyin sağlamlıq üçün yaxşı bir başlanğıc olacağını söyləyən mütəxəssislər, bu səviyyədə fiziki fəaliyyətin beynin funksiyasına da müsbət təsir etdiyini bildiriblər.

İnformasiya "Forschung und Wissen" jurnalında dərc edilib.

 

Birlikdə yeyilməsi təhlükəli olan qidalar

Elə qidalar var ki, birlikdə istehlak edildikdə həzmi çətinləşdirməklə yanaşı, hətta zəhərlənməyə belə yol aça bilər. Qida mütəxəssisləri onlardan bəzilərinin adlarını açıqlayıblar...

Mütəxəssislərin fikrincə, meyvələr mədədə turşuluğu artırdığı üçün çətin həzm edildiyindən yeməkdən sonra istehlak edilərsə, həzmlə bağlı bəzi problemlərə səbəb ola bilər. Eyni şey makaron və pendir, yumurta, o cümlədən ətin birlikdə istehlakı üçün də keçərlidir. Çünki makaron proteindən fərqli bir həzm müddətinə sahib olan nişastalarla zəngindir. Bu səbəbdən də onun zülal baxımından zəngin olan qidalarla istehlak edilməsi tövsiyə olunmur.

Heç bir şəkildə istehlakı məsləhət görülməyən qidalardan biri də bişmiş baldır. Onun nəinki digər qidalarla, eləcə də təkbaşına yeyilməsi təhlükəli hesab olunur. Həmçinin meyvə, pendir, yumurta, balıq, isti içkilər, ət və südün qatıqla birlikdə yeyilməsi ciddi problemlərin yaranmasına yol aça bilər.

Mütəxəssislər xüsusilə portağal suyu qəbul edərkən diqqətli olmağı tövsiyə edirlər. Belə ki, bu meyvənin şirəsindəki turşunun miqdarı nişastanın həzminə cavabdeh olan fermenti məhv etdiyindən onun çörək və ya əriştə ilə birlikdə istehlakı məsləhət görülmür. Həmçinin bu meyvə digər meyvələrlə birlikdə deyil, təkbaşına istehlak edilməlidir.

 

Bu xəstəlik artıq qan testi ilə müəyyən ediləcək

Alimlər beyin xərçənginin ən təhlükəli növünü aşkar etmək üçün qan testi hazırlayıblar. Verilən məlumata görə, bu test xəstəliyin inkişafını nəzarət altında saxlamaq üçün nəzərdə tutulub.

ABŞ-ın Pensilvaniya Universitetinin tədqiqatçıları beyin xərçənginin ən təhlükəli növünün biomarkerlərini aşkar etmək üçün qan testi yaradıblar. Beyində yaranan bu şişin adı "glioma" adlanır. Bu şiş beyin və ya onurğa beyninin "glial" hüceyrələrinə təsir edən şiş növüdür. Dünyada ən çox görülən və ölümlə nəticələnən xərçəng növü hesab edilir.

İndiyə qədər həkimlər bu şişi izləmək və yoxlamaq üçün MRT (Maqnit Rezonans Tomoqrafiya), KT-dən (Kompüter tomoqrafiyası) istifadə edirdilər. Bundan sonra isə xəstəliyi qan analizi yolu ilə də daha dəqiq izləmək və nəzarət etmək mümkün olacaq.

Araşdırmanın nəticələri "The Journal of Neuro-Oncology" jurnalında dərc olunub.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".