Ağacların qanunsuz kəsilməsi ilə bağlı üç cinayət işi başlanıb
Digər xəbərlər

Ağacların qanunsuz kəsilməsi ilə bağlı üç cinayət işi başlanıb

Ölkəmizdəki ekoloji sağlamlığın yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönələn genişmiqyaslı tədbirlərə qanunazidd əməlləri ilə kölgə salan şəxslərə qarşı prokurorluq orqanları tərəfindən ardıcıl mübarizə tədbirləri davam etdirilir. Müxtəlif ərazilərdə ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olmuş müraciətlər əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırmalar aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılmış araşdırmalar nəticəsində İsmayıllı və Goranboy rayonlarında, həmçinin Şirvan şəhərində qanunvericiliyin tələblərinə əsasən dövlət qurumlarının və bələdiyyələrin yaşıllıqların mühafizəsinə yönəlmiş nəzarət və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə bağlı üzərlərinə düşən vəzifələri yerinə yetirməməsi, habelə aidiyyəti vəzifəli şəxslərin səhlənkarlığı nəticəsində ümumilikdə 56 ağacın qanunsuz kəsilməsi, təbiətə 14 min 630 manat məbləğində maddi ziyanın dəyməsi müəyyən olunub. Həmin faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq aidiyyəti üzrə İsmayıllı və Xocalı rayon, o cümlədən Şirvan şəhər prokurorluqlarına göndərilib. Hazırda cinayət işləri üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu vətəndaşlara yaşıllıqların mühafizəsi ilə əlaqədar qanunvericiliyin tələblərinə dönmədən riayət edilməsini, zəruri hallarda müvafiq icazələrin alınması üçün səlahiyyətli dövlət qurumlarına müraciət olunmasını tövsiyə edir. Baş Prokurorluq bildirir ki, ətraf mühitin mühafizəsi sahəsində qanun pozuntularına yol verilməsi hallarına qarşı ən ciddi mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək.

AZƏRTAC