“Agro-Az
İQTİSADİYYAT

“Agro-Az" MMC pambıq yığımını mütəşəkkil təşkil edib

Saatlı rayonundakı "Agro-Az" MMC adlanan pambıq emalı zavodu "ağ qızıl" istehsalında davamlı müvəffəqiyyətlər əldə edir. Ötən illərdə olduğu kimi, bu mövsümdə də suvarma sarıdan çətinliklər olmuş, lakin əkinçilər bütün imkanlardan istifadə etməyə çalışmışlar. Artıq bir neçə gündür ki, fermerlər mütəşəkkil şəkildə yığıma başlamışlar. Zavodun direktoru Yaşar Hüseynov kollektivin məhsulu vaxtında, itkisiz toplamaq əzmində olduğunu bildirdi:

- Pambıqçılıq bu yerlərdə dədə-baba peşəsi hesab olunur. Dövlət başçısı cənab İlham Əliyevin şəxsi təşəbbüsü və qayğısı ilə ölkədə aqrar sahənin, onun vacib qolu olan pambıqçılığın inkişafı son illərdə sözün əsl mənasında prioritet məsələyə çevrilib. Ölkə rəhbərinin qərar və göstərişlərindən ruhlanan "Agro-Az" MMC kollektivi fəaliyyət dairəsini genişləndirir, öz zəngin təcrübəsi sayəsində qiymətli məhsulun istehsalını ilbəil artırır. Hazırda "Agro-Az" MMC fermerlər arasında nüfuz sahibidir, nəinki Saatlıda, hətta ətraf rayonlarda əsl təcrübə məktəbinə çevrilib. "Agro-Az" MMC yeni yığım mövsümünü xoş əhvali-ruhiyyə ilə qarşılayıb. Əvvəlcə onu deyim ki, istehsal edib dünya bazarlarına çıxardığımız məhsulun satışından dövlətimizin büdcəsinə hər il xeyli vəsait daxil olur. Təkcə bu fakt ölkə Prezidenti cənab İlham Əliyevin iqtisadiyyatımızın inkişafına göstərdiyi düzgün istiqamətin bariz nümunəsidir. Əlbəttə, getdiyin yol işıqlı, uğrunda çalışdığın məqsəd aydın olanda, sonsuz həvəslə, deyərdim ki, iki-üç qat ruh yüksəkliyi ilə işləyirsən. Bu il 4 min hektar sahədə pambıq əkmişik. Əkin sahələrinin 3500 hektarı Saatlı, 500 hektarı Sabirabad rayonu ərazisindədir. 800 nəfər fermerlə müqavilə bağlamışıq. Məhsulun becərilməsi, bütün aqrotexniki tələblərə əməl olunması daima MMC-nin diqqət mərkəzindədir. Bu məqsədlə fermerlərə avans olaraq bugünkü günə kimi 4 milyon 150 min manat nağd pul vermişik. Bu günə olan məlumata görə avansın 325 min manatı qaytarılıb.

Yığıma mütəşəkkil başlamışıq. Zavod və məntəqələr məhsulun qəbuluna tam hazır vəziyyətdədir. Pambığın sahələrdən daşınması, işçilərə nəqliyyat xidməti göstərilməsi üçün 35 ədəd nəqliyyat traktoru, 50 ədəd qoşqu, 2 ədəd pambıq yükləyicisi, 2 ədəd "Kamaz" yük maşını fermerlərin ixtiyarındadır. Məhsulun yarısını Amerika istehsalı olan 15 ədəd pambıqyığan maşınla toplamağı nəzərdə tutmuşuq. Qısa müddət ərzində tarlalardan 875 ton məhsul yığılıb.

Bu ildən pambığın alış qiymətinin bir daha hər tona görə 50 manat artırılması "ağ qızıl" istehsalına fermerlər arasında maraq yaratmışdır. Pambıqçılığın inkişafına göstərilən qayğı və diqqət bu qiymətli bitkinin əkilib-becərilməsi ilə məşğul olan insanlara iş yeri tapmaqda yeni meydan açdı. Təkcə bizim zavodda hazırda 220 nəfər Saatlı sakini daimi işlə təmin olunub. Yığım dövründə isə daha 100 nəfər mövsümi işə cəlb ediləcək.

Direktor onu da bildirir ki, keçən ilki mövsümdə yığılan pambıqdan 4983 ton mahlıc əldə etmişik. Mahlıc yüksəkkeyfiyyətli məhsul kimi dünya bazarlarında satılıb və hazırda qalıq yoxdur. Satış zamanı heç bir maneə ilə rastlaşmırıq.

Yeri gəlmişkən deyək ki, ölkə pambıqçılığının inkişafında dəyərli xidmətləri olan tanınmış kənd təsərrüfatı mütəxəssisi, MMC-nin rəhbəri Vahid Hüseynov tez-tez kollektivlə görüşür, əməkçilərin üzləşdikləri çətinliklərin aradan qaldırılmasına köməklik göstərir. Direktorla söhbət zamanı öyrəndik ki, Vahid müəllim bizdən bir gün əvvəl zavodda olub, kollektivlə görüş keçirmiş, işçilərə məsləhət və tövsiyələrini bildirmişdir.

"Ağ qızıl" toplanışı davam edir. Fermerlər əlverişli hava şəraitindən istifadə edib məhsulu tez, itkisiz yığmaq üçün səylərini artırırlar.

Tofiq HÜSEYN,

"Respublika".