Avrasiyanın nəqliyyat xətlərinin əsas hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu uğurlu əməkdaşlığa geniş imkanlar yaradır
Siyasət

Avrasiyanın nəqliyyat xətlərinin əsas hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu uğurlu əməkdaşlığa geniş imkanlar yaradır

2017-ci il oktyabr ayının 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirilib

Çoxtərəfli əməkdaşlıq, dostluq, yaxın qonşuluq əsasında qurulmuş münasibətlər, iqtisadi əlaqələr müstəqil Azərbaycanın həyata keçirdiyi  gələcəyə hədəflənmiş siyasətin mühüm tərkib hissəsidir. Bu münasibətlər zəminində reallaşdırılan  irimiqyaslı layihələr, həyata keçirilən böyük həcmli işlər ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirir, möhkəmləndirir. Dünyada güclü iqtisadiyyata, potensiala malik ölkə kimi tanınan Azərbaycan həm də etibarlı tərəfdaş kimi qəbul edilir. Bir çox dövlətlərlə ayrı-ayrı sahələr üzrə əməkdaşlıq edən ölkəmiz bu mənada özünü layiqincə doğrultmuşdur.

2006-cı ildə Türkiyə Respublikasının Ceyhan şəhərində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, 2007-ci ildə üç ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, 2014-cü ildə isə Avropanın ən böyük infrastruktur layihəsi olan Cənub Qaz Dəhlizinin fəaliyyətə başlamasından sonra, 2017-ci ildə Türkiyə-Gürcüstan və Azərbaycanın qarşılıqlı əməkdaşlığı nəticəsində ölkələrimiz, xalqlarımız, region, o cümlədən bütün dünya üçün daha bir önəmli layihə reallaşdırılmışdır. Oktyabr ayının 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətlərinin iştirakı ilə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun təntənəli açılış mərasimi keçirilmişdir.

Bu dəmir yolunun tikintisi üçün ilk razılaşma Gürcüstanda imzalandıqdan sonra yolun təməlqoyma mərasimi Türkiyədə, açılış mərasimi isə Azərbaycanda olmuşdur. Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev demişdir: "...Bakı-Tbilisi-Qars tarixi layihədir, qlobal layihədir. Bu layihə ölkələri bir-birinə daha yaxın edəcək. Bu layihə bölgədə sabitliyin, təhlükəsizliyin təminatı işində öz rolunu oynayacaq. Bu layihə bizim iqtisadi imkanlarımızı artıracaq və biz böyük vəsait əldə edəcəyik. Əlbəttə, bir daha demək istəyirəm ki, bu layihənin həyata keçirilməsi, ancaq Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyləri hesabına mümkün olmuşdur. Biz heç bir yerdən heç bir yardım, heç bir kredit almadıq, öz daxili imkanlarımız hesabına bu yolu tikdik və bu gün istifadəyə veririk".

Ölkələr arasında ticarət dövriyyəsinin genişlənməsi, qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsi istiqamətində əvəzolunmaz əhəmiyyətə malik olan BTQ-nin tikintisi üç ölkə arasında dostluğun, bir-birinə olan inamın, etibarın göstəricisidir. Belə ki, bir çox sahələrdə əməkdaşlıq edən Azərbaycan-Türkiyə və Gürcüstan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılmasında da birgə yüksəksəviyyəli əməkdaşlıq nümayiş etdirmişlər. 2017-ci ildən fəaliyyətə başlayan, uzunluğu təxminən 850 kilometr olan dəmir "İpək Yolu" adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu uğurlu regional əməkdaşlığa geniş imkan yaradan mühüm əhəmiyyətə malik layihədir. 504 kilometrlik hissəsi Azərbaycan, 263 kilometri Gürcüstan, 79 kilometri isə Türkiyə ərazisindən keçən BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın Avropa bazarına çıxışını sürətləndirir və bu yoldan istifadə edən ölkələrin tranzit daşımalardan əhəmiyyətli gəlir əldə edəcəyini təmin edir. Avropa ilə Asiyanı birləşdirən bu dəmir yolunun əhatə etdiyi ölkələrin bir-birinin iqtisadiyyatına qarşılıqlı sərmayə qoyuluşu nəticəsində ölkələr arasında ticarət dövriyyəsi daha da genişlənir. Avrasiyanın nəqliyyat xəritəsinin əsas hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun üzərində yerləşən ölkələr bütün sahələrdə əməkdaşlıq əlaqələrini genişləndirməklə, eyni zamanda bölgədə sabitliyin, təhlükəsizliyin təmin olunmasına, hərtərəfli inkişafa mühüm töhfə verirlər.

Avropa ilə Asiyanı birləşdirən ən qısa yol - BTQ dəmir yolu xətti Qərblə Şərq dövlətləri arasında yük daşınmasında tranzit ölkə kimi Azərbaycanın əhəmiyyətini daha da artırmış, Avropa ilə Asiyanın qovuşuğunda yerləşən ölkəmizin tranzit və logistik potensialından daha səmərəli istifadə olunmasına geniş imkan yaratmışdır. Yükdaşımalardan əlavə 1 milyon sərnişinə xidmət göstərən Bakı-Tbilisi-Qars dəmir yolu regionda ticari-iqtisadi əlaqələrin əsasını təşkil edən müasir infrastrukturun, nəqliyyat sahəsinin, o cümlədən turizm sahəsinin inkişafına xidmət edir. Belə ki, Çinlə ticarət əlaqələrinin genişlənməsində mühüm əhəmiyyət daşıyan BTQ vasitəsilə konteyner qatarı Qazaxıstan və Azərbaycan ərazisindən keçməklə Çindən Gürcüstana cəmi 8 günə çatır. Türkiyəyə və Şərqi Avropaya, Aralıq dənizinə çıxışı təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu Transxəzər beynəlxalq daşımalarda əsas yer tutur. Eyni zamanda, Qazaxıstanın Xəzər infrastrukturunda yük axını layihələrini stimullaşdırır, əlverişli logistikanı formalaşdırır, regionda iqtisadi artımı və ticarəti genişləndirir. Həm Mərkəzi Asiya ölkələri, həm də bütövlükdə region ölkələri üçün xüsusi önəm daşıyan BTQ tranzit dəhlizlərinin, nəqliyyat infrastrukturunun səmərəli işlənilməsinə və müxtəlif istiqamətlərdə yük daşımaları həcminin artırılmasına imkan yaratmaqla bölgənin sabit və təhlükəsiz inkişafını, tərəqqisini təmin edir.

2017-ci il oktyabr ayının 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qətiyyətin, uzaqgörənliyin nəticəsi olan bu layihənin dəyərini vurğulayaraq demişdir: "... Azərbaycanın Ələt limanı ilə də yalnız üç ölkəni deyil, bütün Orta Asiya respublikalarını Qərb nəqliyyat marşrutları ilə birləşdiririk. Eyni qaydada Türkmənbaşı limanı vasitəsilə Türkmənistanın, Aktau limanı vasitəsilə Qazaxıstanın Avropaya çıxışını təmin edirik. Bakı-Tbilisi-Qars dəmir yolu xətti 1 milyon sərnişin və 6,5 milyon ton yükdaşıma qabiliyyətinə malik olacaq. Bu dəmir yolu xəttinin daşıma imkanları 2034-cü ildə isə 3 milyon sərnişin, 17 milyon ton yükə çatacaq. Təbii ki, bu, yükdaşımalarda xərcləri ciddi şəkildə azaldacaq".

Çin və Avropa İttifaqının ticari tranzit xəritəsində Orta Dəhliz rolunu oynayan Bakı-Tbilisi-Qars dəmir yolu region ölkələrinin Avropanın inkişaf prosesinə uğurlu inteqrasiyasını təmin edir, sərnişin və yükdaşımalardan əlavə, eyni zamanda sülh, təhlükəsizlik və sosial rifah baxımından da böyük əhəmiyyətə malikdir. Bir çox regional və qlobal əhəmiyyətli layihələrin icrasının reallaşmasına rəhbərlik edən, bu layihələrə investisiyalar yatıran müstəqil dövlətimiz bu gün Avrasiyanın mühüm tranzit qovşağına çevrilib. Belə ki, Avropa və Asiya arasında daşımalarda qısa və əlverişli yol olan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıran, daşımaların xərcini və müddətini azaldan Bakı-Tbilisi-Qars dəmir yolu bunun bariz nümunəsidir.

Mehparə ƏLİYEVA,

"Respublika".