Azərbaycan MN: Ermənistan ordusunda baş verən cinayətlər və qanlı insidentlər orada hökm sürən özbaşınalığın nəticəsidir
Digər xəbərlər

Azərbaycan MN: Ermənistan ordusunda baş verən cinayətlər və qanlı insidentlər orada hökm sürən özbaşınalığın nəticəsidir

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi son vaxtlar Ermənistanın rəsmi və qeyri-rəsmi nümayəndələrinin müxtəlif məsələlərlə bağlı yaydığı əsassız bəyanatlarına münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan açıqlamada qeyd edilib ki, son vaxtlar Ermənistanın rəsmi və qeyri-rəsmi nümayəndələri Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən guya atəşkəsin pozulması, meşə yanğınlarının törədilməsi, mal-qara oğurluğu, kənd sakinlərinə qarşı müxtəlif təzyiqlərin edilməsi və digər mövzularda əsassız iddialara söykənən bəyanatlar yayırlar.

Bildiririk ki, bu gün Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Ordusu tərəfindən snayper tüfəngindən açılmış atəş nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə yayılan məlumat da yalandır, təxribat xarakteri daşıyır. Bu gün məlumatda göstərilən istiqamətdə Azərbaycan Ordusunun bölmələri tərəfindən heç bir atəş açılmayıb.

Ermənistan ordusunda baş verən cinayətlər və qanlı insidentlər orada hökm sürən özbaşınalıq və nizamnamədən kənar münasibətlərin nəticəsidir. Bu hadisələrin Azərbaycan Ordusu ilə heç bir əlaqəsi yoxdur.

AZƏRTAC