Azərbaycan regional əməkdaşlıq platformasının yaradılmasında maraqlıdır
Siyasət

Azərbaycan regional əməkdaşlıq platformasının yaradılmasında maraqlıdır

XX əsrin sonlarında Sovet İttifaqının çökməsindən sonra dövlətlər arasında münasibətlər tamamilə fərqli istiqamətdə formalaşmağa başladı. Əvvəllər məlum səbəblərdən bir-birilə din, dil və mədəniyyət əlaqələri ilə sıx bağlı olan qonşu, hətta qardaş dövlətlər belə əməkdaşlıq edə bilmirdilərsə, yeni dünya nizamında daha çox coğrafi qonşuların qarşılıqlı faydalı iqtisadi əməkdaşlığı prioritet kimi ortaya çıxdı. Bu prizma dünyanın ən həssas geosiyasi mövqeyə malik regionlarından olan Cənubi Qafqazda xüsusilə fərqlənir. Tarixən bu coğrafiyada regional və qlobal güc mərkəzlərinin maraqları daim toqquşub.

Qafqazda yeni əməkdaşlıq münasibətləri Sovet İttifaqının dağılmasından sonra yaranmağa başladı. Doğrudur, tam hərtərəfli və çoxşaxəli əməkdaşlıqdan danışmaq hələ də mümkün deyil. Bu isə ilk növbədə Ermənistanın demək olar ki, bütün qonşularına qarşı əsassız ərazi iddiaları ilə çıxış etməsinin nəticəsidir. Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarına, Türkiyənin Anadolu bölgəsinə, Gürcüstanın isə Cavaxetiya regionuna iddia etməsi Qafqazlarda sabitliyin yaranmasını əngəlləyən əsas faktordur. Buna görə də üç respublikanın region ölkələri arasında yaranan çoxtərəfli əməkdaşlıq layihələrində Ermənistan yoxdur.

Hazırkı mərhələdə Azərbaycan regional müstəvidə bir neçə üçtərəfli formatların təşəbbüskarı və ya iştirakçısıdır. Bu formatlar regional məsələlərin müzakirəsi, əməkdaşlıq əlaqələrinin inkişafı, birgə layihələrin həyata keçirilməsi baxımından əhəmiyyətli təşəbbüslərdir. Bu yeni trend, eyni zamanda Azərbaycanın təcavüzkar, işğalçı Ermənistanı çıxmaq şərtilə bütün qonşuları ilə qarşılıqlı faydalı münasibətlərə verdiyi əhəmiyyətin göstəricisi hesab edilir. Buna sübut kimi Xəzəryanı dövlətlərin su sərhədlərinin razılaşdırılması haqqında imzalanan müqaviləni də göstərmək olar.

Azərbaycanın təşəbbüskarı olduğu üçtərəfli əməkdaşlıq formatlarından birincisi Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığıdır. Bu üçlük Cənubi Qafqazdan əlavə Xəzər-Qara-Aralıq dənizi hövzələrini birləşdirən strateji bölgəni də əhatə edir.

Təbii ki, regionda sülh və əməkdaşlığa ən böyük təhdid Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması idi. 30 ilə yaxın müddətdə Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərini işğal altında saxlayırdı. Bu işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt edilmiş, 1 milyondan çox azərbaycanlı öz doğma torpağından didərgin salınmış, Ermənistan Azərbaycana qarşı soyqırımı törətmişdir.

Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləsə də, məsələ öz həllini tapmırdı. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum 4 qətnaməsi də yerinə yetirilmirdi. Son illərdə isə Ermənistan danışıqlardan da imtina etmişdi. Ermənistan rəhbərinin "Qarabağ Ermənistandır və nöqtə" deməsilə münaqişə pik həddə çatmışdı. Azərbaycan buna cavab verməli idi, verdi də, torpaqlarını azad edib tarixi ədaləti bərpa etdi. Məsələ hərbi-siyasi yollarla həll olundu, Dağlıq Qarabağ münaqişəsi həllini tapdı.

Müharibə başa çatdı, regionda yeni reallıqlar yarandı. İndi əsas məsələ sabitliyin, təhlükəsizliyin təmin olunmasıdır ki, bu da region dövlətlərinin məsələyə münasibətindən çox asılıdır. Türkiyə və Rusiyanın regiondakı sabitləşdirici rolunu yüksək dəyərləndirən Azərbaycan bu dövlətlərlə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığa hazır olduğunu hər zaman bildirir, eyni zamanda bu istiqamətdə lazımi addımlar atır. İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində Azərbaycan Prezidenti demişdir: "Bəli, biz regional əməkdaşlıq platformasına dair Türkiyə Prezidentinin təklifini dəstəklədik. Ermənistan hələ ki, cavab verməyib. Görürsünüz, Ermənistan yenə də qeyri-konstruktiv mövqe sərgiləyir. Lakin biz bu təklifi tam dəstəkləyirik. Bu, nəinki müharibədən sonrakı məsələlərə, eləcə də ümumiyyətlə, bizim bölgədə regional inkişafa xidmət edəcək. Çünki əgər biz regionun altı ölkəsi arasında bu cür əməkdaşlıq formatını yaratmağa müvəffəq olsaq, bu, hər hansı yeni düşmənçilik hərəkətlərinə qarşı əsas zəmanət olacaq. Bu, regional əməkdaşlığın mühüm amilinə çevriləcək və çox fayda gətirəcək".

Birgə əməkdaşlıq kommunikasiyaların açılmasına zəmin yaradar, bununla da region ölkələri arasında ticarət dövriyyəsi artar, on minlərlə yeni iş yerləri açıla bilər. Bu isə təbii ki, regionun gərginlik məkanından sabitlik, sülhün bərpası olduğu bir məkana çevrilməsini təmin edər.

Azərbaycan Prezidentinin Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə dediyi kimi, bu gün regionda real praktiki əməkdaşlıq çərçivələri müəyyən olunur. Türkiyə-Rusiya əməkdaşlığı regionda sabitliyin təminatçısıdır. Bölgədə sabitliyin bərqarar olunmasında Türkiyə və Rusiyanın rolunu yüksək qiymətləndirən İlham Əliyev deyib: “...Yəni bizə bu format kifayətdir. Ermənistan da bu formata qoşulacaq. Çünki başqa yolu yoxdur. Yəni bizim üçün bu format kifayətdir - Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan. Kim istəyir qoşulsun, kim istəmir özü bilər. Hər halda, bu gün Azərbaycanın razılığı olmadan bu bölgədə hər hansı bir təşəbbüs gerçəkləşə bilməz. Bunu hər kəs bilməlidir”.

Artıq Dağlıq Qarabağ inzibati vahid kimi mövcud deyil. 2021-ci il iyunun 7-də Azərbaycan Prezidenti respublikanın iqtisadi zonalarının yeni konfiqurasiyası ilə bağlı fərman imzalayıb, fərmana əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılıb və onlar bütün bu ərazini əhatə edir.

İndi regionda sülhün bərpası üçün müxtəlif səviyyələrdə dəstək göstərmək istəyənlər də var. Məsələn, Avropa İttifaqı minaların təmizlənməsi və sərhədlərin delimitasiyasında yardım göstərməyi təklif edir. Bu ilin yayında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycana səfəri zamanı Azərbaycan Prezidenti ilə mövcud vəziyyət geniş müzakirə edilib, birgə çalışmaq barədə razılıq əldə olunub. Ölkə başçısı İlham Əliyev bununla bağlı deyib: "Avropa İttifaqı yenidənqurma və dinc mühitin yaradılması kimi müxtəlif sahələrdə təcrübəyə malikdir. Beləliklə, Avropa İttifaqı delimitasiya prosesində iştirak etmək və hər iki tərəfi razılığa gətirməklə bağlı niyyətini ifadə etdi və biz belə təşəbbüsləri dəstəkləyirik. Lakin bildiyimə görə, Ermənistan tərəddüd edir".

Bəli, bu da Ermənistanın elə əvvəlki halının təcəssümüdür. Azərbaycanın mövqeyi isə həmişə olduğu kimi, bu məsələdə də açıqdır və o, birgə işləməyə hazırdır. Prezident həm də Avropa İttifaqının Ermənistana 2,6 milyard avro həcmində iqtisadi yardım paketi hazırlamaq məsələsinə də münasibət bildirib: "Bu proses artıq başa çatmış ola bilər. Əlbəttə, bizim gözləntimiz ondan ibarətdir ki, həmin həcmdə məbləğ eyni şərtlərlə Azərbaycana da təklif edilsin. İstər qrant, istərsə də kredit - burada bərabərlik olmalıdır. Çünki işğaldan əziyyət çəkmiş olan ölkə bizik".

Zaman keçdikcə ölkələr arasında sıx münasibətlər yaranır, regionda sülhün və sabitliyin qorunmasına, rifah səviyyəsinin artırılmasına xidmət edir.

Zümrüd QURBANQIZI,

"Respublika".