AZƏRBAYCAN-TÜRKİYƏ MÜTTƏFİQLİYİ CƏNUBİ QAFQAZDA SÜLHÜN VƏ TƏHLÜKƏSİZLİYİN TƏMİNATIDIR
Türk dünyası

AZƏRBAYCAN-TÜRKİYƏ MÜTTƏFİQLİYİ CƏNUBİ QAFQAZDA SÜLHÜN VƏ TƏHLÜKƏSİZLİYİN TƏMİNATIDIR

Bu mühüm işdə iki dövlət liderinin səyləri  və qardaşlıq münasibətləri müstəsna rol oynayır

Bu gün dünyada bütün istiqamətlərdə müxtəlif transformasiyalar baş verir. Bunlar isə həm regional səviyyədə diplomatik fəaliyyətə, həm də cərəyan edən geosiyasi proseslərə təsirsiz qalmır. Bu baxımdan, Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin, sülhün və əməkdaşlığın davamlılığının təmin edilməsi, dünyanın aparıcı dövlətlərilə səylərin birləşdirilməsi istiqamətində atdığı bütün addımlar olduqca önəmli və əsaslıdır.

Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, bütün sahələrdə beynəlxalq tərəfdaşlıq, müasir inkişafın obyektiv tələblərinə cavab verən yeni əməkdaşlıq konfiqurasiyaları və modellərinin formalaşdırılması naminə Azərbaycan malik olduğu bütün potensialından istifadə etməyə hazırdır. Ölkəmiz hesab edir ki, tarazlaşdırılmış davamlı inkişaf əsasında qonşu dövlətlər arasında beynəlxalq münasibətlərin yeni konfiqurasiyasının yaradılması ancaq fayda verəcək. Bu səbəbdən, Azərbaycan rəsmi olaraq bölgədə kommunikasiyaların açılmasının, sülhə və davamlı inkişafa əsaslanan səmimi münasibətlərin yaradılmasının tərəfdarıdır.

Türkiyə Azərbaycanın yanında olduğunu dəfələrlə təsdiqləyib. Bu, xüsusilə 44 günlük Vətən müharibəsində özünü açıq şəkildə göstərdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstəyi dövlətimiz və xalqımız hər zaman yüksək dəyərləndirib. Aydındır ki, Azərbaycanla Türkiyə arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi Cənubi Qafqaza ancaq sülh, inkişaf və tərəqqi vəd edir. Məhz belə münasibətlərin tərəfdarı olan ölkəmiz Ermənistana sülh müqaviləsi bağlamağı təklif edib. Lakin Ermənistan hələlik bu məsələdə konkret mövqe nümayiş etdirməkdə çətinlik çəkir. Çünki öz havadarlarının və onu hakimiyyətə gətirmiş qüvvələrin arasında qalmış Paşinyan nə etdiyinin fərqində deyil. Bir şey aydındır ki, Azərbaycan və Türkiyənin birgə fəaliyyəti regionumuzun gələcəyinə istiqamətlənib.

Türkiyə tərəfi dəfələrlə bəyan edirdi ki, Qarabağda hərbi əməliyyatlar bitdikdən, müharibə başa çatdıqdan sonra bu bölgə sülh və sabitlik bölgəsinə çevrilməlidir. Rəsmi Ankara həmişə olduğu kimi, bütün mümkün addımları Bakı ilə koordinasiyalı şəkildə atmağı planlaşdırır. Çünki birgə veriləcək qərarlar və həyata keçiriləcək işlər Cənubi Qafqazda sabitliyin və uzunmüddətli sülhün bərqərar olmasına xidmət edir.

Belə görünür ki, Türkiyənin xarici siyasətinin əsas məqsədi ölkəni regionun siyasi və hərbi lider ölkələrdən birinə çevirməkdir. Praktiki baxımdan Türkiyə rəhbərliyi ölkəsi ətrafında sülh və təhlükəsizlik zonası formalaşdırmaq məqsədi güdür. Çevik yanaşma, bütün iştirakçıların suverenliyinə və maraqlarına hörmət, Avrasiyanın ortaq taleyinin dərk edilməsi, təhdidlərin aydın meyarları kimi prinsiplər Türkiyənin regional əməkdaşlığı baxımından mühüm əhəmiyyət kəsb edir və Azərbaycan tərəfindən hərtərəfli dəstəklənir.

Qürurverici haldır ki, Azərbaycanın strateji müttəfiqi beynəlxalq arenada ciddi aktor kimi öz potensialını nümayiş etdirir. Ankara regional oyunçu və ya Avropa, Aralıq dənizi, Yaxın Şərq və Mərkəzi Asiyanın problemlərinin həll olunduğu açar ölkə kimi qalmaqda davam edir.

Bu gün dünyada, xüsusilə də Yaxın Şərq və postsovet məkanında hibrid müharibələrin alovlandığı bir vaxtda  Azərbaycan və Türkiyənin sülh, əmin-amanlıq içərisində olması, hər şeydən əvvəl, iki dövlət başçısının, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın müstəsna xidmətləri ilə bağlıdır. Azərbaycan və Türkiyə prezidentləri mühüm strateji qərarları ilə XXI yüzilliyin ən yeni Türk tarixində öz sözünü demiş əsl liderlərdir. Məhz bunun sayəsində hazırda Cənubi Qafqaz kimi mürəkkəb regionda sülhün və əməkdaşlığın inkişafı üçün yeni şərtlər formalaşdırılıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkiyə lideri ilə çoxsaylı görüşləri və həmin görüşlər çərçivəsində iki ölkənin qarşılıqlı maraqlarına uyğun məsələlərin müzakirə edilməsi həm Azərbaycan və Türkiyənin, həm də bütövlükdə regionumuzun təhlükəsizliyi və gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət başçıları arasında az qala hər həftə telefon danışıqları olur. Qardaş, dost və müttəfiq olan dövlətlərin liderləri məhz belə səmimi, işgüzar, dost münasibətdə olmalıdırlar. Şübhəsiz, Azərbaycan-Türkiyə müttəfiqliyi nümunəvidir. Bu gün regionun gündəliyində olan əsas məsələləri iki lider üzbəüz müzakirə edir. Əsas nəticə isə odur ki, Azərbaycan və Türkiyə vahid mövqedən çıxış edir. Bu, hər iki ölkə üçün olduqca vacibdir. Çünki Azərbaycan və Türkiyənin Cənubi Qafqazda gedən proseslərə təsir imkanlarını artırmaq mümkündür və bu, təkcə region dövlətləri deyil, bütün beynəlxalq birlik üçün müsbət nəticələr verəcək.

Ölkələrimizin yeni dünya düzənində oynayacağı rolun koordinasiya olunması da müstəsna əhəmiyyətə malikdir. Formalaşmaqda olan bu yeni dünya nizamında iki qardaş ölkənin oynayacağı mümkün rolun koordinasiya edilməsi, istər regional səviyyədə, istərsə də çoxqütblü dünya nizamında strateji müttəfiq olaraq onların yerinin müəyyən edilməsi çox vacibdir.

Ermənistanın Azərbaycan və Türkiyə prezidentləri tərəfindən irəli sürülən bütün təşəbbüslərə qoşulması, həm də İrəvanın rəsmi Bakı və Ankara ilə münasibətlərini normallaşdırmağa gətirib çıxaracaq. Azərbaycan dəfələrlə Ermənistanla tamhüquqlu sülh müqaviləsi üzərində işləməyə hazır olduğunu bildirib və bunun təməli olan 5 prinsip irəli sürüb. Eyni zamanda, Zəngəzur dəhlizinin yaradılması istiqamətində də işlərin aparılmasının vacibliyi vurğulanır ki, burada da Azərbaycan və Türkiyənin mövqeləri sıx əlaqələndirilir. Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan üçün ən azı bir səbəbə görə əhəmiyyətlidir: Ermənistan iqtisadiyyatı inkişaf edəcək, ölkə əhalisi normal yaşayacaq. Həmçinin Azərbaycan və Türkiyə vasitəsilə erməni tərəfi gələcəkdə möhkəmlənmək üçün imkanlar əldə edəcək.

Bu gün regionda Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda rəsmi Bakı və Ankara arasında münasibətlərin günü-gündən inkişaf etməsi Cənubi Qafqazda yaranan yeni regional münasibətlərin mühüm tərkib hissəsidir. Odur ki, Ermənistan onun qarşısında açılan iqtisadi reinteqrasiya imkanlarını düzgün dəyərləndirməlidir.

Beləliklə, hazırkı mərhələdə regionda və dünyada baş verən proseslər onu deməyə əsas verir ki, ölkəmiz özünün milli təhlükəsizliyinin bütün aspektlərinin, regional milli maraqlarının təmin edilməsi istiqamətində Türkiyə ilə birgə mühüm addımlar atacaqdır. Dövlətimizin başçısı, Müzəffər Ali Komandan cənab İlham Əliyev tərəfindən həyata keçirilən fəal və mütərəqqi çoxvektorlu xarici siyasət ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına, regionda sülhün əsas qarantına çevrilməsinə, özünün strateji müttəfiqləri və tərəfdaşları ilə qarşılıqlı faydalı münasibətlərin yaranmasına və möhkəmləndirilməsinə xidmət edir.

Emin QASIMOV,

"Respublika".