Azərbaycanın gənclər və idman naziri Beynəlxalq Boks Assosiasiyasının prezidenti ilə görüşüb
İdman

Azərbaycanın gənclər və idman naziri Beynəlxalq Boks Assosiasiyasının prezidenti ilə görüşüb

Dekabrın 23-də gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlyov ilə görüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qurumun inzibati binasında keçirilən görüşdə Fərid Qayıbovu nazir vəzifəsinə təyin olunması münasibətilə təbrik edən qonaq ölkəmizə səfəri çərçivəsində keçirəcəyi görüşlər, iştirak edəcəyik tədbirlər barədə məlumat verib.

Umar Kremlyovun səfər proqramının Azərbaycan boksçularına faydalı olacağına əminliyini bildirən Fərid Qayıbov qeyd edib ki, ölkəmiz bütün beynəlxalq idman qurumları kimi, Beynəlxalq Boks Assosiasiyası ilə də qarşılıqlı əməkdaşlığa xüsusi önəm verir.

Azərbaycan boksunun hazırkı vəziyyəti, gələcəkdə reallaşdırılması nəzərdə tutulan birgə layihələr və digər məsələlərin müzakirə olunduğu görüşdə Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov və digər şəxslər iştirak ediblər.

AZƏRTAC