Bir ildə iki ən müasir hava limanı
Siyasət

Bir ildə iki ən müasir hava limanı

Bu, ölkəmizin qüdrətinin, iqtisadi gücünün təzahürüdür

Zəngilan şəhərinin işğaldan azad olunmasının ikinci ildönümündə Türkiyə Prezidentinin Azərbaycana səfəri çərçivəsində Zəngilanda və Cəbrayılda olması xüsusi rəmzi məna daşıyırdı. Qardaş Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasiminin işğaldan azad olunan ərazilərdə keçirilməsi birliyimizi nümayiş etdirməklə mühüm əhəmiyyət kəsb edir, həm də dünyaya önəmli mesajlar verirdi.

Oktyabrın 20-də Azərbaycan və Türkiyənin Dövlət bayraqlarının dalğalandığı Zəngilan Beynəlxalq Hava Limanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb. Prezidentlər hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər. Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib. Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar. "Bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir", - söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, Türkiyə kimi qüdrətli ölkə ilə qardaşlığımız bizim üçün böyük xoşbəxtlikdir. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi. İki qardaş ölkə prezidentlərinin Qarabağın və Şərqi Zəngəzurun hava qapısını dünyaya birgə açmaları sarsılmaz birliyin möhtəşəm nümunəsinə çevrildi. "İşğaldan azad edilən qədim Azərbaycan torpaqlarında bir il ərzində ən müasir ikinci hava limanını açmaq bu qədər çətin dövrdən sonra hər ölkənin bacara biləcəyi bir iş deyil". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatında bildirib.

Cəbrayıl şəhərində mətbuata verdiyi bəyanatda 44 günlük Vətən müharibəsində ölkəmizin inamlı Qələbəsindən danışan Prezident İlham Əliyev bildirdi ki, bu şanlı tarix Azərbaycan və Türkiyənin müştərək tarixidir. Çünki hər zaman olduğu kimi, qardaş Türkiyənin ölkəmizə siyasi və mənəvi dəstəyi savaşın son gününə qədər davam etdi. Azərbaycan-Türkiyə birliyi bir daha zəfər çaldı. İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir.

Ötən il oktyabr ayının 26-da Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanının təntənəli açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etmişdilər. Qeyd edək ki, 2021-ci ilin yanvarında Azərbaycan Prezidenti Füzulidə beynəlxalq hava limanının tikintisi barədə sərəncam verib. Həmin il yanvar ayının 14-də ölkə başçısının iştirakı ilə hava limanının təməli qoyulmuşdu. Ən müasir tələblərə cavab verən bu beynəlxalq hava limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini göstərməklə yanaşı, həm də işğaldan azad edilmiş rayonlarımızın tezliklə bərpa olunacağının və oraya yenidən həyatın qayıdacağının müjdəsi olmuşdu. O zaman qeyd olunmuşdu ki, Zəngilan və Laçında da beynəlxalq hava limanları tikilir və onların inşası ilə regionun nəqliyyat imkanları daha da genişləndiriləcək. Zəngilan Beynəlxalq Hava Limanından sonra Laçında növbəti üçüncü hava limanının istifadəyə verilməsi 2024-cü ilə nəzərdə tutulur. Tikintisi 1,5 il davam edən Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında ikinci hava limanının təməli 2021-ci il aprelin 26-da qoyulub. Hava limanı ən yüksək dünya standartlarına uyğun inşa edilib. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.

Müharibədən sonra Qarabağda və Şərqi Zəngəzurda başlayan genişmiqyaslı quruculuq işlərinin böyük ruh yüksəkliyi, gözəl əhvali-ruhiyyə ilə şahidi oluruq. Dövlət bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına, keçmiş məcburi köçkünlərin tezliklə öz el-obalarına qayıtmasına səfərbər edib. Qısa zaman içərisində inanılmaz işlər görülüb. Yollar, elektrik və su xətləri, dəmir yolları çəkilir, hava limanları tikilib istifadəyə verilir. Bütün bunlar Prezident İlham Əliyevin göstərişi və rəhbərliyi ilə başlanmış işlərin müəyyən bir hissəsidir. İqtisadi inkişaf planları işğaldan azad olunmuş bütün rayonları əhatə edir. Sadəcə, burada Prezidentin dəfələrlə vurğuladığı bir məqam - zamanla yarış məsələsi var. Üstəgəl, zaman faktorundan başqa, erməni cəlladlarının torpaqlarımızda basdırdıqları minalar da Azərbaycanın Qarabağın yenidən qurulması işlərinə əngəl yaradan, ləngidən amil kimi çıxış edir. Prezident İlham Əliyevin bölgələrə etdiyi səfərlər bu ərazilərdə aparılan işlərin intensivliyini stimullaşdıran əsas amildir. Dövlət başçısının hər bir layihənin icrasını xüsusi diqqətdə saxlaması işlərin yüksək effektivliyini təmin edir.

"Bugünkü güclü Azərbaycan bütün bu işləri görməyə qadirdir. Siyasi iradə var, iqtisadi güc var, xalqımızın səfərbərliyi var, milli həmrəylik ən yüksək zirvədədir və əlbəttə ki, şanlı tarixi Zəfərimiz hər birimiz üçün qürur mənbəyidir". Bu fikirləri bildirən Prezident İlham Əliyev qarşıda duran məqsədlərə nail olunacağına əminliyini ifadə edib. Böyük Qayıdış planına uyğun olaraq, məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması üçün dövlət bütün imkanlarını səfərbər edib. Hazırda həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası, məktəb, xəstəxana tikintisi sürətlə davam edir.

Bu gün biz ölkəmizin uğurlarına sevinirik, iki qardaş ölkənin atdığı və atacağı hər bir əhəmiyyətli addım bizim qürur və iftixarımızı daha da artırır.

Mustafa KAMAL,

"Respublika".