BMU-da Ümummilli Liderin anım gününə həsr olunmuş tədbir
Digər xəbərlər

BMU-da Ümummilli Liderin anım gününə həsr olunmuş tədbir

Bakı Mühəndislik Universitetində (BMU) ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) BMU ərazi ilk partiya təşkilatı ilə birgə gerçəkləşdirilən tədbirdə öncə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Heydər Əliyevin həyat və fəaliyyətinə aid videoçarx nümayiş olunub.

Konfransda çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən ətraflı bəhs edib.  Rektor bildirib ki, ümummilli lider Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizi zamanın sərt və ağır sınaqlarından çıxarıb, xalqın ictimai-siyasi, həmçinin mədəni həyatının bütün sahələrində dirçəliş baş verib.

Havar Məmmədov Azərbaycan xalqının təkidli xahişlərindən sonra ikinci dəfə siyasi hakimiyyətə qayıdan ulu öndərin ölkəni böyük bəlalardan xilas etdiyini vurğulayıb. Heydər Əliyevin müdrikliyi, zəngin həyat və idarəçilik təcrübəsi, qətiyyəti, uzaqgörənliyi sayəsində ölkəmizdə möhkəm daxili ictimai-siyasi sabitliyin bərpa olunduğunu qeyd edən rektor ümummilli liderin iqtisadiyyat, ordu quruculuğu, elm, təhsil və s. sahələrdə həyata keçirdiyi işləri vurğulayıb.

Bugünkü qüdrətli Azərbaycanın əsasını ulu öndər  Heydər Əliyevin qoyduğunu deyən rektor ümummilli liderin layiqli davamçısı, siyasi varisi cənab İlham Əliyevin 18 illik Prezidentliyi dövründə ölkəmizin sürətli inkişaf yolu keçdiyini və bu dövrdə əldə olunan möhtəşəm nailiyyətlərin zirvəsində 44 günlük Vətən müharibəsində qazandığımız parlaq qələbənin dayandığını bildirib. Ümummilli lider Heydər Əliyevin "Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək" fikirlərini xatırladan Havar Məmmədov Azərbaycan xalqının bu tarixi bəyanatın gerçəkliyinin bir daha əyani şahidi olduğunu vurğulayıb.

Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında xidmətlərini özündə əks etdirən məruzə ilə çıxış edib. Heydər Əliyevin dünyamiqyaslı siyasətçi olduğunu vurğulayan millət vəkili ulu öndərin liderlik xüsusiyyətlərindən danışıb. Vətəninə bağlı ümummilli liderin həmişə sadə xalqın içində olduğunu tarixi faktlar və nümunələrlə tədbir iştirakçılarının diqqətinə çatdıran Z.Oruc bu gün qalib xalq olmağımızın, tarixi qələbəmizin kökündə Heydər Əliyev siyasətinin dayandığını bildirib.

BMU-nun İctimaiyyətlə Əlaqələr Şöbəsi.