BMU tələbələri Hərbi Qənimətlər Parkında
Sosial həyat

BMU tələbələri Hərbi Qənimətlər Parkında

Bakı Mühəndislik Universiteti (BMU) tələbələrinin Azərbaycan xalqının tarixi qalibiyyətinin simvollarından birinə çevrilən Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil edilib.

Tələbələr 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında ardıcıl məğlubiyyətlərə məruz qalan düşməndən əldə etdiyimiz hərbi qənimətlərlə yaxından tanış olublar. Burada tələbələrə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbə, ordumuzun düşməndən qənimət götürdüyü hərbi texnikalar barədə ətraflı məlumatlar verilib.

Bildirilib ki, burada İkinci Qarabağ müharibəsi zamanı qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat nümayiş olunur.

Təqdim edilən eksponatlarla, həmçinin 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar və Vətən müharibəsinin gedişatı barədə məlumatlarla tanışlıq tələbələrdə Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradıb.

BMU-nun İctimaiyyətlə əlaqələr şöbəsi.