Doğum günündə anılan igid
Region

Doğum günündə anılan igid

Elçin  İsmayılov  1991-ci il fevral  ayının  7-də  imişli  şəhərində  anadan  olub.  Azərbaycan  Ordusunun  MAHHXHQ  İsmayılov  Elçin  Mikayıl  oğlu Vətən  müharibəsi  zamanı   Füzulinin,  Cəbrayılın,  Zəngilanın,  Xocəvəndin, Laçının,  və  Qubadlının  düşməndən  azad  edilməsi  uğrunda  gedən  döyüşlərdə vuruşub. Noyabr  ayının  4-də  Şuşa  ətrafında   gedən  döyüşlərdə  qəhrəmancasına şəhid  olub. İmişli  Rayon  İcra  Hakimiyyətinin  başçısı Elçin  Rzayev  və aparatın  məsul  əməkdaşları,  şəhidin  Rəsullu  kənd   qəbiritanlığında  məzarını  ziyarət  edib, üzərinə  tər  qərənfillər  düzüb, ruhuna  dualar  oxuyub,  əziz  xatirəsini  ehtiramla  yad  etdilər.  Ziyarət  zamanı  Elçinin  keçdiyi  şərəfli  döyüş  yolundan  danışılıb  və onun  kimi  şəhidlərimizin  qanının  yerdə  qalmadığı  bildirildi. Rayon rəhbəri   və  Aparatın məsul əməkdaşları   Elçinin yaşadığı  evə  gələrək   ailəsinin qayğıları  ilə  maraqlandılar.

Şəhidimizin  anası  Balaxanım  Qulamalıyeva  onlara  göstərilən  diqqət  və  qayğıya  görə  ölkə  Prezidenti  Ali  Baş  Komandan  İlham  Əliyevə  və  Birinci  vitse-prezident  Mehriban  xanım  Əliyevaya  minnətdarlıqlarını  bildirdi. Övladlarının  adlarının  əbədiləşdirilməsi  istiqamətində  görülmüş  işləri  dövlətin,  ölkə  başçısının  şəhidlərimizə,  onların  ailələrinə qayğının  əyani sübutu kimi dəyərləndirdi. Çıxış edən  icra başçısı Azərbaycan xalqının vətənpərvərliyindən, Vətən müharibəsində ordumuzun nümayiş etdirdiyi yüksək peşəkarlıqdan, Elçinin keçdiyi döyüş yolundan danışıb. Qeyd edilib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə nəticəsində torpaqlarımız işğaldan azad edildi və bütün şəhidlərimizin, döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İsmayılov Elçin Mikayıl oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Ərəstun ABDULOV,
“Respublika”.