Düşmənin başına od ələyən  igid
Region

Düşmənin başına od ələyən  igid

Dünyaya göz açdığı gündən Vətən sevgisi ilə boy atan Elnur Cəlal oğlu Dadiyev  bu ilahi sevginin qanadlarında əbədi olaraq milyonların ürəyində yaşamaq  hüququnu qazandı. Onun ömür yolu  22 il çəkdi.  Qısa həyatı qüruruna, vüqarına, mərdliyinə,  bağlandığı  millətinə şərəf gətirdi. Qəlbi sevdalı lerikli balası Vətən müharibəsində  30 il qəddar erməni dığalarının əsarətində olmazın bəlalar  çəkən əzəli yurd yerimiz Qarabağ torpaqlarının azadlığı naminə  canını fəda etməyi bacardı. 

Elnur Lerik rayonunun Buruq kəndində anadan olmuşdur. Dağlar oğlunun ailəsi  Bakı şəhərinə köçür, Sabunçu qəsəbəsində özlərinə yurd-yuva qururlar. Elnur  14 saylı Bakı Peşə liseyində  oxuyub dərzilik  sənətinə yiyələnir. 2016-cı ildə onu Lerik Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi  xidmətə göndərirlər. Cəbhə bölgəsində Vətəninin keşiyində durmağı özünə böyük şərəf sayır. Onu göz bəbəyi tək qorumaqla  əsgərlərin, komandirlərin ürəyinə nüfuz edir, hörmət qazanır. Yeri gələndə, bir sıra əməliyyatlarda  müqəddəs  Vətən torpaqlarına göz dikən yağı düşmənə yerini göstərməyi də bacarır.

Əsgərlikdən sonra Elnur  ailəsinə kömək etmək məqsədilə dərzi işləməyə başlayır.  Xoşbəxtliyini  Vətəninin azadlığında, insanlara nümunəvi xidmətdə görən sağlam əqidəli gənc səliqəli, zövq oxşayan işi  ilə evə yaxşı qazanc aparır.  Təkcə onu narahat   edən erməni dığalarının Qarabağımıza təcavüzü olur.  Hər an   Vətən torpaqlarının  bir qarışı  da   düşmən ayaqları  altında qalmasın deyə, güllə qabağına  getməyə hazır durur. Odur ki,   Elnur  İkinci Qarabağ müharibəsi başlanan andan  xüsusi göstəriş gözləmədən düşmənlə müharibəyə atılır.  Füzuli və Xocavənd uğrunda gedən ağır döyüş meydanında  mərdliyi, cəsarəti   qəhrəmanlıq tariximizə  düşür. Azad olunan torpaqlar qəlbindəki Vətən sevgisini  bir daha coşdurur.  Ölümün gözünə dik baxa-baxa sərrast atəşlə  ermənilərin  neçə-neçə  texnikasını, canlı qüvvəsini məhv edir.  26 oktyabr 2020-ci il tarixində  şəhid  olur.

Lerikli balası  Vətənin hər qarışını canından əziz bilirdi.  Dağlar diyarı Lerikdə dünyaya gəldi,  sinəsinə əbədi baş qoyduğu torpaq  Zabrat  qəbiristanlığı oldu. Dövlət tərəfindən layiq görüldüyü “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olmasına görə”  medalları  bizlərə yaxşı təsəllidir...

 Zəfər ORUCOĞLU.