Ədalət Məhkəməsindən ədalətli qərar
Siyasət

Ədalət Məhkəməsindən ədalətli qərar

Ermənistan qurumun bu mövqeyi ətrafında spekulyasiya edir

Beynəlxalq Ədalət Məhkəməsi "İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında" beynəlxalq konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə hüquqi platformalardan biridir. Bu günlərdə Məhkəmənin qərarında Ermənistanın tərəflər arasında mübahisəni gərginləşdirməkdən çəkinmək barədə hələ də öhdəlik daşıdığı bir daha təsdiqlənib. Xatırladaq ki, Məhkəmə 7 dekabr 2021-ci il tarixli qərarında da eyni öhdəliyi müəyyən etmişdi. Yeni qərarda ikinci dəfə bu öhdəliyin təsbit olunması əslində gərginliyin məhz Ermənistandan qaynaqlanması barədə prosessual mövqe formalaşdırır. Zənnimizcə, ədalətli yanaşmadır.

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın iki iddiası - Azərbaycan tərəfindən etiraz aksiyalarının təşkili və dəstəklənməsinin dayandırılması və Qarabağa təbii qaz və digər kommunal xidmətlərin verilməsini dərhal bərpa etməsi barədə müvəqqəti tədbirlərin tətbiqini tələb edən vəsatətlərini rədd edib. Bu isə İrəvanı hüquq müstəvisində çətin duruma salır. Belə ki, belə bir mövqe həm də siyasi nəticə doğurur və Qarabağ bölgəsində yaşayan ermənilərin blokadaya alınması və humanitar fəlakətlə üz-üzə qalması barədə bəyanatların əslində həqiqət olmadığını hüquqi cəhətdən əsaslandırır. Digər bir tərəfdən, məhkəmə öz qərarında Azərbaycanın səlahiyyətləri daxilində Laçın yolu boyunca təhlükəsiz hərəkəti təmin etmək üçün sərəncamında olan bütün addımları atdığı və atacağına dair, habelə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirdiyi barədə səylərini nəzərə alıb ki, bu da özlüyündə pozitiv məqamlardır. İşə mahiyyəti üzrə baxarkən isə bu, nəzərə alınacaq vacib məsələlərdir.

Ermənistan isə məhkəmənin bu qərarı ətrafında yenə də spekulyasiya ilə məşğuldur. Ermənilər və Soros qaynaqlı bəzi yerli media təsisatları Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolu ilə bağlı qərarını xüsusi qabardaraq az qala Ermənistanın qələbəsi kimi təqdim etmək üçün məqsədli şəkildə pozucu xarakterli məlumat yayırlar. İşğalçı ölkənin baş naziri Nikol Paşinyan Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı şərhində bildirir ki, guya Məhkəmə Laçın yolunun bağlandığına dair iddianı qeydə alıb. Ancaq bu şərh Məhkəmənin müvəqqəti tədbirlər barədə qərarının əsaslandığı mətnlə üst-üstə düşmür və qərarda yolun bağlandığı qeyd olunmur. Görünür, işğalla barışmayan Ermənistan Ədalət Məhkəməsinin bu qərarını da öz xeyirlərinə təhrif etməyə çalışır.

Laçın yolunda Azərbaycanın vəzifələrinin nədən ibarət olduğu barədə məsələni şərh edən Ermənistanın baş naziri görünür ki, hələ də 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda Azərbaycan Respublikasının Laçın yolu üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verməsi barədə müddəanı düzgün anlamayıb.

Azərbaycanın Laçın yolunda hərəkətin təhlükəsizliyinə zəmanət verməsi yoldan sui-istifadə hallarına imkan yaradılması kimi anlaşılmamalıdır və Azərbaycan tərəfinin buna imkan yaratmayacağı dəfələrlə bəyan olunub.

Beynəlxalq Ədalət Məhkəməsinin guya Ermənistanın vəsatətini təmin etdiyi barədə əsassız iddia ilə bağlı demək olar ki, Məhkəmənin müvəqqəti tələbi Ermənistanın tələbilə eyni deyil və Məhkəmənin qənaəti budur ki, Azərbaycan "fasiləsiz hərəkəti təmin etmək..." əvəzinə "öz ixtiyarında olan bütün tədbirləri görməlidir". Məhkəmə eyni zamanda, Ermənistanın yolboyu hərəkətin "sərbəst" olması və "bütün" şəxslər, yük və nəqliyyat vasitələri üçün təmin olunması ilə bağlı iddiasını da qəbul etməyib. Bununla, Məhkəmə Azərbaycanın mövqeyinə dəstək verərək Laçın yolu ilə hərəkətin Ermənistanın iddia etdiyi kimi "azad", yəni heç bir nəzarət olmadan həyata keçirilməsi barədə Ermənistanın tələbini rədd edir.

Nikol Paşinyanın minalarla bağlı Məhkəmə qərarını da təhrif edən açıqlaması var. Ermənistan tərəfi bu məsələdə yenə də öhdəliyi öz üzərindən atır. Halbuki, Məhkəmədə dinləmələr bir daha göstərib ki, Ermənistanın mina istehsal etmədiyi və ərazilərimizə basdırmadığı barədə beynəlxalq təşkilatlara təqdim etdiyi hesabatlar yalan üzərində qurulub. İşğalçı ölkənin yalançılığını Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda da ifşa edib.

Dövlət başçısı moderator Kristof Heusgenin: "...Siz humanitar jest edə bilərsinizmi ki, bu blokadaya son qoyulsun və baş nazirin dediyi kimi, Dağlıq Qarabağdakı insanlar çox ağır şəraitdə yaşayırlar..." - sualına cavabında deyib: "...Sadəcə, məlumat üçün sizə bildirim ki, Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, əslində bu, rus sözüdür, "naqorno" dağlıq deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur... dekabrın 12-dən bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qızıl Xaçın təmsilçilərinin yük avtomobilləri keçib. Qarabağdan demək olar ki, 100 pasiyent müalicə üçün Qızıl Xaç tərəfindən Ermənistana aparılıb. Beləliklə, yol açıq olduğu halda biz bunu necə blokada adlandıra bilərik?!". Prezident öz çıxışında dünyanı bir daha ədalətli olmağa çağırıb, 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan ölkəyə indiyədək "gözün üstündə qaşın var" deyilmədiyini də diqqətə çatdırıb, hazırkı vəziyyəti düzgün dəyərləndirmək üçün bir qədər tarixə nəzər salmağın vacibliyini də vurğulayıb: Unudulmamalıdır ki, Azərbaycanın Livan böyüklükdə ərazisi ermənilər tərəfindən tamamilə xarabalığa çevrilib və bu gün onun bərpası ilə məşğuldur.

Bəli, Azərbaycan hər zaman öz haqlarını beynəlxalq hüquq çərçivəsində tələb edir, müharibədə məğlub olan Ermənistan isə fürsət düşdükcə beynəlxalq instansiyalara, müəyyən dairələrə müraciət edərək öz yalanları, riyakarlıqları ilə nəsə qazanmağa, əldə etməyə çalışır. Bu ölkə hər yola əl ataraq sülh prosesini ləngitmək üçün səy göstərib. Ölkəmiz isə beynəlxalq səviyyədə arqumentlərlə, hüquq və normalara uyğun olaraq öz haqlarını, hüquqlarını qoruyub, ədaləti bərpa edib.

Beləliklə, Azərbaycan və Ermənistanın bir-birinə qarşı iddiaları bir daha nəzərdən keçirildi. Təbii ki, Beynəlxalq Ədalət Məhkəməsi qərəzli olmasa belə qərar qəbul etməkdə çətinlik çəkəcəkdi, axı nəzərə almaq lazımdır ki, o, pis-yaxşı BMT-nin məhkəməsidir. Ancaq hər halda ədalətlilik prinsipini bu dəfə qorumağa çalışıb. Ölkəmizin hüquqi müstəvidə mübarizəsi isə davam edir.

Zümrüd QURBANQIZI,

"Respublika".