Ədliyyə fəaliyyətinin əsasında vətəndaş məmnunluğu dayanır
Sosial həyat

Ədliyyə fəaliyyətinin əsasında vətəndaş məmnunluğu dayanır

Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaşların müraciətlərinə, xüsusilə müharibə iştirakçılarının və şəhid ailələrinin qayğılarına həssaslıqla yanaşılması ilə bağlı tələbləri Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dövlətimizin başçısının tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ədliyyə naziri Fikrət Məmmədov tərəfindən noyabrın 3-də Xaçmaz regional ədliyyə idarəsində Xaçmaz, Şabran və Siyəzən rayonlarından və digər bölgələrdən olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı qəbulu keçirilib.

Tədbirdən öncə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, bu zaman Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılıb. Qaldırılan məsələlərin bir qisminin yerində həlli ilə bağlı tədbirlər görülüb, bəziləri isə nəzarətə götürülərək nazirliyin qəbulda iştirak edən məsul işçilərinə zəruri tapşırıqlar verilib.

Vətəndaşlar onların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasına, göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

Səfər zamanı ədliyyə naziri yerli ədliyyə qurumlarının və məhkəmənin işi ilə tanış olub, onların fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tapşırıq və tövsiyələr verib.

Həmin gün ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri F.Məmmədov Xaçmaz regional ədliyyə idarəsinin yurisdiksiyasına aid yerli ədliyyə qurumlarının işçiləri və hakimlərlə zona müşavirəsi keçirib.

Nazir şanlı tariximiz olan Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz sərkərdəliyi ilə qazanılmış Böyük Qələbənin ikinci ildönümü, 8 Noyabr - Zəfər Günü münasibətilə təbrikini çatdırıb, azad edilmiş torpaqlarımızda dövlət başçısının rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal iştirakı ilə aparılan misilsiz bərpa-quruculuq işlərini vurğulayıb, bu çərçivədə ədliyyə və məhkəmə fəaliyyətinin təşkili ilə bağlı görülən tədbirləri, o cümlədən müasir innovasiyalar tətbiq olunmaqla səyyar ədliyyə xidmətlərinin davamlı təşkilini qeyd edib.

Müşavirədə ölkəmizin hərtərəfli tərəqqisinə uyğun olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları, ədliyyə və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı görülən tədbirlər, bu sahədə yol verilən nöqsanlar və qarşıda duran vəzifələr müzakirə olunub.

Nazir ədliyyə orqanlarının işinin müasir çağırışlara uyğun səmərəli təşkili, əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, rəqəmsal innovasiyaların tətbiqinin genişləndirilməsi, məhkəmə qərarlarının və cəzaların icrası işinin yaxşılaşdırılması ilə bağlı görülən işləri qeyd edib.

Bildirib ki, insanlara layiqli xidmət, vətəndaş məmnunluğu ədliyyə fəaliyyətinin əsas prioritetidir. Bununla bağlı dövlət başçısının tələbləri daim rəhbər tutulmaqla vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaşların müraciətlərinə daim diqqət və qayğı ilə yanaşılması, icra intizamına və etik davranış qaydalarına dönmədən əməl olunması ədliyyə işçilərinin ən ümdə vəzifələridir.

Müşavirədə dövlətimizin başçısının qəti iradəsi ilə korrupsiyanın qarşısının alınması ilə bağlı aparılan sərt mübarizə tədbirlərinə toxunularaq, neqativ hallara qarşı barışmaz münasibət göstərildiyi, yol verilən kobud pozuntulara görə ən ciddi tədbirlərin görüldüyü bildirilib.

Bununla yanaşı, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi ilə bağlı tədbirlərdən danışılıb, vətəndaşların haqlı narazılığına səbəb olan halların aradan qaldırılması diqqətə çatdırılıb, məhkəmələrə ictimai etimadın yüksəldilməsi, şəffaflığın artırılması, məhkəmə qərarlarının ədalətliliyinin təmin olunmasının vacibliyi qeyd olunub.

AZƏRTAC