Elin qəhrəman oğlu
Sosial həyat

Elin qəhrəman oğlu

Qarabağın ən gözəl guşələrindən olan qədim Kolanı obasında  dünyaya göz açan, dağların, dərələrin qol-boyun olduğu, buz bulaqların, ormanların havası, nəfəsi dolaşan, Xaçınçayın zümzüməli sahilində, qədim türk abidələri ilə öyünən Əliağalı kəndində uşaqlığı, yeniyetməliyi bir nağıl kimi keçən Nadir Əliyev Birinci Qarabağ müharibəsinin qəhrəmanıdır. Doğulub boya-başa çatdığı el-obaya şöhrət gətirən Nadir  kimi qəhrəmanlar ən parlaq ulduzlara bənzəyirlər və onların ömür yolu gənc nəsil üçün əsl örnəyə çevrilib.

Dünyadan köçsələr də əbədi nur kimi heç zaman sönmür, igidlikləri, fədakarlıqları  həmişəlik bu dünyada qalır. Bir tərəfdən də qəhrəmanlıq ənənə ilə, mənəvi bağlarla yaranır, Vətənə, torpağa sevgidən doğur. Bu həqiqəti zaman həmişə sübuta yetirib.

Tarixi mənbələrə əsasən deyə bilərik ki, Oğuz tayfa ittifaqına daxil olan ilk orta əsrlərdəki tayfalardan biri də Kolanı tayfası olub. Kolanılar Azərbaycanın şimal torpaqlarının əsasən dağətəyi ərazilərində yaşayıblar. Bu ərazilərə Şirvan, Qarabağ və Azərbaycanın qərb torpaqları Naxçıvan, İrəvan daxil idi.

Tarixin səhifələrində Kolanı tayfası ilə bağlı çoxlu məlumatlar öz əksini tapıb.Yəni, əsrlər boyu bu torpaqlarda zaman-zaman qəhrəmanlar yetişib. Torpaq uğrunda döyüşüblər, igidlik göstəriblər,həmin şərəfli ənənə iyirmi birinci əsrə qədər gəlib çatıb. Birinci Qarabağ müharibəsində Ağdam rayonunun Əliağalı kəndindən 42 nəfər şəhid olub,bir neçə nəfər isə itkin düşüb, onlarla insan əlil olub.

Həyat yolu qısa olsa da, ancaq, mənalı, yaddaqalan və örnək olan bir ömürdür.

Nadir Əliyev 1962-ci il iyul ayının 30-da Ağdam rayonunun Əliağalı kəndində anadan olub. Xaçınçayın zümzüməli sahilində Alış kişinin evində böyüyüb. Nadirin uşaqlığı gözlərimiz önündə keçib, qoçaq, işgüzar, tərbiyəli, tay-tuşları arasında fərqlənən bir övlad idi. Sonra Alış dayı ailəsi ilə birlikdə Bakı şəhərinə köçdü. Nadirin anası Səmərqə xala kəndimizdəki tibb məntəqəsində tibb bacısı işləyirdi, xeyirxahlığı ilə kənd camaatının dərin hörmətini qazanmışdı. Alış dayı da səmimi, zəhmətkeş bir insan idi.

Nadir 1977-1981-ci illərdə Bakı Politexnik Texnikumunda təhsil alıb. 1991-ci ildə DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbini, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1991-ci ildən Milli Təhlükəsizlik, dekabr ayınadək Azərbaycan DTK-nın (1991-ci ilin noyabr ayından MTN-nin) Mardakert (Ağdərə) rayon bölməsində, 1992-ci ildən isə Azərbaycan Respublikası Milli TəhlükəsizlikNazirliyinin Qarabağ üzrə İdarəsinin Ağdərə Rayon Bölməsində baş əməliyyat müvəkkili işləyib.

Həmin illərdə “Qarabağ” qəzetində işləyirdim. Dəfələrlə Nadirlə Ağdərə rayonunun azərbaycanlılar yaşayan kəndlərinə birgə getmişik. Sırxavənd kəndində əhali ilə görüşəndə Nadir kəndin etibarlı müdafiəsi üçün məsləhətlər verirdi. Çox vətənpərvər idi, ermənilərin həyasızlığına dözə bilmir, terrorçuların məhv edilməsində şəxsi igidlik göstərir, gecə-gündüz kəndlərdə olurdu. Gecə kənddə qaldıq, gecəyarısı ermənilər kəndi atəşə tutdular. Nadir avtomat silahını götürüb döyüş mövqeyi tutdu. Atışma səhərə qədər davam etdi.

1993-cü ilin yanvar ayında MTN-in Ağdam Rayon Şöbəsinə baş əməliyyat müvəkkili təyin olunub. Ağdamda işləyəndə imkan tapan kimi görüşürdük. Bir dəfə Ağdərə istiqamətindən qayıdanda gördüm ki, Nadir bir dəftərçəyə qeydlər edir. Ağdama çatandan sonra soruşdum ki, maşında nə yazırdın?! Gülümsədi və dedi ki, qeydlər aparıram. Şifrəli dəftərdir. Daha heç nə soruşmadım. Dəqiq bilirəm ki, həmin dəftərdə xəyanətin izləri və satqınlar haqqında məlumatlar olub. Həmişə deyirdi ki, son damla qanıma qədər döyüşəcəyəm, ermənilər Ağdamı mənim meyitimin üstündən keçərək ala bilərlər. Elə dediyi kimi də oldu. Ağdamın işğal günü  şəhid oldu. Bir həftə sonra isə  ad günü olacaqdı. 31 yaşında şəhidlik zirvəsinə ucalıb!

Ağdərə uğrunda döyüşlərin qızğın dövründə cəbhə bölgəsinə ezam edilməsi üçün könüllü rəhbərliyə raportla müraciət edib, MTN-in xüsusi təyinatlı hərbi dəstəsinin tərkibində Ağdərə rayonunun Sırxavənd kəndində gedən döyüşlərdə igidlik və şücaət göstərib. Sırxavəndin işğalına dözə bilmirdi, elə hey deyirdi ki, torpaqlarımıza sahib çıxa bilmirik.  Ağdam rayonunun Qiyaslı kəndi uğrunda gedən döyüşlərdə düşmənə əsir düşməmək üçün sonadək müqavimət göstərib və qəhrəmancasına şəhid olub.

Milli Qəhrəman Nadir Əliyevin oğlu Şəhriyar atasına çox oxşayır, elə bil, bir almanın iki üzüdür. Şəhriyar deyir:

-Atam rəhmətə gedəndə mənim üç, bacımın isə iki yaşı var idi. O şəhid olandan sonra bütün yaxınlar və dostlar bizə çox kömək oldu. Mən özümü dərk edən gündən çalışıram ki, anamı incitməyim. Çünki tək oğul övladı olaraq, atamdan sonra ailəmizin yeganə dayağı mənəm. Anam danışır ki, atam bütün söhbətlərində vətənimiz üçün və torpaqlarımızın müdafiəsi üçün əlindən gələni edəcəyini və düşmənin bir qarış torpağımızı belə, ala bilməyəcəyini deyirdi.

Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda  döyüşənlər çağdaş dövlətçilik tariximizin qəhrəmanlıq salnaməsində layiqli və dəyərli iz qoyublar. Vətən uğrunda qəhrəmanlıq göstərən Nadir Əliyevin həyatı və fəaliyyəti gələcək nəsillər üçün əsl məktəbdir.

Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü il tarixli 218 saylı Fərmanı ilə Əliyev Nadir Alış oğlu ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb. Qəhrəmanımız Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Suraxanı rayonundakı 282 saylı orta məktəb qəhrəmanın adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub. Ailəli idi. İki övladı yadigar qalıb.

Rahat uyu, şəhid qardaşımız, uğrunda canını fəda etdiyin torpaqlar işğalçılardan azad edilib. Müzəffər ordumuz bütün şəhidlərin qisasını alıb, erməni işğalçılarını məhv edib. Biz doğma kəndimiz Əliağalıya qayıdırıq, heyif, sənsiz gedirik. Fəqət o kəndin hər cığırında, hər qayasında, Xaçınçayın suyunda, bulaqların başında, ormanlarda sənin ayaq izlərin qalıb. Adın ürəklərimizdə əbədiləşib, qəhrəmanlığın daim yaşayacaq!

Salman ALIOĞLU,

“Respublika”.