Fermerlərin qarğıdalı əkininə marağı artıb
Region

Fermerlərin qarğıdalı əkininə marağı artıb

Qarğıdalı Azərbaycanın ənənəvi kənd təsərrüfatı bitkisidir və hazırda onun əkin sahələri ölkədə 32-33 min hektar arasındadır. Əsasən dən məqsədilə əkilir və önəmli ərzaq məhsulu sayılır. Məhsuldarlıq hər hektardan 85-90 sentner təşkil edir ki, bu da dünya praktikasında çox yüksək göstəricidir. Çünki inkişaf etmiş ölkələrdə, hətta belə yüksək göstərici yoxdur.

Tovuzda bu rəqəm 26 min sentnerə, Ağcabədidə 22 min sentnerə yaxın, Zaqatalada isə 20 min sentnerdən çoxdur. Balakəndə 8 min hektara, Zaqatalada 4 min hektara yaxın sahədə dən üçün qarğıdalı əkilir və bu proses getdikcə genişlənir. Bütövlükdə ölkə üzrə toplanan məhsul 290-320 min ton arasında dəyişir.

Amma son illər dən üçün qarğıdalı ilə yanaşı, silosluq qarğıdalı əkini də genişlənib. Taxıl biçinindən sonra təkrar silosluq qarğıdalı əkilir ki, bu da heyvandarlığın inkişafı üçün çox vacibdir. Respublikada heyvandarlığın inkişafında onun yem tədarükü əsas şərtdir. Bu vacib şərt əsas götürülərək yonca, qarğıdalı əkini sahələri genişləndirilir.

Təkrar qarğıdalı əkini taxıl biçinindən sonra fermerlərə gəlirlərini artırmağa, bir ildə iki dəfə subsidiya almağa, eyni zamanda torpaqlardan daha səmərəli istifadə etməyə imkan verir. Təkrar əkinlər arasında qarğıdalı əkini fermerlər üçün daha çox maraq kəsb edir. Taxıl biçini ilə növbəti mövsüm payızlıq əkinlərə qədər olan müddətdə sahədə silosluq qarğıdalı yetişdirilməsi heyvandarlıq təsərrüfatlarının sulu-şirəli yemə olan tələbatının ödənilməsini və qidalı yemlə təminatını yaxşılaşdırır. Təkrar qarğıdalı əkinləri xüsusilə südçülük üzrə ixtisaslaşmış təsərrüfatların qışlama dövründə yaşıl yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Silos yeminin hazırlanması və saxlanılması ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən təşkil olunan maarifləndirmə tədbirləri də təkrar qarğıdalı əkinlərinə marağı artırıb.

Heyvanların qış yemləməsində əsas yem komponenti silos sayılır. Növbəli əkin prosesində silosluq qarğıdalının becərilməsi, təsərrüfatların yem bazasının formalaşmasında, qidalı yem rasionunun tətbiqində xüsusi əhəmiyyəti var. Çünki silosluq qarğıdalı sulu-şirəli yemlər sırasında özünün qidalılıq dəyərinə görə mühüm yer tutur. Onun tərkibindəki konservləşdirilmiş protein, vitamin və mineral maddələr süd məhsulunun artımında, maddələr mübadiləsinin fizioloji olaraq düzgün getməsində, immun sistemin güclənərək heyvanların sağlamlığında da xüsusi rol oynayır. Cins damazlıq heyvanlardan adi yemləmə (birtərəfli, yaxud enerji dəyəri aşağı olan) ilə 18-22 litr süd əldə olunursa, qışlama dövründə silosdan istifadə etməklə süd istehsalını 25-35, balanslaşdırılmış yemləmə zamanı 40 litrədək artırmaq olar. Qış yemləməsində silosluq qarğıdalıdan istifadə maya dəyərini azaltmağa, təsərrüfatların iqtisadi səmərəsinin yüksəldilməsinə səbəb olur.

Nəriman CAVADOV,

"Respublika".