Hay ver,  cənab leytenant”
Region

Hay ver,  cənab leytenant”

Azərbaycan torpağı, odlar diyarı, qəhrəmanlar yurdu tarixin bütün mərhələlərində öz igid oğulları ilə tanınıb,  onlar yadelli işğalçılara qarşı qeyrətlə və cəsarətlə döyüşüblər,  həyat eşqi ilə çağlayan canlarını Vətənə qurban veriblər. Vətən müharibəsində düşmənin ordusunu məğlub edən, onun qurduğu istehkamları gülləsi çatmayanda, dişi-dırnağı ilə darmadağın edərək sinəsi ilə yurdu işğalçılardan azad edən oğullarımızın şücaətini təsvir etməyə inanın ki,  sözün gücü çatmır.  

Azərbaycan Ordusunun baş leytenantı Elvin Rəhimovun həyat yolu, döyüş taleyi məhz belə bir ucalıqda dayanır. Elvin 1991-ci il noyabrın 20-də Füzuli rayonunun Zərgər kəndində dünyaya göz açıb.  Hələ uşaq yaşlarından hərbçi olmaq arzusu ilə yaşayıb.  Orta məktəbi bitirdikdən sonra ali hərbi məktəbə qəbul olan və həmin təhsil müəssisəsini müvəffəq qiymətlərlə başa vuran Elvin leytenant hərbi rütbəsində  xidmətə başlayıb.  Ötən il sentyabrın 27-də erməni hərbi birləşmələrinin təxribatına qarşı əks-hücum əməliyyatında ilk döyüşə atılan zabitlərdən biri olub.  

Füzulidən Şuşaya qədər döyüş yolu keçən Elvin peşəkarlığı, cəsurluğu, igidliyi və vətənpərvərliyi  ilə seçilib.   Ermənistanın işğalçı ordusuna qarşı şərəflə və qeyrətlə döyüşüb, şiddətli döyüşlərdə əsgərlərinin  qarşısına sipər olan zabitimiz onlarla erməni işğalçısını məhv edib. Elvin peşəkar zabit kimi ən çətin tapşırıqların öhdəsindən ləyaqətlə gəlib, düşmənin  müdafiə xətlərinin dağıdılmasında xüsusi şücaət göstərib. Cənab leytenant Vətənin çağırışına hay verərək şanlı döyüş yolu keçib. Cəsur zabitimiz Elvin Rəhimov ötən il noyabrın 4-də Şuşa uğrunda gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına həlak olub.

Bu günlərdə Vətən müharibəsinin qəhrəmanı,  baş leytenant Elvin Rəhimovun təltif edildiyi orden və medalların təqdimetmə mərasimi onun məzarı yanında keçirilib.  Mərasimdə şəhidin ailə üzvləri,  Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları və Elvinin xidmət etdiyi N saylı hərbi hissənin zabitləri iştirak ediblər. Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub,  onların ruhuna dualar oxunub.

Azərbaycan Prezidenti  İlham Əliyevin Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Azərbaycan Ordusunun baş leytenantı  Elvin Rəhimov ölümündən sonra “Azərbaycan bayrağı” ordeni,  “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Müharibə qəhrəmanı, canından artıq sevdiyi torpaqların azad edilməsi uğrunda qəhrəmanlıq göstərərək həlak olan baş leytenant Elvin Rəhimovun təltif olunduğu “Azərbaycan bayrağı” ordeni  qəhrəmanın oğlunun sinəsinə taxılıb. Şəhid ailəsi dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunub.  Övladları atalarının qəhrəmanlığı ilə fəxr edirlər, igid leytenantın ailəsində böyüyən uşaqlar atalarının adına layiq həyat yolu seçəcəklər. Şəhidlərin ruhu azad edilən torpaqlarda göy üzərində əbədi məkan qazanıb, dünya durduqca şəhidlərin adı həmişə yaşayacaq!

                                                            Salman ALIOĞLU,

                                                                “Respublika”.