İƏT-in Baş katibi: Azərbaycan diplomatlarının İƏT Katibliyinə ezam edilməsi yüksək qiymətləndirilir
SİYASƏT

İƏT-in Baş katibi: Azərbaycan diplomatlarının İƏT Katibliyinə ezam edilməsi yüksək qiymətləndirilir

Martın 11-də Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində nazir Ceyhun Bayramov İƏT-in sonuncu Aşqabad Sammitinin nəticələrini yüksək qiymətləndirib. Nazir Azərbaycanın təşkilatla əməkdaşlığa əhəmiyyət verdiyini və qurumun ölkəmizdə iki ixtisaslaşmış təşkilatının yerləşdiyini vurğulayıb. Təşkilatın yaşıl enerji üzrə mərkəzinin Azərbaycanda yaradılması və bununla əlaqədar mərkəzin nizamnaməsinin üzv dövlətlər tərəfindən imzalanması, yaxın zamanlarda fəaliyyətə başlamasının əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov Aşqabad Sammitindən irəli gələn məsələlərin həlli, xüsusilə İƏT çərçivəsində iqtisadi, nəqliyyat bağlılığı, eyni zamanda, enerji sahəsində əməkdaşlığın vacibliyini və bu məsələlərin Azərbaycan üçün də prioritet olduğunu nəzərə alaraq, ölkəmizin sözügedən istiqamətlərdə əməkdaşlığa əhəmiyyət verdiyini diqqətə çatdırıb.

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xusrav Noziri Azərbaycanın təşkilatla əməkdaşlığa verdiyi töhfəni qeyd edib. O, İƏT Katibliyinə Azərbaycan diplomatlarının ezam edilməsinin yüksək qiymətləndirildiyini ifadə edib. Xusrav Noziri, eyni zamanda, enerji və iqtisadi bağlılıq məsələlərinin İƏT-in gündəliyində duran əsas məsələlər olduğunu, Azərbaycanın bu sahələrdə rolunun vacibliyini vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

AZƏRTAC