İmişlidə və Goranboyda  yeni beton kanallar çəkilir
Region

İmişlidə və Goranboyda  yeni beton kanallar çəkilir

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin son illərdə qarşısında duran əsas vəzifələrdən biri ölkənin  kənd təsərrüfatındakı mövcud torpaq kanalların tədricilik prinsipi ilə beton kanallarla əvəzlənməsidir.

Belə olduqda su itkisinin qarşısını almaq və ya israfsızlığı minimuma endirmək olar. Qurumdan bildirilir ki, ASC-nin tabeliyində yaradılan Bəhrəmtəpə Melioservis İdarəsi obyektlərdə təmir-bərpa işlərinin aparılması, magistral, təsərrüfatlararası və təsərrüfatlardaxili suvarma kanallarının, kollektor və drenajların lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri, bərpası və yenidən qurulması işləri ilə məşğul olur. Bundan əlavə, idarə müxtəlif ölçüdə dəmir-beton, əmtəə betonlarının, suvarma kanallarında istifadə etmək üçün müxtəlif ölçülü dəmir-beton su novlarının, beton boruların və kanal ptitələrinin istehsalı ilə də məşğuldur. Hazırda idarə suvarma kanallarının və kollektorların lildən təmizlənməsi və kanalların beton üzlüklə üzlənməsi işlərini həyata keçirir. Bununla yanaşı, İmişli rayonunun Qaralar kəndində torpaq məcralı kanal beton üzlüyə alınır ki, bununla da əkin sahələrinin itkisiz olaraq suvarılması təmin olunur. Artıq kanalda işlərin böyük bir hissə arxada qalıb.

Qeyd edək ki, Bəhrəmtəpə Melioservis İdarəsi Ağammədli kəndində 500 metr uzunluqda olan nov kanalda üzərindəki qurğularla birlikdə əsaslı təmir işləri aparır. Bundan başqa, Muradallı kəndində olan nov kanalı da üzərindəki qurğularla birlikdə 1000 metr məsafədə beton üzlüyə alınır.

 Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma və Sazlama İdarəsi tərəfindən Göygöl rayonunda uzun illər torpaq məcralı kanal kimi istifadə olunmuş Ərəbli kanalında da beton işləri görülür. Aparılan tədbirlər zamanı rayon üçün suvarmada xüsusi rolu olan kanalın sağ və sol sahilinə beton üzlük çəkilir. Ötən əsrin 50-ci illərində çəkilmiş kanal uzun müddət istismar olunduğundan kanalda suvarma suyu itkilərə məruz qalırdı. Kanala beton üzlüyün çəkilməsi üçün 2 aya yaxın bir müddətdə kanalın yaxınlığında olan qayalıqların və iri daşların bir hissəsi kəsilərək yol salınıb, daha sonra kanalda beton işlərinə başlanılıb.

Kanal ümumilikdə 1000 hektara yaxın əkin sahəsininin suvarılmasını asanlaşdıracaq. Eyni zamanda, bu kanaldan kənd əhalisi həyətyanı sahələrini suvarmaq üçün də istifadə edə biləcək.

 Ərəbli kanalının uzunluğu 25.3 kilometrdir. Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma və Sazlama İdarəsi tərəfindən bu il üçün kanalın 2 min metrə yaxın hissəsinin beton üzlüyə alınması nəzərdə tutulub. Bununla yanaşı, kanal üzərində olan hidrotexniki qurğular da təmir olunur. Qeyd edək ki, Ərəbli kanalının beton üzlüyə alınması ilə su itkisi minimuma endiriləcək və su istifadəçiləri sudan daha asan istifadə edə biləcəklər.

Nəriman CAVADOV,

“Respublika”.