İsmayıllı: Pandemiya ilə mübarizə fəaliyyətin əsas xəttidir
Region

İsmayıllı: Pandemiya ilə mübarizə fəaliyyətin əsas xəttidir

Rayonda ictimai, iqtisadi həyatın bütün sahələrində işlər öz ahəngi ilə davam edir. Tikinti, quruculuq, abadlıq işləri ilə yanaşı, rayonun bütün qurumlarında artıq ikinci ildir dünyanı cənginə alan COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinə xüsusi diqqət yetirilir.

Operativ Qərargahın qarşıya qoyduğu tədbirlərə uyğun olan bütün profilaktiki tədbirlər vaxtlı-vaxtında həyata keçirilir. Şəhərdə, rayonun qəsəbə və kəndlərinin ictimai yerlərində, iaşə, mədəniyyət, təhsil müəssisələrində reydlər keçirilir, təmizliyə riayət olunması, karantin qaydasının gözlənilməsi, bir sözlə, koronavirusla mübarizədə hamının məsuliyyətli olmasına dair maarifləndirmə işi aparılır. Artıq ümumtəhsil məktəblərində yeni dərs ili başlanmışdır. Rayon icra hakimiyyəti, səhiyyə orqanları və digər müvafiq qurumlarla yerlərdə  birgə monitorinqlər keçirilir. Aşkara çıxarılan nöqsan və çatışmazlıqların aradan qaldırılması təmin edilir. Bütün bunların nəticəsidir ki, İsmayıllı rayonu bu mübarizə tədbirlərində öndə gedən bölgələr sırasındadır. Burada əhalinin vaksinasiya edilməsi də irəli sürülən tələblər səviyyəsində aparılır. Müxbirimiz rayonda olarkən sözügedən məsələlərlə bir daha əyani tanış olmuş, müvafiq qurumların rəhbərlərindən müsahibələr almışdır. Həmsöhbətimiz rayon Gigiyena və Epidemiologiya  Mərkəzinin direktoru Xanlar Qəmbərov demişdir:

-  2020-ci ilin mart ayından rayon GEM pandemiya ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçmişdir. İrəli sürülən tədbirlərin lazımi qaydada həyata keçirilməsi üçün Respublika GEM-dən bölgü əsasında kifayət qədər dezinfeksiyaedici maddələr və avadanlıqlar, işçilər üçün fərdi geyim və mühafizə vasitələri alınmış, onlardan təyinatı üzrə istifadə olunmuşdur.

Rayon GEM-in Milli Məlumat bazasına daxil edilən bütün xəstələr haqqında operativ epidemik araşdırma aparılmış, xəstəlik ocaqlarında lazımi əks-epidemik tədbirlər, dezinfeksiya işləri həyata keçirilmişdir. İşləyən xəstələrin iş təmasları müəyyənləşdirilərək təcrid edilmiş, iş yerlərində lazımi tədbirlər icra edilmişdir.

Ayrı-ayrı obyektlərdə GEM-in mütəxəssisləri tərəfindən qəbul edilmiş qərarlara uyğun əks-epidemik qaydalara əməl edilməsi və fərdi mühafizə vasitələrindən istifadə olunmasının monitorinqi aparılmış, qaydaların pozulmasına yol vermiş 7 nəfər fiziki şəxs haqqında protokol tərtib edilərək rayon polis şöbəsinə təqdim olunmuşdur.

2020-ci ildə işçilər arasında COVID-19 virusuna yoluxma çox qeydə alındığından H.Əliyev prospektində yerləşən 1 nömrəli ucuz mallar satış mağazasının, habelə Lahıc qəsəbəsindəki Ailə Sağlamlıq Mərkəzinin fəaliyyəti rayon GEM-in qərarı ilə 14 gün müddətində dayandırılmışdır. 2021-ci ilin mart-may aylarında əyani tədris bərpa olunduqdan sonra müəllim və şagirdlər arasında xəstəlik qeydə alınan bir neçə məktəbdə siniflərin distant təhsilə keçirilməsi haqqında qərar qəbul edilmiş və icrası təmin olunmuşdur.

2021-ci ilin yanvar ayından xəstəliyə qarşı vaksinasiya işlərinə başlanılmışdır. Həmin tarixdən indiyədək rayon GEM tərəfindən Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən gətirilmiş 90500 doza peyvənd və digər peyvənd ləvazimatları qəbul edilərək "Soyuq zəncir" qaydaları gözlənilməklə rayon mərkəzi xəstəxanasına təhvil verilmiş və icra olunan peyvəndlər haqqında məlumatlar yekunlaşdırılaraq respublika GEM-ə göndərilmişdir.

- Səhiyyə Nazirliyindən gətirilmiş, habelə əvəzsiz olaraq rayon icra hakimiyyəti tərəfindən verilmiş dezinfeksiyaedici maddələrdən istifadə etməklə pandemiya dövründə bir neçə dəfə rayonun təhsil və uşaq müəssisələri, idarələr, ictimai yaşayış binaları, məcburi köçkünlərin məskunlaşdığı ərazilər, əhalinin sıx toplandığı yerlər dezinfeksiya olunmuşdur.

Müalicə-profilaktika müəssisələrində, məktəb və bağçalarda, ayrı-ayrı obyektlərdə monitorinqlər zamanı, habelə xəstəlik ocaqlarında əks-epidemik tədbirlər aparılarkən COVID-19 xəstəliyi və onun profilaktikası, xəstəliyə qarşı istifadə olunan peyvəndin əhəmiyyəti haqqında geniş maarifləndirmə işləri də aparılmışdır.

Direktor söhbət əsnasında onu da bildirdi ki, GEM bu məsələlərin icrasında rayon mərkəzi xəstəxanası ilə əlbir fəaliyyətə xüsusi diqqət yetirir və əməli tədbirlər həyata keçirir. Dünyanı cənginə alan bu gözə görünməyən düşmənlə mübarizədə rayonun hüquq-mühafizə orqanları, ictimaiyyət fəalları, təhsil müəssisələrinin rəhbərləri də iştirak edirlər.

Direktorla və rayon mərkəzi xəstəxanasının həkimi Elxan Qasımovla birlikdə əhalinin vaksin vurulması üçün ayrılmış xüsusi məntəqədəki vəziyyətlə də tanış olduq. Vətəndaşlar könüllü olaraq xəstəxanaya gəlir, müayinə üçün ayrılmış həkimə yaxınlaşır, aldığı rəyə əsasən peyvənd olunurlar.

Məntəqəyə gəlməyə imkanı olmayanlar isə evlərində peyvənd olunurlar. Həmsöhbətlərim xüsusi vurğuladılar ki, bütün hallarda ismayıllılılar koronavirusa qarşı mübarizədə fəallıqları ilə fərqlənirlər. Buna görə də oktyabrın 14-dək rayon əhalisinin 47 min 124 nəfəri birinci, 39 min 27 nəfəri ikinci doza vaksin vurdurmuşdur. Bu da bu gün rayonda faktiki yaşayan əhalinin sayına görə 73 faizdən çoxdur. Rayonda əhalinin vaksinasiyası mütəşəkkilliklə həyata keçirilir.   

                                                                                                   Rasim AMANOV,

                                                                                                        "Respublika".