Lerikin tarix yazan mərd  oğlu
Region

 Lerikin tarix yazan mərd  oğlu

Lerikin qartalı dağlardan  qürur  alan, qəlbi məhəbbətli   mərd övladı Davud Xeyrulla oğlu Şirvanov  əzəli-əbədi yurdumuz Qarabağın azadlığı uğrunda  sevdalandığı Vətənin qeyrətini hər şeydən üstün tutmaqla  şirin canını onun yolunda qurban etməyi bacardı. 1994-cü ildə Lerik rayonunun Livədirqə kəndində dünyaya göz açan dağlar diyarının igid oğlu ömrünün 26-ci baharında elə bir tarix yazdı ki, onun adı  heç vaxt  qəlblərdən silinməyəcək.

Davud el-obanın xoşbəxtliyi naminə saf, ülvi hisslərlə yaşaya bilirdi.  O, müstəqil həyatına  müqəddəs əməllərə tapınmaqla qədəm qoyur.  Gördüyü yaxşı işlərlə  tez də   tanınır, sevilir. 2012-ci ildə əsgərlik yaşına çatanda ətrafı Davudun Vətənə layiqli övlad olacağına tam inanır.

Bəli, Davud cəbhə bölgəsində  layiqli bir övlad kimi doğma Azərbaycan qarşısında borcunu şərəflə yerinə yetirir. Qarabağı zəbt edən, öz alçaq əməlindən qalmaq istəməyən erməni dığaları  dəfələrlə Davudun Vətəninə, torpağına   olan sədaqəti qarşısında məğlub duruma düşürlər.  Əsgər yoldaşlarına da töhfəsi bu olur: “Vətəni qorumaq, çətin məqamda onun yolunda   canından keçmək  bizim  oğulluq borcumuzdur”.

Davud əsgərlikdən sonra kəndində halal zəhmətin qulpundan yapışır. Gördükləri ilə cəmiyyətə  böyük faydası dəyir, nəticədə yaxşı insan kimi qəlblərdə özünə yurd salır.  Beləcə  kəndində həyatı firavan keçsə də,  Qarabağ dərdi onu rahat buraxmır. Vətən torpaqlarının azadlığı naminə hərbiyə yazılır.  Cəsurluğuna, igidliyinə, mərdliyinə güvənib Davudu Füzuli rayonundakı “N” saylı hərbi hissədə  MAXE kimi xidmətə götürürlər. 

Vətən müharibəsi başlanan kimi Davud özünü döyüş meydanına atır və deyir: “Vətən onu sevən, canı-qanı qədər istəyən  mərd övladları sayəsində azadlığa qovuşur”.  Zəfərə getdiyimiz haqq yolunda Davud dəfələrlə odun-alovun içindən keçir. Yüksək şəxsi rəşadəti, şücaəti  onunla döyüş meydanında olan əsgərləri də qələbəyə aparır. Sinəsini Vətənə sipər edən igid döyüşçü  oktyabrın 2-də daxil olmaqla düşmənə qan qusdurur. Onun qurduğu istehkamlarını, çoxlu sayda zirehli texnikasını, canlı qüvvəsini məhv edir. Düşməndən ürəyincə intiqamı alandan sonra   ömrünü Vətəninə verir. Bu da ona ölməzlik qazandırır.

Lerik camaatı üçün Davudun adı çox əzizdir, igid oğlunu qəlbində yaşatmaqla hər zaman, hər yerdə onun şərəfini uca tuturlar. Dövlət tərəfindən ölümündən  sonra aldığı “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları da   Davudun  həqiqətən doğma Azərbaycan üçün ömrünün yaşamasına bir nümunədir.

Zəfər ORUCOĞLU.