LERİKİN YOLLARI: İŞ DƏ GÖRÜLÜB, PROBLEM DƏ QALIB
Region

LERİKİN YOLLARI: İŞ DƏ GÖRÜLÜB, PROBLEM DƏ QALIB

Lerik. Ölkəmizin cənub şərqində yerləşən, uca dağları, çayları, şəlalələri, əsrarəngiz gözəllikləri ilə gözoxşayan, əzəmətli, füsunkar diyar. Ulu keçmişi, zəngin təbiəti, zəhmətkeş, qədirbilən, uzunömürlü insanları ilə tanınan qədim yurd yerimiz.

Yaşı min illərlə ölçülsə də, 1930-cu il avqustun 8-dən inzibati rayon kimi fəaliyyət göstərir. Çətin, mürəkkəb relyefə malikdir. Ərazisi 1084 kvadratkilometrdir.  İlin əvvəlində əhalisi 87346  nəfər olmuşdur. Əhalinin 10,3 faizi Lerik şəhərində, 89,7 faizi rayonun 161 kəndində məskunlaşıb. Rayon üzrə əhalinin orta sıxlığı hər kvadratkilometrə 68 nəfər, Lerik şəhərində isə 73 nəfərdir.

Loğman təbiəti, möcüzəli havası, özünəməxsus gözəlliyi ilə bütün fəsillərdə diqqəti cəlb edən dağlar diyarının həyati əhəmiyyətli problemlərindən biri və başlıcası yol problemidir. Rayonun avtomobil yolları əsasən torpaq örüklüdür. Yerli camaat illərlə yol sarıdan əziyyət çəkib.

Bakı şəhərindən Lerik şəhərinə olan avtomobil yolunun uzunluğu 285 kilometrdir. Rayonun respublikaya yeganə çıxışı olan 56 kilometrlik Lənkəran-Lerik yolu Azərbaycan Prezidenti cənab İlham Əliyevin yüksək qayğısı sayəsində 2018-ci ildə əsaslı şəkildə yenidən qurulub.

2007-2011-ci illərdə Lerik şəhərinin 29,15 kilometr uzunluğunda daxili yolları tam asafaltlaşdırılıb. Şəhərə içməli su çəkilişi və kanalizasiya sisteminin yaradılması ilə əlaqədar küçələrin dağılmış asfalt örtüyü yenidən bərpa olunub.

Şəhər sakinlərinin irəli sürdükləri təkliflər, qaldırdıqları problemlər nəzərə alınaraq şəhərdaxili yolların təmiri, səki və meydanların yenidən qurulması, yaşıllıqların salınması istiqamətində işlər görülür. Heydər Əliyev Meydanı, H. Aslanov, C. Cabbarlı, R. Abdullayev, Ə.Yaqublu, E.Səfərov, E.Əsədullayev küçələri əsaslı təmir edilir, səkilər yenidən qurulur.  Hıramo kəndinə gedən yolda istinad divarlarının qurulması sürətlə davam etdirilir.

Dövlətimizin başçısının müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına 28 min nəfər əhalinin yaşadığı, 73 yaşayış məntəqəsini birləşdirən 26,5 kilometrlik Lerik-Qosmalian-Kəlvəz, 30 min nəfər əhalinin yaşadığı, 50 yaşayış məntəqəsini birləşdirən 36 kilometrlik Noda-Şingədulan-Xanəgah, 9 min nəfər əhalinin yaşadığı, 28 yaşayış məntəqəsini birləşdirən 27 kilometrlik Piran-Hamarat-Vıjaker, 21 kilometrlik Lerik-Şinəband-Orand-Nuravud-Zardəbərə avtomobil yolları əsaslı şəkildə yenidən tiklərək istifadəyə verilib.

Müxtəlif istiqamətlərdə çəkilən yollar kəndlərin abadlığına, inkişafına, əhalinin rifah halının yaxşılaşmasına təsirsiz ötüşməyib. Kəndlərə asfalt yolların çəkilməsi yerli əhali tərəfindən razılıqla, minnətdarlıqla qarşılanıb.

Kələxan kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Qəhrəman Quliyev fikirlərini bizimlə bölüşür: “Son 10 ildə rayonumuzun yol-nəqliyyat infrastrukturu xeyli yeniləşib. Lerik şəhərindən bizim əraziyə daxil olan kəndlərə də rahat yollar çəkilib. Əvvəllər çınqıllı yolla saat yarıma rayon mərkəzinə gedib çatırdıq. İndi həmin yolu yarım saata getmək olur. Yol istifadəyə veriləndən sonra Bakıdan, Sumqayıtdan kəndlərimizə qayıdış başlanıb. İnsanlar ata-baba yurdlarında müasir üslubda təzə evlər tikir, əkinçilik, heyvandarlıqla məşğul olurlar. İstehsal etdikləri meyvə-tərəvəzi, kartofu, ət, süd məhsullarını qonşu Lənkəran, Bakı və Sumqayıt şəhərlərinə rahatlıqla aparıb satırlar. Əhalinin  yaşayış səviyyəsi, güzəranı getdikcə yaxşılaşır.

İqtisadiyyat yoldan başlanır. Yol həm də abadlıqdır, mədəniyyətdir, - deyə Daster kəndinin ağsaqqalı Hüseynağa Hüseynov söhbətimizə qoşulur. 2018-ci ilə kimi bizim kəndlərə yol olmayıb. Yağışlı, qarlı havalarda rayon mərkəzinə, qonşu Lənkəran şəhərinə gedib-gəlmək çətinləşirdi. Dəfələrlə ağır xəstəni traktorla Lənkəran-Lerik yoluna çıxarıb xəstəxanaya çatdırmışıq.

Sağ olsun, cənab Prezident 18 avqust 2018-ci il tarixli Sərəncamı ilə 27 kilometr uzunluğunda Piran-Hamarat-Vıjaker avtomobil yolunun tikintisi məqsədilə 11,3 milyon manat vəsait ayırdı. Həmin il oktyabr ayının 15-də Lerikə səfəri çərçivəsində yolun açılışında şəxsən iştirak edərək əhaliyə xeyir-dua verdi. İndi yolumuz o qədər rahatdır ki, sanki şəhərdə yaşayırıq. Qonşu Zəriküməco, Qışlaq, Qılqılov, Hovil, Bradi, Hamarat kəndlərinin sakinləri də bu yoldan istifadə edirlər. Lənkəran şəhərinə bir saat yarıma getdiyimiz yolu indi 40 dəqiqəyə çox rahat gedirik.  Yüksək diqqət və qayğıya görə yerli əhali adından dövlətimizin başçısına dərin minnətdarlığımızı çatdırıram,- deyə ağsaqqal bildirir.

Daxili imkanları hesabına Noda, Günəşli, Əliabad, Piran, Qosmalian, Anbu, Blaband, Osnağaküçə, Monidigah, Lüləkəran kəndlərinə gedən avtomobil yollarının 20 kilometrlik hissəsinə asfalt döşənib. Bürsülüm, Davradibi, Almu, Təbrizli, Bibiyanı, Bobogil, Monidigah, Mastayıl, Nücü, Murya, Livədirqə kəndlərinə gedən avtomobil yolları üzərində yeni körpülər inşa edilib.

Rayonda 799,3 kilometr uzunluğunda bələdiyyələrə məxsus avtomobil yolları mövcuddur. Bu yollar tamamilə torpaq örtüklüdür. Bələdiyyələrin büdcələrinə uyğun olaraq yollarda cari təmir işləri aparılır. Bu yollar əsasən yaz-yay aylarında işlək vəziyyətdə olur. Yağmurlu havalarda avtomobillərin hərəkəti çətinləşir.

2017-ci ildə inşası başa çatdırılmış 36 kilometrlik Noda-Şingədulan-Xanagah avtomobil yolunun müəyyən hissəsi dağılıb. İntensiv yağışlar nəticəsində yolda aktiv torpaq sürüşmələri, çökmələr baş verib. Ağırtonajlı maşınların hərəkəti üzündən yolun kilometrlərlə asfalt qatı sıradan çıxıb. Lerik Rayon İcra Hakimiyyəti yolun vəziyyəti barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edib, mütəxəssislər tərəfindən yola baxış keçirilib. Podratçı təşkilat olan “Yoltikintinəqliyyatservis” MMC-yə qısa vaxtda tikintinin norma və qaydalarına uyğun yolun tikilib istifadəyə verilməsi barədə tapşırıq verilib. Lakin indiyə kimi yolda heç bir iş görülməyib.

Rayonun bəzi ərazilərində yollar bərbad vəziyyətdədir. Uzunluğu 31,9 kilometr olan Əliabad-Kirəvud-Nücü-Vamazğon, 11,7 kilometrlik Ağçay-Təkdam (Yardımlı), 23 kilometrlik Blaband-Çayrud-Tikəband, 10 kilometrlik 40 kilometrlik-Nüvədi-Əliabad, 25 kilometrlik Piran-Bürsülüm-Bobla, 18 kilometrlik Piran-Veri-Əliabadı-Veri, 14 kilometrlik Lerik-Mastayıl-Livədirqə-Laman, 15 kilometrlik Nisli-Rvarud-Rəzgov avtomobil yolları əsaslı şəkildə təmir olunmalıdır. Bu ərazilərdə yaşayan əhali yol sarıdan çox əziyyət çəkir.

Lərmərud kənd tam orta məktəbinin müəllimi, “Tərəqqi” medallı Əfrəddin Abdullayev nə sovet dönəmində, nə də sonralar kəndlərinə yol çəkilmədiyini vurğulayaraq deyir: “Nücü kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə daxil olan Lərmərud, Haftoni, Davidonu, Vamazğon kəndləri Lerikin ən ucqar əraziləri sayılır. Kəndlərimiz rayon mərkəzindən 30-35 kilometr uzaqda yerləşir. Torpaq yolla Masallı-Yardımlı magistral yoluna da çıxışımız var. Kənd sakinlərinin təşəbbüsü ilə Lərmərud-Haftoni, Lərmərud-Nücü, Nücü-Vamazğon istiqamətində yollarda cari təmir işləri aparılıb. Amma qarlı-şaxtalı havalarda rayon mərkəzinə, qonşu Masallı rayonuna gediş-gəliş çətinləşir. Belə havalarda ağır xəstəmiz olanda əlimiz hər yerdən üzülür. Dəfələrlə respublikamızın müvafiq dövlət orqanlarına yüzlərlə imzalı şikayət məktubları göndərmişik. Hələlik heç bir nəticə yoxdur. Yol olmadığından təcili yardım, yangınsöndürən maşınlar, biçin vaxtı kombaynlar əraziyə gələ bilmir. Ərazimizdəki məktəblərə işə qəbul olunan gənc müəllimlər yolun bərbadlığı üzündən kənddən gedirlər. Kəndlərimizdə ixtisaslı müəllimlərə, həkimlərə, orta tibb işçilərinə ehtiyac çoxdur. Lakin belə bir şəraitdə heç kim gəlib işləmək istəmir. 

Mövcud vəziyyət gənc ailələrin şəhərlərə köçməsinə, kəndlərimizin boşalmasına səbəb olub. Lərmərud kəndində 50-yə yaxın, Nücü kəndində 20-yə yaxın evdə heç kim yaşamır. Bir vaxtlar 300-ə yaxın şagirdin oxuduğu 192 yerlik Lərmərud kənd tam orta məktəbində cəmi 60 şagird, 180 yerlik Nücü kənd tam orta məktəbində 29 şagird oxuyur. Bəzi siniflərdə 2-3 şagird vardır. Sosial problemlərin illərlə yığılıb qalması, xüsəsən, yolun olmaması çox ciddi çətinliklər yaradıb”, - deyə Əfrəddin müəllim bildirir.

Yol problemi ilə əlaqədar Lerik Rayon İcra Hakimiyyəti dəfələrlə respublikamızın müvafiq dövlət və hakimiyyət orqanları qarşısında məsələ qaldırıb. Lerikdən seçilən deputat İqbal Məmmədov Milli Məclisin iclasında bu barədə çıxış edərək deyib: “Lerik dağlıq ərazidə yerləşir. Rayonun ən çətin problemlərindən biri yol problemidir. Təəssüf hissi ilə bildirim ki, 17 yaşayış məntəqəsini birləşdirən, 9 min əhalinin yaşadığı Əliabad-Kirəvud-Nücü-Vamazğon, 14 yaşayış məntəqəsini birləşdirən,  10 min əhalinin yaşadığı Piran-Küsəkəran-Veri, 9 yaşayış məntəqəsini birləşdirən, 8 min əhalinin yaşadığı Lerik-Mastayıl-Livədirqə-Laman və digər kəndlərin avtomobil yollarının yarasız vəziyyətdə olması narahatçılıq doğurur.

Bir məsələni də diqqətə çatdıraq ki, iki qonşu rayon olan Lerik və Yardımlı arasında tarixən abad yol olmayıb. Aralarında 25-30 kilometr məsafə olmasına baxmayaraq yolun bərbadlığı üzündən əhali 180 kilometrlik Lerik-Lənkəran-Masallı-Yardımlı dairəvi yolunu qət edir.

Göründüyü kimi Lerikin yollarla bağlı kifayət qədər problemləri mövcuddur. Payızın yağışlı-çiskinli, qışın qarlı-şaxtalı günlərində problem daha qabarıq nəzərə çarpır.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.