MƏNALI VƏ ŞƏRƏFLİ ALİM ÖMRÜ
Region

MƏNALI VƏ ŞƏRƏFLİ ALİM ÖMRÜ

Ömür şərəflə və ləyaqətlə yaşananda, göz-könül tox olanda, nəfsə hakimlik eləməyi bacaranda həyatın mənası daha çox artır. Bu, həm də insan ömrünün dəyərini, qiymətini şərtləndirir. Bəli, həyat qurub-yaratmaq, xeyirxahlıq etmək üçün insanlara Tanrı tərəfindən verilən bir fürsətdir...

Gənclərin intellektual səviyyəsinin yüksəlişində, dünyagörüşlərinin  formalaşmasında və elmin əsaslarına mükəmməl yiyələnməsində sözsüz ki, müəllimlərin rolu əvəzolunmazdır. Bu şərəfli peşə sahibləri minlərlə insanın ömür  yoluna işıq saçmış, ona düz yol göstərmiş, məsləhət və tövsiyələrini əsirgəməmiş və hər zaman öz yetirmələrinin uğurlarına uşaq kimi sevinmiş müdrik insanlardır. Türk dünyasının fenomeni, əbədiyaşar Heydər Əliyev  müəllimə həmişə yüksək qiymət vermiş, müəllim haqqında gözəl sözlər söyləmişdir. Onun “müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini -uşaqların tərbiyəsini yalnız ona etibar edir” fikri müəllimə verilmiş ən gözəl tərifdir.

Bütün həyatını  təhsilin və elmin inkişafına həsr etmiş fədakar alim, nəcib və qayğıkeş insan, Azərbaycan Dövlət Aqrar Universitetinin kənd təsərrüfatı texnikası kafedrasının professoru, Beynəlxalq Təhsil Akademiyasının üzvü, texnika elmləri doktoru, professor, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nürəddin Məmmədov da dövlətimizə və dövlətçiliyimizə sədaqətlə xidmət etmişdir. O, əsl tədqiqatçı, ixtiraçı alim ömrü yaşamış, öz halal zəhməti, gərgin, ardıcıl, yaradıcı, yenilikçi əməyi sayəsində böyük müvəffəqiyyətlər qazanmışdır.

N.Məmmədov 1918-ci ildə Göyçə mahalından millətçi erməni daşnaklarının təcavüzünə məruz qalaraq qaçqın düşmüş və 1937-ci ildə Gədəbəy şəhərində məskunlaşmış kasıb ailədə dünyaya göz açmışdır. Atası böyük oğlu Nürəddini kənd təsərrüfatı işçisi görmək istəyirdi. Nürəddin də atasının yolu ilə getmək qərarını vermişdir.  Xəyallarında ali təhsil almaq, ixtiraçı alim olmaq, çox sevdiyi rayonlarına aqrar təsərrüfat işçisi kimi qayıtmaq, xalqına xeyir vermək kimi fikirlər dolaşırdı. Çətin dövr olmasına baxmayaraq, orta məktəbi müvəffəqiyyətlə bitirdi. O, 1955-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun mexanikləşdirilməsi fakültəsinə qəbul olaraq 1960-cı ildə ali təhsilini müvəffəqiyyətlə başa vurdu. Gənc mütəxəssis kimi Azərittifaqın avtoekspedisiya bazasına mexanik göndərildi. Yüksək qabiliyyəti və bacarığına görə 1961-ci ildə institutun kənd təsərrüfatı maşınları kafedrasına işə dəvət edildi. Bununla da onun alim kimi püxtələşməsinin təməli qoyuldu. Beləliklə, 1963-cü ildə  Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda “Kənd təsərrüfatı istehsalatının mexanikləşdirilməsi” ixtisası üzrə aspiranturaya daxil olub, 1966-cı ildə oranı müvəffəqiyyətlə bitirdikdən sonra kənd təsərrüfatı maşınları kafedrasına assistent təyin edildi və bu sahədə elmi- tədqiqatlarını daha da genişləndirdi. 1968-ci ildə Yerevan şəhərində “Azərbaycan SSR şəraitində pambığın yaxın yuva üsulu ilə səpən maşının iş prosesinin tədqiqi” mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi adını aldı. Elmi-pedaqoji fəaliyyəti nəzərə alınaraq 1976-cı ildə institutun kənd təsərrüfatı maşınları kafedrasına baş müəllim təyin edildi. Alimin məramı, məqsədi və amalı  yüksəkixtisaslı kadr hazırlamaq, elmi-tədqiqatları genişləndirmək, texniki bazanı möhkəmləndirmək idi. Kafedrada tədris, tədris–metodiki, elmi- tədqiqat işlərinin, proqram və metodiki göstərişlərin tərtibatı, çap olunması səviyyəsinin yüksəlməsi üçün var qüvvəsi ilə çalışırdı. Bu baxımdan, Nürəddin müəllim dərs vəsaitlərinin, metodiki göstərişlərin, elmi- tədqiqat işlərinin genişləndirilməsinə və səmərələşdirici təkliflərinə görə  1980-ci ildə SSRİ-nin “ixtiraçı mühəndisi” döş nişanına layiq görülmüşdür. 1981-ci ildə “Torpaqbecərən alət”, 1984-cü ildə “Pambıq toxumunu lifsizləşdirmək üçün maşın”, 1991-ci ildə “Kombinə edilmiş aqreqat” ixtiralarının şəhadətnamələrinə layiq görülmüşdür.

Nürəddin müəllim 1979-1983-cü illərdə kənd təsərrüfatının mexanikləşdirilməsi fakültəsinin dekan müavini, 1986-1987-ci illərdə mexanikləşdirmə və elektrikləşdirmə fakültələrinin elmi işlər üzrə dekan müavini, 1994-1999-cu illərdə kənd təsərrüfatı maşınları kafedrasının müdiri, 2000-2005-ci illərdə akademiyanın ixtisasartırma fakültəsinin dekanı və rəhbəri, 2009-cu ildən distant, əlavə təhsil mərkəzində baş mütəxəssis olmuş və hazırda magistr hazırlığı mərkəzinin direktor müavini vəzifəsində çalışır. Dörd aspiranta, üç dissertanta rəhbərlik etmiş, onlara namizədlik dissertasiyasına və doktorluq dissertasiyasına opponent olmuşdur. Onun yerinə yetirdiyi elmi-tədqiqat işlərinin nəticələri respublikanın rayonlarında geniş tətbiq olunur. Keçmiş SSRİ-nin ümumittifaq sərgisinin gümüş medalına layiq görülmüşdür. Müəllifi olduğu üç maşın dövlət sınağından keçərək, fermerlərin və sakinlərin  istifadəsinə verilmişdir. Nürəddin müəllim  Azərbaycanda “Pambıq toxumunun yeni texnologiya əsasında səpinə hazırlanması və dəqiq səpini” mövzusunda elmi-tədqiqat işinə rəhbərlik etmişdir. ADAU-nun nəzdində yeni eksperimental sexin yaradılmasında, maşın–mexanizmlərin quraşdırılmasında onun böyük əməyi olmuşdur. Nürəddin Məmmədov 2003-cü ildə Azərbaycanda 052001-KT Mexanikləşdirilməsi ixtisası üzrə texnika elmləri doktoru adını alan ilk alim olmuş və Azərbaycan Respublikası Prezidentinin təşəkkür məktubunu almışdır.

2010-cu ildə təşkilati bacarığını və kənd təsərrüfatı kadrlarının yetişdirilməsindəki çox mühüm rolunu nəzərə alaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. 2011-ci ildə türk elminin inkişafındakı xidmətlərinə görə “Türk elminə xidmət” Beynəlxalq mükafatına layiq görülmüşdür.

Nürəddin müəllim, eyni zamanda ictimai işlərdə də fəallıq göstərmişdir. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Partiya Komitəsinin katibi, 1983-1987-ci illərdə Kirovabad şəhər sovetinin deputatı seçilmişdir. Həmin illərdə institutda fəaliyyət göstərən şöhrət muzeyinin yaradılmasında onun böyük xidmətləri olmuşdur. Elmlər doktoru, professor Nürəddin Məmmədov iki dərsliyin, iki monoqrafiyanın, ona yaxın broşürün və 200-ə yaxın elmi məqalənin müəllifidir. Alim dünyanın ən nüfuzlu ölkələrinin - Moskva, Sankt-Peterburq,  Yerevan, Daşkənd, Tbilisi, Aşqabad, Tehran, Təbriz  və sair universitetlərində keçirilən elmi-konfranslarda, beynəlxalq simpoziumlarda  mühazirələr oxumuş, tövsiyələr vermişdir.

Bəli, insanın şəxsiyyət kimi əsl dəyəri onun elmi, ziyalılığı, kamilliyi ilə ölçülür. Bu ağır, əziyyətli, eyni zamanda şərəfli işi özlərinə həyat kredosu seçənlər, həm də bəşəri dəyərlərin qorunub zənginləşməsində əvəzsiz xidmətlər göstərirlər. Belə insanların düşüncəsi insanpərvərliklə yoğrulur, onlar öz xoşbəxtliklərini başqalarının səadət və rifahında görürlər.

Görkəmli alim, nəcib insan N.Məmmədov daim tələbələrlə ünsiyyətdə olur, problemləri, sosial qayğıları ilə maraqlanır. Təmənnasız yaxşılıq etmək, kimsəsizlərə kömək əli uzatmaq onun amalıdır. Məhz bu saf, zəngin mənəviyyatına görə o, geniş ictimaiyyətin, ziyalıların və tələbələrin sevimlisinə çevrilmiş, böyük ehtiramını qazanmışdır.

Onun insanlarla ünsiyyət mədəniyyəti, təmkini, tələbkarlığı, iradəsi, nikbinliyi, gələcəyə inam hissi çoxları üçün örnəkdir. Bu keyfiyyətlər alimin yüksək təvazökarlığı ilə tamamlanır. Yorulmaz tədqiqatçı, müasir düşüncə tərzi ilə Azərbaycanın ziyalı elitasında layiqli qiymətini almışdır. O,  Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri seçilmiş və ilk gündən gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, maarifləndirilməsi istiqamətində böyük işlər görmüşdür. Vaxtaşırı  Gəncə sakinləri, şəhid ailələri, qazilər ilə görüşür, onların sosial qayğıları ilə maraqlanır,  dəyərli tövsiyələrini verir. Biz də texnika elmləri doktoru, professor Nürəddin Məmmədovu 85 illiyi münasibətilə təbrik edir, ona cansağlığı və yaradıcılıq uğurları arzulayırıq.

Zabit XƏLİLOV,

“Republika”.