Mərd oğulların rəşadətli döyüş yolu
Region

Mərd oğulların rəşadətli döyüş yolu

Lerik rayonunda Tikəband kəndi öz vətənpərvər övladları ilə yaxşı tanınır. Burada Vətənə, doğma yurduna bağlılıq hər bir kəsin qanındadır. Elə bunun nəticəsidir ki, Birinci Qarabağ, İkinci Qarabağ müharibəsində tikəbandlı gənclər də Vətən torpaqlarının azadlığı uğrunda döyüş meydanında xüsusi qəhrəmanlıq göstərdilər. Kəndin bu müqəddəs yolda canından keçərək şəhidlik zirvəsinə ucalan mərd oğulları da vardır. Bu igidlərin adları hər yerdə, hər zaman əziz tutulur, keçdikləri ömür yollarını örnək sayırlar.

Tikəbandlılar ehtiram əlaməti olaraq kəndin ən səfalı guşəsində öz qəhrəman oğulların xatirəsinə bulaq kompleksi ucaldıblar. Bulağın açılış mərasimində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov və kənd ağsaqqalları tərəfindən bulaq kompleksinin üzərindən örtük götürüldü və önünə gül-çiçək dəstələri qoyuldu.

Tədbirdə rayon rəhbəri bulaq kompleksinin tikintisinə dəstək göstərən və zəhməti olan hər kəsə minnətdarlığını bildirdi. Daha sonra o, 44 günlük haqq savaşımızda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əzəli və əbədi yurd yerimiz olan Qarabağın azad etdiyini, bu möhtəşəm qələbənin Vətən övladlarının qanı, canı bahasına əldə olduğunu, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların xatirəsi əbədi olaraq ürəklərdə yaşayacağını diqqətə çatdırdı.

Çıxışlarda o da deyildi ki, 44 günlük Vətən müharibəsi Azərbaycan və dünya hərb tarixinə qızıl hərflərlə həkk olundu. Qəhrəmanlıq salnaməsini yazaraq xalqımıza şanlı zəfər yaşadanların sırasında tikəbandlı gənclərin adı da böyük ehtiramla çəkilir.

Şəhid qardaşı Ruslan Süleymanov isə şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya razılığını ifadə etdi.

 Zəfər ORUCOĞLU.