MİNGƏÇEVİRDƏ ŞƏHİD AİLƏLƏRİ, QAZİLƏR VƏ MÜHARİBƏ İŞTİRAKÇILARI  DİQQƏT VƏ QAYĞI ƏHATƏSİNDƏDİRLƏR
Region

MİNGƏÇEVİRDƏ ŞƏHİD AİLƏLƏRİ, QAZİLƏR VƏ MÜHARİBƏ İŞTİRAKÇILARI  DİQQƏT VƏ QAYĞI ƏHATƏSİNDƏDİRLƏR

Ötən əsrin sonlarında erməni separatçılarının torpaqlarımıza göz qoyması, Qarabağ bölgəsində etnik təmizləmə əməliyyatları, torpaqlarımızın işğal edilməsi məqsədilə həyata keçirdikləri cinayətlər, soyqırımları xalqımızın əzmini sındıra bilmədi. Qarabağ müharibəsində Vətənimizin minlərlə övladı müharibəyə könüllü yollanaraq, torpaqlarımızın qorunması və azad olunması uğrunda döyüşlərdə qəhrəmanlıqla iştirak etdi. Fədakarlıq nümunələri göstərən vətənimizin cəsur övladları yaralandılar, şəhidlik zirvəsinə ucaldılar, ölümün gözünə dik baxdılar. Vətənimizin ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Torpaq uğrunda sağlamlıqlarını itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır, şəhid ailələri və əlillərə mütəmadi olaraq  yeni mənzillər, avtomobillər verilir. Qazilərimizin müalicəsi üçün reabilitasiya mərkəzləri var və lazım gələndə isə daha keyfiyyətli müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər.

 Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, şəhər icra hakimiyyətinin şöbə müdiri Sahib Əliyev, baş məsləhətçi Seymur Hidayətov, həmçinin  mətbuat işçiləri  Birinci Qarabağ müharibəsi veteranı, qazi, ikinci qrup əlil  Ayaz Salahbanovu evində ziyarət ediblər. Səhhətində yaranmış problemlə əlaqədar Ayaz Salahbanov Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına müraciət etdikdən sonra  ona ürəyindən əməliyyat olunmasının vacibliyi bildirilib. O, İcbari Tibbi Sığortanın xətti ilə Gəncə şəhərində ürəyindən açıq əməliyyat olunduqdan sonra evinə qayıdıb.

Qazinin səhhəti, ehtiyacları, problem və qayğıları ilə maraqlanan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, dövlətimizin başçısı cənab İlham Əliyevin tapşırığına əsasən Qarabağ müharibəsi şəhidlərinə, qazilərə, veteranlara daim diqqət və qayğı göstərilir. Döyüşlərdə şücaət göstərən, ölümdən qorxmayan, torpaqlarımızın qorunmasında, azad olunmasında xidmətləri olan hər bir vətən övladı xalqımızın sevgisini qazanıb. Qazi Ayaz Salahbanova cansağlığı arzulayan şəhər rəhbəri, ona bundan sonra da yardım və qayğı göstəriləcəyini diqqətə çatdırıb.

Söhbət əsnasında  qazi Ayaz Salahbanov dövlətimizin başçısı tərəfindən göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını bildirərək qeyd edib ki, yaşadığım bu mənzil mənə məhz Prezidentimiz tərəfindən verilib.

                            Zabit XƏLİLOV,

                            “Respublika”.