Misir: Afrika qitəsinə açılan qapı
Siyasət

Misir: Afrika qitəsinə açılan qapı

Azərbaycanın bu ölkə ilə münasibətləri yeni müstəviyə keçir

"Əminəm ki, sizin səfəriniz Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcəkdir. Biz bu gün həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə bir çox məsələləri müzakirə etdik və gələcək əməkdaşlıq haqqında vahid mövqeyə gəldik - bu əməkdaşlıq dərinləşdirilməlidir və genişləndirilməlidir. Bunun üçün bütün imkanlar var və bugünkü səfər bunu bir daha təsdiqlədi".

Dövlət başçısı İlham Əliyev bu fikirləri yanvarın 28-də Azərbaycanda səfərdə olan Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi ilə birgə mətbuata etdiyi bəyanatda bildirmiş, iki ölkə arasındakı münasibətlərdən danışmış, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birini hər zaman dəstəklədiyini diqqətə çatdırmışdır.

Diplomatik əlaqələrin qurulmasından ötən 30 il müddətində Azərbaycana gələn Misirin ilk dövlət başçısı olduğundan məmnunluq duyduğunu deyən Prezident Əbdülfəttah Əs-Sisi Azərbaycanın qazandığı uğurları diqqətə çatdırmış, ikitərəfli və çoxtərkibli görüşlərdə tərəflər arasında danışıqların yüksək səviyyədə keçdiyini vurğulamışdır.

Tarixən bir-birilə dostluq və qardaşlıq münasibətlərində olan Azərbaycan və Misir ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra daha da yaxınlaşmış, iki ölkə arasındakı münasibətlər dinamik şəkildə inkişaf etdirilmişdir. Şübhəsiz ki, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana rəsmi səfəri ölkələrimiz arasındakı əlaqələrin inkişafına böyük təkan verəcəkdir. Səfər çərçivəsində imzalanmış bir sıra sənədlər göstərir ki, Azərbaycan çoxqütblü xarici siyasət yürütmək istiqamətində uğurla irəliləyir. Yaxın Şərqin, eləcə də Ərəb dünyasının əsas dövlətlərindən olan Misirlə əlaqələrin inkişaf etdirilməsi müsbət xarakter daşıyır. Misir Prezidentinin ölkəmizə səfəri bir daha göstərdi ki, Azərbaycanın Avropada və Şərqdə gedən proseslərdə rolu artıb, nüfuzu güclənib. İndi bu bölgəyə maraq çoxalıb. Həmişə bir sıra beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini müdafiə edən Misir bölgədəki vəziyyəti daha dərindən öyrənmək, Azərbaycanla ticari-iqtisadi əlaqələri yaxşılaşdırmaq istəyir. Bu da təbiidir. Çünki Avropanın Azərbaycana münasibətindəki iqtisadi və geosiyasi amillər bu bölgənin yaxın vaxtda diqqət mərkəzində olacağından xəbər verir. Misir dövləti də bu prosesdən faydalanmaq, Azərbaycanla, eləcə də Türkiyə ilə münasibətlərə yeni müstəvidən yanaşmaq istəyindədir.

Dövlət başçısı İlham Əliyevin rəsmi görüşdəki çıxışında səsləndirdiyi fikirlər də bunu təsdiq edir: "Əminəm ki, bizim ikitərəfli əlaqələrimizin uğurlu inkişafı xalqlarımız və dövlətlərimiz üçün çox faydalı olacaq. Eyni zamanda, yerləşdiyimiz bölgələrə də əlavə sabitlik gətirəcəkdir. Çünki sabitlik olmadan heç bir ölkə uğurla inkişaf edə bilməz".

Azərbaycanla Misir Ərəb Respublikası arasında diplomatik əlaqələrin qurulmasından artıq 32 il keçir. Belə ki, Misir Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 26-da tanıyıb. 1994-cü ildə BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Qahirədə işgüzar səfərdə olan ümummilli lider Heydər Əliyev Misir Prezidenti Hüsnü Mübarəklə görüşmüş, bu görüş Azərbaycan-Misir münasibətlərinin möhkəmləndirilməsi və əməkdaşlığın yeni perspektivlərinin müəyyənləşdirilməsi üçün böyük əhəmiyyət kəsb etmişdir.

2007-ci il mayın 6-8-də Azərbaycan Prezidenti İlham Əliyev Misirdə rəsmi səfərdə olub. Dövlət başçısı MƏR-in Prezidenti Hüsnü Mübarəklə görüşüb. Səfər çərçivəsində Prezident İlham Əliyevin, eyni zamanda "Əzhəri-Şərif"in şeyxi Məhəmməd Tantavi, parlament sədri Əhməd Fəthi Şürur, baş nazir Əhməd Nazif, Beynəlxalq Əməkdaşlıq naziri Faizə Əbu ən-Nəcə, neft naziri Samih Fəhmi, Ərəb Dövlətləri Liqasının (ƏDL) Baş katibi Əmr Musa ilə görüşü olub. Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi, misirli iş adamlarının Azərbaycana sərmayə qoyulmasına cəlb edilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Həmçinin, Azərbaycan ilə ƏDL arasında əməkdaşlığın vəziyyəti, bu əlaqələrin genişləndirilməsi müzakirə olunmuşdur. Dövlət başçısı ƏDL-ə üzv ölkələrin səfirləri ilə də görüşmüşdür. Dövlət başçısının MƏR-in Baş naziri Əhməd Naziflə görüşündə iki ölkə arasında müxtəlif sahələri əhatə edən 12 sənəd imzalanmışdır. Səfər çərçivəsində Prezident İlham Əliyev may ayının 7-də Misirin Yaxın Şərq Xəbərləri Agentliyinin (MENA) idarə heyətinin sədri və baş redaktoru Abdulla Həsənə Misirə rəsmi səfəri zamanı keçirdiyi görüşlərin nəticələrinə dair müsahibə vermişdir.

2022-ci il fevralın 25-də Bakıda Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclası keçirilib və bir sıra sənədlər imzalanıb.

MƏR Prezidentinin Azərbaycana səfəri çərçivəsində prezidentlərarası keçirilən görüşlərdə dövlət başçımız BMT-də islahatların aparılmasının zəruriliyindən də danışıb, qeyd edib ki, indiki dünya düzənində buna ehtiyac var. Hazırkı siyasi vəziyyət, Rusiyanın bu təşkilatdakı tormozlayıcı rolu da bunu sübut edir. Öz mövqeyini ciddi arqumentlərlə əsaslandıran Azərbaycan lideri qeyd edilən məsələyə münasibətdə Misirlə ölkəmizin mövqelərinin üst-üstə düşdüyünü də deyib.

Mətbuata bəyanatında Misir Prezidenti Əbdülfəttah Əs-Sisi prezidentlər arasında keçirilən görüşlərdə müzakirə olunan məsələlərdən danışarkən Misirin xarici investorlar qarşısında mövcud maneələrin aradan qaldırılması, onlar üçün şəraitin yaradılması istiqamətində son doqquz il ərzində əldə etdiyi bütün təcrübələri Azərbaycan tərəfi ilə bölüşməyə hazır olduqlarını deyib: "Misirin Afrika qitəsinə qapı rolunu oynadığını nəzərə alaraq, ölkələrimiz arasında azad ticarət sahəsində imzalanmış sazişlərin vacib əhəmiyyət kəsb etdiyini vurğuladıq. Eyni zamanda, Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa hava əlaqəsinin olmasını xüsusi qeyd edərək, iki ölkə arasında birbaşa reyslərin sayının çoxaldılmasının vacibliyini, bunun iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığımıza töhfə verəcəyini bildirdim", - deyən Misir Prezidenti Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əlaqələri dəstəklədiklərini və bundan sonra da dəstəkləyəcəklərini vurğulayıb.

Bəli, bu gün dünya ölkələri Azərbaycanla əməkdaşlıq etməyə can atır. Bu isə ölkəmizdə həyata keçirilən müdrik və uğurlu xarici siyasət kursunun nəticəsidir. Azərbaycan-Misir münasibətləri də bu fonda yeni müstəviyə keçir.

Zümrüd QURBANQIZI,

"Respublika".