Yüksək etimadın təsdiqi
Siyasət

Yüksək etimadın təsdiqi

Seçicilərin 92,12 faizinin dövlət başçısı İlham Əliyevə səs verməsi buna əyani sübutdur

Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə səhiyyə sahəsində xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə "Əməkdar həkim" fəxri adına layiq görülən Fazil Əzizovla söhbətimiz növbədənkənar prezident seçkilərindən əvvəl olmuşdu. Dövlət başçısı İlham Əliyevin növbəti dəfə də xalqın yekdil səsi ilə prezident seçiləcəyini konkret faktlarla əsaslandıran həkim bunu Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində Azərbaycanın bütün sahələr üzrə dinamik inkişafı ilə əlaqələndirdi.

Bildirdi ki, dövlət başçısı İlham Əliyev isə bu kursun ən layiqli varisi olmaqla bütün fəaliyyəti boyu xalqın yüksək etimadını doğruldub və 2003-cü ildən başlanan prezidentlik dövründə Azərbaycan çoxəsrlik tarixində ən böyük uğurlara imza atıb, inkişaf durmadan davam edir. Bunu görən xalqımızın seçkidə fəallıqla iştirak etməsi və seçimini 92,12 faiz səslə bir daha müəyyənləşdirməsi hər kəsə bəlli oldu. Bu reallığı ölkəmizin bütün regionlarında olduğu kimi, Ağsu rayonunun sakinləri də yüksək qiymətləndirir. 1941-1945-ci illər müharibəsinin ikinci dərəcəli əlili olan atam Əziz Əzizov həmişə bu barədə ətraflı danışardı. Həyatın ağrı-acısını gördüyündən deyərdi ki, Azərbaycanın bir çıxış yolu var: Heydər Əliyevin müdrik siyasətinə sadiq qalmaq və həyata keçirilməsinə fədakarlıqla çalışmaq.

Əməkdar həkim 1969-cu ildən sonra qazanılan uğurlar və inkişaf barədə qürurla danışaraq bunu Heydər Əliyevin hakimiyyətə gəlişi ilə əlaqələndirirdi. Dedi ki, atam Ümummilli Liderlə dəfələrlə görüşdüyünü, dəyərli tapşırıqlarını dilindən eşitdiyini və buna zərbəçi əməyi sayəsində cavab verdiyini son gününə qədər xoş təəssüratla danışardı və bunu hər kəsə müqəddəs varlıq kimi vəsiyyət edərdi.

Tələbəlik dövründə Ulu Öndər Heydər Əliyevlə görüşünü vurğulayan Fazil həkim qeyd etdi ki, 1975-1981-ci illərdə Azərbaycan Tibb İnstitutunda müalicə-profilaktika fakültəsində təhsil alırdım. Həmin dövrdə instituta Qırmızı Əmək Bayrağı ordeni təqdim olunan mərasimdə mən də iştirak etmişəm, Ulu Öndərin dəyərli tövsiyələrini dinləmişəm və bu günə qədər ona əməl etməyə çalışıram.

Müstəqilliyimizin ilk illərində xalqımızın qarşılaşdığı problemlərə toxunan Əməkdar həkim qeyd etdi ki, həmin dövrdə dövlətçiliyimiz parçalanmaq təhlükəsilə üzləşmişdi. Belə bir taleyüklü məqamda xalqımız birliyini və müdrikliyini sübut etməklə Azərbaycanı bu bəlalardan qurtarmaq və inkişafına zəmin yaratmaq üçün Heydər Əliyevin hakimiyyətə qayıdışını yekdilliklə xahiş etdi. Mən də Yeni Azərbaycan Partiyasının yarandığı ilk günlərdən üzvü olaraq bu hadisələrdə fəallığımla seçilməyə çalışmışam. Belə ki, partiyanın rayon təşkilatının təsis konfransında iştirak edən 3 həkimdən biri olmuşam və bu günə qədər bununla fəxr edirəm. Yaxşı yadımdadır, Ulu Öndər 1993-cü ildə hakimiyyətə qayıdanda xalqımızın hər bir vətənpərvər övladı kimi xəstə olan atam da xeyli sevindi ki, ölkəmiz bundan sonra da inkişaf edəcək və xalqımızın həyat tərzi durmadan yaxşılaşacaq.

Ümummilli Lider Heydər Əliyevin ən layiqli siyasi varisi İlham Əliyevin 2003-cü ildən seçicilərin yekdil səsi ilə prezident kimi fəaliyyətə başladığına toxunan Fazil həkim xalqımızın bu illər ərzində qazandığı tarixi uğurları vurğuladı. Qeyd etdi ki, ölkəmizin bütün sahələr üzrə inkişafı, 44 günlük müharibədə qələbəsi, 23 saatlıq antiterror tədbirləri və qısa vaxtda bitən son "qisas əməliyyatı" tarixi inkişafımızın ən böyük şanlı səhifələri oldu. Bir həkim kimi mən də Vətən müharibəsində qələbəmizə dəstək olmaq üçün 180-dən çox yaralı əsgərimizi müalicə etmişəm. Dövlət başçımızın göstərişi ilə rayonda yeni tikilən müasir tipli xəstəxanada əhaliyə yüksək tibbi xidmət göstərməyə çalışıram. Çünki növbədənkənar prezident seçkilərinin yüksək fəallıq şəraitində tam şəffaf keçirilməsi və seçicilərin 92,12 faiz səslə İlham Əliyevin Prezident seçilməsi xalqımızın müdrik lideri olan qalib dövlət başçısına yüksək etimadının növbəti göstəricisi olmaqla hər birimizin üzərinə düşən məsuliyyət hissini artırır.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".