“Mobil notariat” tətbiqində yeni xidmətlər
Sosial həyat

“Mobil notariat” tətbiqində yeni xidmətlər

“Mobil notariat” tətbiqinin istifadəçiləri 120 minə yaxındır. Hazırda tətbiq vasitəsilə həyata keçirilən gündəlik notariat hərəkətlərinin sayı 400-ü keçib.

Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin məlumatına görə,  avqust-sentyabr aylarında “Mobil notariat” tətbiqinə yeni xidmətlər əlavə olunacaq. Belə ki, avqust ayının sonunda azyaşlıların pasport almasına dair valideynlərin razılıq ərizələri və yaşayış sahəsi üzrə qeydiyyata alınma üçün mənzil sahibinin razılıq ərizəsi mobil qaydada rəsmiləşdirilməsi mümkün olacaq. Eyni zamanda vətəndaşlar “Mobil notariat” tətbiqi vasitəsilə qəbula yazılacaq və qeyd edilən vaxtda notariusa gələrək növbə gözləmədən xidmətlərdən istifadə edə biləcəklər.

Daha bir yenilik isə gələcəkdə səyyar notarius xidmətinin də tətbiqi planlaşdırılır. Bu xidmət vasitəsilə vətəndaşlar iş vaxtından sonra notarius xidmətindən istifadə edə biləcəklər.

Qeyd olunur ki, COVİD-19 virusu pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən kompleks tədbirlər, elan edilmiş xüsusi rejim qaydaları, habelə sosial güzəştlərin tətbiqi üzrə ölkə başçısının tapşırıqlarından irəli gələrək pulsuz dərmanların alınması üçün verilən etibarnamələrin notariat qaydasında təsdiqi ödənişsiz həyata keçirilir. Həmin etibarnamələr barədə dərman vasitələrinin satışını həyata keçirən aptek təşkilatlarının məlumatlandırılması üçün aparılmış əməliyyatlar barədə məlumat Səhiyyə Nazirliyinin informasiya sisteminə göndərilir.

“Mobil notariat”da banklarda istifadə üçün də etibarnamə veriləcək. Bank sektoruna və vətəndaşlara yaradılan rəqəmsal imkanlar, mobil ədliyyə xidmələri  vasitəsilə vətəndaş olduğu yerdən videoyazı ilə bankda təmsilçilik üçün etibarnamə verə bilər. “Elektron etibarnamələrin yoxlanması da mobil tətbiqlər vasitəsilə mümkündür. Sənəd elektron formada rəsmiləşdirilir.   

Heydər Əliyev Beynəlxalq Aeroportunda yetkinlik yaşına çatmayan şəxslərin ölkəni tərk etməsinə dair valideynlərin verdiyi razılıq xidməti də artıq tətbiq vasitəsilə mümkün olur. Bu əməliyyat bir neçə ildir ki, aeroportdakı köşk vasitəsilə icra edilir.  Vətəndaş günün istənilən saatında, istənilən yerində mobil tətbiq vasitəsilə yetkinlik yaşına çatmayan şəxsin özü ilə getməsinə dair ərizələri rəsmiləşdirə bilər. Həmin rəsmiləşdirilmiş razılıq ərizələri dərhal elektron formada sərhəd xidmətinə də ötürülür.

Bəybala  BƏYBALAYEV,

“Respublika”.