Novosibirsk şəhərində dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyi
Diaspora

Novosibirsk şəhərində dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyi

Azərbaycanın zəngin dövlətçilik və inkişaf tarixinin ən parlaq və şərəfli dövrü ümummilli lider Heydər Əliyevlə bağlıdır. Ulu öndərin adı bütün varlığını doğma xalqına xidmətə həsr edən müdrik siyasətçi və dövlət rəhbəri kimi Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılıb. Bu gerçəklik möhkəm əsaslara söykənən dövlətçilik, azərbaycançılıq ruhunun, ideologiyasının bariz təcəssümü olaraq şanlı tariximizə fəxarət hissi ilə yazılıb. Heydər Əliyev xalqımızın milli-ideoloji baxışlarını bilavasitə azərbaycançılıq siyasəti ilə sintezləşdirərək, dövlətimizin və dövlətçiliyimizin möhkəm təməllər üzərində bərqərar olmasını təmin etmişdir.

Rusiya Federasiyasının Novosibirsk şəhərində ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Yığıncaqda bu şəhərdə yaşayan həmvətənlərimiz, qonaqlar, KİV nümayəndələri iştirak ediblər.

Yubiley tədbirində çıxış edən baş konsul Şöhrət Mustafayev vurğulayıb ki, XX əsrin 90-cı illərində dövlətçiliyini bərpa edən, azadlığına qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması məhz ümummilli lider Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan Heydər Əliyev cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin siyasi və nəzəri əsaslarını irəli sürdü. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi. Heydər Əliyev dühasının səyi ilə azərbaycançılıq mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazandı.

Ulu öndər Heydər Əliyevin məşhur bir kəlamı var: "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".

Azərbaycan xalqının böyük oğlu milli-dövlətçilik və azərbaycançılıq məfkurəsinin banisi Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizi ittifaq səviyyəsində önə çıxarmış, Azərbaycan bütün sahələrdə dinamik inkişaf yoluna qədəm qoymuşdur.

Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş yubiley tədbirində Novosibirsk Qanunvericilik Məclisinin sədr müavini, deputat Mayis Məmmədov çıxış edərək bildirib ki, Heydər Əliyevin iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider statusu qazandırıb. Çoxşaxəli və zəngin fəaliyyəti misilsiz insani keyfiyyətləri sayəsində o zəmanəmizin əbədiyaşar dühasına çevrilib. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyimizin təminatçısı kimi qəbul edir.

Ötən illər ərzində Azərbaycanın keçdiyi inkişaf yolu məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmişdir. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Qazanılan bütün nailiyyətlərin əsasında ümummilli lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.

Yubiley tədbirində Azərbaycandan dəvət olunmuş incəsənət ustaları maraqlı proqramla çıxış ediblər.

Qədir ASLAN,

"Respublika".