"Turkic World": "Azərbaycan qlobal iqlim aktını ardıcıl olaraq dəstəkləyir..."
"Turkic World" xəbər saytı Azərbaycan Prezidenti İlham Əliyevin "X" hesabında paylaşdığı fikirlər haqqında xəbər yayımlayıb. Yazıda ölkə başçısının "Azərbaycan qlobal iqlim aktını ardıcıl olaraq dəstəkləyir və enerji səmərəliliyi üzrə müxtəlif tədbirlər həyata keçirir" paylaşımı yer alıb. Paylaşımda qeyd olunur ki, "Təmiz ətraf mühit və yaşıl inkişaf milli prioritetlərimizdəndir. Azərbaycanda bərpaolunan enerji geniş vüsət alır. 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasına evsahibliyi etmək, iqlim dəyişikliyinin öhdəsindən gəlmək üçün qlobal səylərə töhfə vermək bizim qətiyyətimizdən irəli gəlir. Azərbaycanın təklifinə dəyərli dəstəyə görə bütün ölkələrə səmimi təşəkkürümü bildirirəm. Biz COP29-u uğur hekayəsinə çevirmək üçün səylərimizi əsirgəməyəcəyik. Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Mohamed bin Zayed Al Nahyana tədbirin gözəl təşkilinə görə təşəkkür edir və iqlimlə bağlı tədbirləri inkişaf etdirmək üçün birlikdə işləməyi səbirsizliklə gözləyirik".
"Eureporter": Azərbaycanda "Qələbə" seçkiləri keçiriləcək
"Eureporter" xəbər saytı fevral ayında keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı məqalə dərc edib. Milli Məclisin deputatı Məzahir Əfəndiyevin fikirlərinə yer verilən yazıda qeyd edilib ki, 2003-cü ildə Azərbaycanın ictimai-siyasi həyatında əlamətdar hadisə baş verdi.
Ümummilli Lider Heydər Əliyev prezident seçkilərindən çəkildiyini elan etdi və xalqımızı YAP sədrinin birinci müavini İlham Əliyevə səs verməyə çağırdı. O, İlham Əliyevin və Yeni Azərbaycan Partiyasının bundan sonra da xalqımızın rifahı üçün əllərindən gələni əsirgəməyəcəyinə inanırdı.
20 il əvvəl 15 oktyabr Azərbaycanın əlamətdar günlərindən biri kimi tarixə düşdü. Həmin gün Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə, ölkədə sabitliyin qorunmasına səs verdi.
Ümummilli Liderin "Mən ona özüm kimi inanıram" sözlərini əməlləri ilə sübut edən Prezident İlham Əliyev Azərbaycanda yeni dövrün əsaslarını yaradıb, ölkəni möhkəm təməl üzərində qurulmuş strateji hədəflərə doğru aparır.
"Anadolu Agentliyi": Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
"Anadolu Agentliyi" xəbər verir ki, paytaxt Bakıda, Fəxri Xiyabanda anım mərasimi keçirilib. Mərasimdə Prezident İlham Əliyev iştirak edib, atasının məzarı üzərinə əklil qoyub. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı da səfirliyin əməkdaşları ilə birlikdə Heydər Əliyevin məzarını ziyarət edib.
"RT":"2026-cı ilin sonunadək 140 min insanın Qarabağda yerləşdirilməsi planlaşdırılır"
"RT" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində deyib.
Azərbaycan Respublikasının Prezidenti, həmçinin qeyd edib ki, bunun üçün infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsaitin yatırılması vacibdir: "Bununla yanaşı, 30 il işğal altında olmuş bu ərazilərin kənd təsərrüfatı, hidroelektrik enerjisi, günəş və külək enerjisi, turizm kimi sahələrdə böyük potensialı var. Bu, dövlət investisiya proqramının əsas sahəsi olacaq".
"Commonspace.eu": Aİ Ermənistanda monitorinq missiyasındakı məmurlarının sayını 209-a çatdıracaq
Avropa İttifaqının Ermənistandakı missiyasında mülki şəxslərin sayı 138-dən 209-a çatdırılacaq.
"Commonspace.eu" nəşrinin məlumatına görə, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel açıqlama verib. Avropalı rəsmi çıxışında bildirib ki, alyans hazırda Ermənistanla münasibətləri şaxələndirməyə çalışır. Ermənistandakı mülki missiyanın tərkibinin artırılması da bu məqsədə xidmət edir.
Regionda sülhün əldə olunması üçün tarixi şansın yarandığına inandıqlarını qeyd edən Borrel Avropa İttifaqının həm Ermənistan, həm də Azərbaycanla işləyərək bu səylərə dəstəyini davam etdirmək əzmində olduğunu da vurğulayıb.
Qeyd edək ki, Avropa İttifaqı Şurası 2023-cü il yanvarın 23-də missiyanın yaradılması barədə qərar qəbul edib. Aİ-nin Ermənistan-Azərbaycan sərhədində sabitlik və normallaşma səylərinə töhfə vermək üçün təyin etdiyi mülki missiya fevralın 20-də işə başlayıb.
"Respublika".